12px14px16px18px

Əli Əhmədov: “Xaricdə olan qüvvələrin Azərbaycana qarşı təbliğat aparması ədalətsizlikdir”

00:16 / 14.04.2012

“Azərbaycan yalnız mədəni cəhətdən deyil, həm də iqtisadi baxımdan sürətlə inkişaf edir. Ölkəmizdə müəyyən maraqları olan qurumlar da, təbii ki, Azərbaycanın mövqelərinin möhkəmlənməsini bəzi hallarda həzm edə bilmirlər və bu da reallıqlardan biridir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov dilə gətirib. Onun sözlərinə görə, odur ki, bu fürsətdən istifadə edib Azərbaycan əleyhinə kampaniya aparmaq istəyən qruplar, qüvvələr meydana çıxıb: “ Bunlar real olaraq var və bu fürsətdən faydalanmaq istəyirlər. Bu gün Azərbaycan haqda ölkəmizin həqiqətlərini əks etdirməyən, əksinə, böhtan və şərə əsaslanan yazıların yazılması, anti-Azərbaycan təbliğatının aparılması həm də bunlarla əlaqədardır. Çox təəssüf hissi ilə qeyd edirəm ki, vacib bir mədəni kampaniyaya – “Eurovision”a kimlərsə siyasi don geydirir, onu siyasiləşdirməyə çalışır və bundan Azərbaycana qarşı bir təsir vasitəsi kimi faydalanmaq istəyirlər. Amma məni, hər bir vətəndaşı bundan da artıq narahat edən amil var. Bu da ondan ibarətdir ki, Azərbaycana qarşı təbliğat kampaniyası aparan bəzi kənar dairələrin hərəkətlərinə ölkənin daxilindən də bəzi siyasi partiyalar, onların təmsilçiləri dəstək verirlər”.Ə.Əhmədov qeyd edib ki, eyni motivlər əsasında Azərbaycanda keçiriləcək mahnı müsabiqəsi ilə bağlı tənqidlər, böhtanlar və qarayaxmalar ortaya qoyulur: “Çox qəribədir ki, burada ciddi sinxronluq müşahidə olunur. Azərbaycanın daxilində bu kampaniyanı aparan bəzi siyasi partiyaların, QHT-lərin təbliğatları, hərəkətləri ilə xaricdə bu məsələdə Azərbaycana böhtan yağdıran qüvvələrin hərəkətlərində, kampaniyalarında çox ciddi oxşarlıq, sinxronluq var. Sanki bunların hamısı bir mərkəzdən idarə olunur. Hesab edirəm ki, bu, xoşagəlməz haldır. Xaricdə olan qüvvələrin Azərbaycana qarşı təbliğat aparması haqsızlıq, ədalətsizlikdir. Amma Azərbaycanda olan bəzi insanların, qrupların, təşkilatların ölkəmizə qarşı aparılan və müxtəlif çirkli məqsədlərə hesablanmış kampaniyalarda iştirak etmələri bir vətəndaş olaraq bizi ciddi narahat edir. Bunu təəssüf hissi ilə qeyd edirəm”.
KAMİL




Bu yazı ( 192 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar