12px14px16px18px

Səbail rayonunda Milli Məclislə Avropa Şurasının uşaqlara qarşı zorakılıqla bağlı birgə tədbiri keçirilib

00:07 / 17.04.2012
“Hər gün dünyada orta hesabla 24 min 5 yaşına çatmamış uşaq əsasən qarşısı alınması mümkün olan xəstəliklərdən vəfat edir”. Bu fikri Avropa Şurasının “Uşaqlara qarşı zorakılıq proqramı” çərçivəsində Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində keçirilən “Biz zorakılığa yox deyirik!” mövzusundakı tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dilə gətirib.
Onun sözlərinə görə, ildə təxminən 500 milyon – 1,5 milyard uşaq müxtəlif zorakılığa məruz qalır, 150 milyon 5-14 yaşlı uşaqlar məcburi uşaq əməyinə cəlb olunur, 100 milyondan artıq ibtidai təhsil yaşlı uşaq təhsildən kənarda qalır. İcra başçısı qeyd edib ki, qızların erkən nikaha girməsi də onların sağlamlığına ciddi zərər vurur. Bu gün Azərbaycan əhalisinin 29 faizi, təxminən 2 milyon 800 min nəfərini uşaqlar təşkil etdiyini bildirən A.Əsgərov deyib ki, ölkə rəhbərliyinin səyləri nəticəsində onlara diqqət və qayğı günbəgün artmaqdadır. İcra başçısı buna misal olaraq, Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanunun qəbul edildiyini, 2009-cu ilin “Uşaq ili” elan olunduğunu, 2009-cu ildə Azərbaycan uşaqlarının 1-ci Forumunun keçirildiyini və digər məqamları xatırladıb. Səbail rayonunda yaşayan 93 min 772 nəfərin 26,5 faizini uşaqlar təşkil etdiyini söyləyən A.Əsgərovun qeyd etdiyinə görə, rayonunun orta məktəblərində 21 min 324 uşaq təhsil, uşaq bağçalarında isə 1 790 uşaq tərbiyə alır. Uşaq problemlərinin daim rayon rəhbərliyinin diqqət mərkəzində olduğunu nəzərə çatdıran icra başçısı bildirib ki, son illər Səbail rayonunda kimsəsiz uşaqların uşaq evlərinə verilməsi faktları demək olar ki, tamam azalmaq üzrədir. “Kimsəsiz uşaqlar artıq uşaq evlərinə deyil, ailələrə, qəyyumlara verilir. Eyni zamanda, bu proses ciddi nəzarətdə saxlanılır” – deyə, A.Əsgərov bildirib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurasının “Uşaqlara qarşı zorakılıq proqramı”nın Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva isə ondan öncə çıxış edən natiq kimi bildirib ki, uşaq hüquqları, uşaqlara qarşı zorakılıq məsələsi həmişə dünyanın gündəmində olub. Millət vəkilinin bildirdiyinə görə, bu yöndəki problemlər Azərbaycan cəmiyyətinin və dövlətinin də daim gündəmindədir:
“Azərbaycanda uşaq hüquqlarının qorunması, uşaqlara qarşı zorakılıq hallarının azaldılması istiqamətində böyük işlər görülür. Məhz bunun nəticəsidir ki, Avropa Şurasının dəstəyi ilə Azərbaycanda belə bir proqram reallaşdırılır. Eyni zamanda çox sevindirici haldır ki, bu məsələ ilə bağlı Azərbaycan hökuməti tərəfindən maliyyə vəsaiti ayrılıb. Özü də qeyd edim ki, bu maliyyə yardımı ilk dəfə olaraq, ayrılır” – deyə, S.Fətəliyeva bildirib.
KAMİL




Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar