12px14px16px18px

Səməd Seyidov: “Ermənistanın Azərbaycana qarşı atdığı provakativ addımlar tendensiya xarakteri alıb”

00:16 / 14.04.2012

“Son zamanlar Ermənistanda gedən proseslər daha çox hansısa siyasi məqamları özündə ehtiva etmir, provakativ xarakter daşıyır.
Bu barədə jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O deyib kki, bunu son hadisələrdə, yəni Ermənistanda Azərbaycan film festivalının keçirilməsinin qarşısının alınmasında, Xankəndində aeroportun tikilməsi, Avropa Şurasının Qarabağa dair yaratdığı komitəyə ermənilərin gəlməmələrində gördük.
S.Seyidov Ermənistanın “Euroviziya” festivalına qatılmaqdan imtina etməsinin başadüşülməz olduğunu bildirib: “Bu yaxınlarda Bakıda keçirilən Avronestin tədbirində Ermənistandan 12 deputat gələ bilir, “Euroviziya” müsabiqəsinə isə bir müğənni göndərə bilmirlər. Niyə? Ona görə ki, provakasiya ilə məşğuldurlar. Bu, tendensiya xarakteri alan bir məsələdir”.
Millət vəkili hesab edir ki, Ermənistan öz siyasətində artıq məntiqdən, konkret beynəlxalq qanundan, dünyada qəbul olunmuş davranış normalarından imtina etməyə başlayır və provakativ davranış göstərir, addımlar atır.
Bunun təsadüfi olmadığını deyən millət vəkili iki səbəb göstərib: “Birincisi budur ki, onlar danışıqlar prosesində yavaş-yavaş uduzmağa başlayıblar. Real, normal arqumentlər ortaya qoya bilmirlər. Bu, çox vacib və bizim xeyrimizə işləyən bir məqamdır. Ona görə ki, dünya çox gözəl bilir harda məntiqdir, harda provokasiyadır. İkinci və təhlükəli məsələ isə ondan ibarətdir ki, Ermənistan müstəqil olmayan bir dövlət kimi bu yola əl atırsa, deməli arxasında dayanan qüvvələr onu təhrik edir”.
S.Seyidov son vaxtlar cəbhə xəttində də, beynəlxalq səviyyədə də ermənilər tərəfindən provokasiyaların artdığını deyib.
“Deməli, bunlar hansısa məqamda düşünürlər ki, provokativ yolla Azərbaycana qarşı hansısa addımları atıb, sonra bunu dünyaya bunu bəyan etsinlər. Biz bunu bilməli, agah olmalıyıq. Bizim yolumuz düzdür, məntiqimiz möhkəmdir, Azərbaycan beynəlxalq qanunun tərəfindədir, beynəlxalq qanun da Azərbaycanın tərəfindədir”.
Millət vəkili onu da deyib ki, Avropa Şurası Parlament Assambleyasının(AŞPA) hər bir sessiyası Azərbaycanla bağlı məsələlərin, xüsusilə Qarabağ probleminin qaldırılması üçün bir imkandır.
O bildirib ki, bu ayın sonunda Strasburqda keçiriləcək AŞPA-nın yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməsə də, Qarabağ və digər məsələlər sessiyanın gedişində qaldırılacaq: “Bunun Komitə, partiya, yaxud siyasi müzakirələr səviyyəsində qaldırılması artıq bizdən asılı olacaq. Amma ölkəmizin öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı müzakirələr gələn ilin yanvarına kimi davam edə bilər”.
Millət vəkili deyib ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə müzakirələr böyük ehtimalla 2013-cü ilin yanvar ayında gözlənilir.
S.Seyidov deyib ki, bunun üçün AŞPA məruzəçiləri gələn ay ikinci dəfə Azərbaycana gələcəklər, onlar məruzə hazırlamalıdırlar. Millət vəkili deyib ki, məruzənin hazırlanması ən azı 2013-cü ilin yanvar sessiyasına gözlənilir.
O bildirib ki, Azərbaycan AŞPA qarşısında üzərinə götürdüyü və yerinə yetirmədiyi cəmi iki öhdəlik qalıb. Bunlar alternativ xidmət və Dağlıq Qarabağ münaqişəsidir: “Bunlar bir-biri ilə bağlı məsələlərdir. Gərək müharibə bitsin ki, alternativ xidmət real şəkildə gündəmə gəlsin, Qarabağla bağlı öhdəlik tək Azərbaycanın yox, Ermənistanın da öhdəliyidir. Ermənistan isə Dağlıq Qarabağ məsələsinin həllinə qəsdən məhəl qoymur”.
S.Seyidov deyib ki, Azərbaycan münaqişənin tez həllini, alternativ xidmətə keçidi və bununla da post-monitorinq səviyyəsinə keçidi istəyir. Amma Ermənistan bunu istəmir, ona görə də Qarabağ münaqişəsinin həllində konstruktivlik göstərmir və göstərmək niyyətində deyil”.
PƏRVANƏ



Bu yazı ( 179 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar