12px14px16px18px

Əli Əhmədov: “Azərbaycanda bu cür xırdalanmış inzibati ərazi vahidlərinin saxlanılmasına ehtiyac yoxdur”

14:37 / 18.04.2012  
“Regional idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təklifimin əsasında bu idarəetmənin sadələşdirilməsi, regional idarəetmə xərclərinin azaldılması dayanır”. Bunu mətbuata açıqlamasında millət vəkili Əli Əhmədov dilə gətirib. Onun dediyinə görə, Sövet dövründə kiçik rayonların yaradılması özünü doğruldurdu, çünki həmin dövrdə mərkəzləşdirilmiş idarəetmə sisteminə istinad olunurdu. Amma millət vəkili hesab edir ki, Azərbaycanda hazırki dövlət idarəçiliyi cəmiyyət həyatının bütün sahələrinə nəzarət etmir, başqa sözlə, cəmiyyətin bütün sahələri dövlət idarəçiliyinə şamil edilmir: “Beləliklə də, qeyri-mərkəzləşdirilmiş idarəçilik sisteminin mövcud olduğu Azərbaycanda bu cür xırdalanmış inzibati ərazi vahidlərinin saxlanılmasına ehtiyac yoxdur. İndi inzibati ərazi vahidlərinin rəhbərləri çox az sahələrə müdaxilə edirlər, çox az sahələri idarə edirlər. Ona görə də, hazırda əvvəlki dövrlərə şamil oluna biləcək, əvvəlki dövlərdə yaradılmış, –əlbəttə ki, Sovet dövrünü nəzərdə tuturam, – idarəçilik məfkurəsinin və formasının saxlanılması artıq əlavə idarəçilik xərclərini tələb edir və regional idarəçiliyin xeyli dərəcədə mürəkkəbləşməsinə gətirib çıxarır”. Ə.Əhmədov eyni zamanda belə düşünür ki, bu məsələ ölkə Prezidenti tərəfindən dəfələrlə qeyd edilmiş islahatlar konsepsiyasının tərkib hissəsi kimi də nəzərdən keçirilə bilər: “Bu gün Azərbaycanda həyata keçirilən işlər, bütövlükdə, Azərbaycan dövlətinin xeyli dərəcədə qüdrətlənməsinə imkan yaradır ki, tədricən və düşünülmüş şəkildə regional idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində mütərəqqi islahatlar həyata keçirilsin və bunun konsepsiyası hazırlansın”. KAMİL


Bu yazı ( 60 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar