12px14px16px18px

Millət vəkili Avropa Şurasına kəskin etirazını bildirdi

00:01 / 17.04.2012
“Uşaq hüquqları ilə bağlı məsələdə Avropa Şurasının (AŞ) Azərbaycana yanaşmasını səmimi hesab etmirəm”. Bunu jurnalistlərlə söhbətində Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova dilə gətirib. Millət vəkilinin bildirdiyinə görə, Azərbaycanda uşaq hüquqları, uşaqlara qarşı zorakılıq halları ilə bağlı bir o qədər də ciddi narahatçılıq doğuran problemlər yoxdur: “Bizdə problem başqadır. Bizdə uşaqların öz vətənlərində yaşamaq hüququnun, təhsil almaq hüququnun əlindən alınması problemi var. Bildiyiniz kimi, Azərbaycanda 20 ildən artıqdır ki, müharibə gedir və bunun nəticəsində minlərlə uşağımız, şagirdimiz öz torpaqlarında yaşamaq, öz doğma yurd yerlərində təhsil almaq hüququndan məhrum olublar”. O qeyd edib ki, yüzlərlə, minlərlə uşağımız, məktəblimiz, şagirdimiz erməni təcavüzkarlarının, faşistlərinin qurbanı olublar, əsir və girov götürülüblər, qətlə yetiriliblər.
“Bu gün uşaq hüquqları ilə bağlı danışarkən Avropa Şurası məhz bu məsələyə diqqət yetirməlidir. Ancaq çox təəssüf olsun ki, AŞ tərəfindən reallaşdırılan “Uşaqlara qarşı zorakılıq” proqramı çərçivəsində keçirilən tədbirlərdə, müzakirələrdə bu haqda bir kəlmə belə olsun danışılmır, narahatçılıq doğuran problemlər dilə gətirilmir”. E.Axundova vurğulayıb ki, bizdə uşaqlara qarşı hələ erkən vaxtlarından çox isti, xoş münasibət var: “Biz azərbaycanlılar olaraq, uşaqlarımızı öz himayəmiz altında böyütməyə çalışırıq. Düzdür, uşaqlarla bağlı xırda-para problemlər var, necə ki dünyanın hər yerində bu yöndə dəhşətli problemlər mövcuddur, amma yaxşı olardı ki, Avropa Şurası qeyd etdiyim bu problemləri, bu məqamları diqqətə çatdıraydı və onların həlli istiqamətində ciddi səylər ortaya qoyaydı. Odur ki, mən AŞ-nın bu məsələ ilə bağlı səylərini səmimi qəbul etmirəm və onların timsalında bütün beynəlxalq təşkilatlara öz kəskin etirazımı bildirirəm”.
KAMİL




Bu yazı ( 114 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar