12px14px16px18px

Qüdrət Həsənquliyev: “Nə ABŞ, nə Avropa Birliyi, nə Rusiya Qarabağ probleminin ədalətli həllində maraqlı görünür”

14:37 / 18.04.2012
 “Ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin hazırda sülh yolu ilə həlli mümkünsüz görünür. NATO-nun və “Avronest”in parlament assambleyalarının toplantılarında Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak etmişəm və gəldiyim qənaət budur ki, beynəlxalq təşkilatlar bu münaqişənin ədalətli həllinə maraq göstərmirlər”.Bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev dilə gətirib. Millət vəkilinin dediyinə görə, NATO Parlament Assambleyasının üzvləri hər zaman söyləyirlər ki, Dağlıq Qarabağ məsələsi bu təşkilatın prioritet hesab etdiyi məsələ deyil və onun həllilə ATƏT məşğul olur. Q. Həsənquliyev qeyd edib ki, onlar hətta, bu məsələnin müzakirəsinə belə vaxt sərf etmək istəmirlər: “Avronest” Parlament Assambleyasının Bakıdakı toplantısında da mən təxminən eyni yanaşmanın şahidi oldum. Avropa Parlamentinin nümayəndələri də Dağlıq Qarabağ məsələsinə təxminən eyni münasibət sərgiləyirlər”. Münaqişənin nizamlanması prosesi ilə məşğul olan Minsk qrupunun fəaliyyətinin də sadəcə, Azərbaycanın maraqlarına cavab vermədiyini qeyd edən Q. Həsənquliyev bildirib ki, bu missiyasının əsas hədəfi ölkəmizi məğlubiyyətlə barışdırmaqdır: “Söhbət dünyanın siyasətini müəyyənləşdirən böyük dövlətlərin bu münaqişənin həllində tutduğu mövqedən gedir və hazırda nə ABŞ, nə Avropa Birliyi, nə də Rusiya bu problemin ədalətli həllində maraqlı görünürlər. Onlar sadəcə, hesab edirlər ki, Azərbaycan bir gün ərazi itkilərilə barışacaq. Ona görə də bu dövlətlər ölkəmizə öz torpaqlarını hərbi yolla azad etməkdən çəkindirmək istiqamətində təzyiqlər göstərirlər”. Millət vəkili eyni zamanda vurğulayıb ki, Ermənistan da danışıqlar prosesində öz təcavüzkar mövqeyindən əl çəkmir: “Mənim istər NATO, istərsə də “Avronest” çərçivəsində keçirilən toplantılarda ermənilərlə söhbətlərim olub. Onlar nəinki Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tanımaq istəmirlər, hətta digər rayonların qaytarılması barədə belə düşünmürlər. Ermənilər Rusiyanın razılığı olmadan bu münaqişənin həllinə maraq göstərməyəcəklər. Erməni deputatların özləri də etiraf edirlər ki, Ermənistanda elə bir siyasətçi tapılmaz ki, Rusiyanın iradəsinə qarşı çıxsın və Qarabağ münaqişəsinin həllilə bağlı güzəştli mövqe ifadə etsin. Həmin siyasətçini dərhal məhv edərlər. 1999-cu ildə Ermənistan parlamentinin binasında baş verənləri xatırlayın. Ermənilərin özləri deyirlər ki, o zaman Ermənistanın baş naziri və vitse-spikerin güllələnməsi Rusiyadan izinsiz addım atılmasına bir cavab idi. Erməni siyasətçilər bu gün də həmin şəxslərin aqibətini yaşamaqdan qorxurlar”. Q. Həsənquliyev həmçinin deyib ki, Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün özünə arxalanmalıdır və bu münaqişənin həlli Azərbaycanın öz əlindədir: “Nə ABŞ, nə Avropa Birliyi, nə də Rusiya Dağlıq Qarabağı Azərbaycanın tərkibində görürlər. Avropa ölkələrinin deputatları bizə açıq şəkildə bildirirlər ki, bu münaqişədə Azərbaycan haqlı mövqedən çıxış edir, amma Ermənistan da bizimlə əməkdaşlıq edir, erməni diasporası çox güclüdür və istənilən adama problem yarada bilirlər. Onlar dolayısı şəkildə bildirirlər ki, Azərbaycan bacarırsa, öz torpaqlarını özü işğaldan azad etməlidir”. Azərbaycanın Rusiya ilə münasibətlərinin kifayət qədər gərgin olduğunu vurğulayan millət vəkili sonra bildirib ki, münaqişənin yenildən alovlanacağı təqdirdə İranın və Rusiyanın necə davranacağını proqnozlaşdırmaq mümkün deyil: “Amma buna baxmayaraq, istənilən xalq rəqibinin və onun müttəfiqlərinin nə qədər güclü olub-olmamasından asılı olmayaraq, öz torpaqlarını müdafiə etməlidir. Əlbəttə, Azərbaycan diplomatiyası çalışmalı idi ki, ötən illər ərzində özünə ciddi müttəfiqlər tapsın”. KAMİL


Bu yazı ( 56 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar