12px14px16px18px

İlyas İsmayılov: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsini BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilməsinə nail olmalıdır”

00:03 / 17.04.2012
“Rusiya ordusu heç bir halda Dağlıq Qarabağ ətrafındakı müharibəyə qarışa bilməz. Bununla yanaşı, Rusiya ordusunun Qarabağ müharibəsinə müdaxiləsi beynəlxalq hüququn pozulması deməkdir”. Bu açıqlama ilə Milli Məclisin üzvü İlyas İsmayılov Rusiyanın Ermənistan ərazisindəki hərbi bazasında silahlanma və hərbi kontingenti artırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya ordusunun bu müharibəyə müdaxilə etməyəcəyini həm də Rusiyadakı daxili vəziyyət şərtləndirir: “Yəni onu demək istəyirəm ki, rus əsgərlərinin anaları razılaşmayacaqlar ki, onların övladları Qarabağda ermənilərlə yanaşı ölsünlər.
Ümumilkdə, Rusiya ordusunun Qarabağ müharibəsindəki iştirakı ciddi qəbul edilə bilməz. Bu, birmənalı olaraq Rusiyanın təcavüzkarlığı kimi qiymətləndirilər. Belə ki, əgər Azərbaycan işğal edilmiş ərazilərini hərbi yolla azad etməyə qərar versə beynəlxalq hüququ normalarına əsaslanacaq. Hesab edirəm ki, Azərbaycan müstəqil şəkildə işğal edilmiş ərazilərini azad etməlidir. Keçən 20 illik dövr göstərdi ki, ATƏT Dağlıq Qarabağ problemini həll etməyə qadir deyil. Çünki həmin beynəlxalq təşkilat tərəfindən qəbul edilən qərarlar tövsiyəedici xarakter daşıyır və dövlətlər üçün öhdəçilik yaratmır. Buna görə də Ermənistan tərəfi müstəqil şəkildə bu tövsiyələri yerinə yetirməyə razılaşmayacaq”.
İ.İsmayılov deyib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilməsinə nail olmalı və bunu BMT-nin Qarabağla bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi ilə əsaslandırmalıdır: “Əks halda Azərbaycan işğal edilmiş ərazilərini müharibə yolu ilə geri qaytarmalıdır. Düzdür, bununla əlaqədar olaraq beynəlxalq arenada əlbəttə ki müəyyən qalmaqal yaranacaq.Lakin beynəlxalq hüquqa əsasən baş verə biləcək müharibə zamanı dünyanın heç bir dövlətinin buna müdaxilə etməyə haqqı yoxdur. Axı Azərbaycan torpaqlarının işğal edilməsi faktı beynəlxalq təşkilatın sənədləri ilə təsdiq edilib”.
Millət vəkili deyib ki, ilk növbədə Azərbaycan müharibənin yenidən başlaması halında mümkün müdaxilənin qarşısını almaq üçün diplomatik yollara baş vurmalıdır: “Bununla yanaşı nəzərə almaq lazımdır ki, Azərbaycan və Rusiya dövlətləri arasında normal münasibətlər var. Bu da Rusiyanın Qarabağ müharibəsinə cəlb edilməsi riskinin diplomatik yolla həll etməyə əsas verir.
Cənubi Qafqaz regionunda xarici hərbi bazaların olması təhlükəni artırır. Regionda silahlanma və çoxsaylı hərbi kontingentin yerləşdirilməsi böyük təhlükə mənbəyidi. Həm də bu cür qüvvələrin Ermənistanda yerləşdirilməsinə lüzum yoxdur. Ermənistanla qonşu olan heç bir dövlət ona hücum etmək niyyətində deyil. Məsələn, Türkiyə Ermənistanla bağlı ərazi iddiasında deyil. Əksinə Ermənistan özü Türkiyəyə qarşı ərazi iddiasındadır”.
PƏrvanƏ




Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar