12px14px16px18px

Hüseyn Əliyev: “Yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi onların inkişafına mənfi təsir edir”

00:06 / 17.04.2012
“Son illər uşaqlar arasında cinsi zorakılıq hallarının artması meyilləri müşahidə olunmaqdadır”. Bunu Bakı Şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hüseyn Əliyev dilə gətirib. H.Əliyevin qeyd etdiyinə görə, uşaqlar arasında cinsi zorakılıq hallarının artmasına səbəb uşaqların, xüsusilə orta məktəb yaşlı uşaqların internetdən, bir sıra sosial şəbəkələrdən tamamilə başqa məqsədlərlə istifadə etmələridir: “Uşaqlar, yeniyetmələr bir çox sosial şəbəkələr – “Facebook”, “Twitter”, “Odnoklassniki” saytlarına girərək, erotika və pornoqrafiyaya baxırlar. Bu isə nəticə etibarilə onların əqli, fiziki, mənəvi inkişafına çox böyük mənfi zərər və təsir göstərir. Xüsusilə də, bu şəbəkələrdən istifadə edən qızlar sonradan cinsi zorakılığa məruz qalırlar və bunun ən ağır forması olan insan alverinin qurbanına çevrilirlər. Ona görə də, bu kimi məsələlər çox ciddi nəzarətdə saxlanılmalı və onlara qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir”.
H.Əliyev həmçinin qeyd edib ki, bu ilin 3 ayı ərzində Bakı şəhərində uşaqlara qarşı zorakılıqla bağlı 184 cinayət faktı aşkarlanıb və bu istiqamətdə istintaq işinə başlanılıb. Onun qeyd etdiyinə görə, bu halların arasında daha çox uşaqların cinsi təcavüzə məruz qalması, onların döyülməsi faktı daha çox üstünlük təşkil edir.
KAMİL




Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar