12px14px16px18px

BAXCP işğal olunmuş ərazilərlə bağlı qanunun qəbul olunmasını təklif edir

00:07 / 14.04.2012

“İşğal edilmiş ərazilər haqqında” qanun layihəsi hələ bir il öncə BAXCP tərəfindən hazırlanıb və Milli Məclisə təqdim olunub. Bunu mətbuata açıqlamasında BAXCP funksioneri, sözügedən qanun layihəsinin müəllifi Elçin Mirzəbəyli bəzi millət vəkilləri tərəfindən bu məsələ ilə bağlı yeni qanunvericilik aktının hazırlanacağı yönündə mediada yer alam məlumatlara münasibətini bildirərkən dilə gətirib. Onun dediyinə görə, artıq xeyli müddətdir təqdim etdikləri layihə ilə bağlı fikirlər səslənir, eyni zamanda yaxın günlərdə bir sıra millət vəkilləri tərəfindən də oxşar layihələrin təqdim olunacağı söylənilir: “Həzərinizə çatdırım ki, anoloji qanun 2008-ci ildə məlum avqust hadisələrindən sonra Gürcüstan parlamenti tərəfindən qəbul olunub. Qanun layihəsini işləyərkən əsasən məhz Gürcüstanda qəbul edilən sənədi əsas götürdük. Bununla belə bizim layihədə bir sıra ciddi prinsipial fərqlər var. Gürcülərin qəbul etdiyi qanun layihəsi qısa məzmunludur və konkret olaraq Cənubi Osetiya və Abxaziya kimi separatçı bölgələri əhatə edir. Lakin biz Azərbaycanın işğal olunmuş ərazilərilə bağlı yaranmış situasiyanın Gürcüstandan kifayət qədər fərqli olduğu və burada təkcə separatizm amilini deyil, həm də işğal amilini də nəzərə almaqla qanun layihəsini daha geniş səpkidə işlədik. 12 maddədən ibarət qanunun əsas məqsədi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin statusunu müəyyənləşdirməkdən və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqini təmin etməkdən ibarətdir”.
E. Mirzəbəyli bildirib ki, qanunun fəlsəfəsi işğal edilmiş ərazilərdə hüquqi rejimi, statusu müəyyənləşdirməkdən ibarətdir, yəni, qanun qüvvədə olan müddətdə işğal edilmiş ərazilərdə fövqəladə rejim və sərbəst hərəkətin məhdudlaşdırılması nəzərdə tutulur: “Eyni zamanda iqtisadi fəaliyyət istiqamətləri, daşınmaz əmlakla bağlı müqavilələrdə də hüquqi rejimin tətbiqi burada öz əksini tapıb. İşğal edilmiş ərazilərdə hərəkət də məhdudlaşdırılmalıdır. Qanunda xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin hansı hallarda işğal olunmuş ərazilərə gəlməsinə icazə verilməsi öz əksini tapıb. Azərbaycanla vizasız gediş-gəlişi olmayan ölkələrin vətəndaşları ölkənin Xarici İşlər Hazirliyi və diplomatik nümayəndəliklərindən müvafiq qaydada viza almaqla işğal olunmuş ərazilərə yalnız Azərbaycanın ərazisindən keçməklə gedə bilər.
Ölkəmizlə vizasız gediş-gəlişi olan MDB dövlətlərinin vətəndaşları isə sözügedən ərazilərə yalnız Azərbaycanın xarici işlər, daxili və müdafiə nazirliklərinin razılığı əsasında Azərbaycan ərazisindən istifadə etməklə gedə bilərlər. Bu hüquqi prosedurlar pozulduqda isə həmin şəxslər Cinayət Məcəlləsinə uyğun şəkildə cəzalandırılmalıdır. İşğal edilmiş ərazilərə səfərlər isə yalnız Azərbaycan dövlətinin maraqlarına, münaqişənin sülh yolu ilə tənzimlənməsi, işğala son qoyulması və humanitar niyyətlərə xidmət etdiyi halda mümkündür”.
Qanunda ilk dəfə olaraq işğal edilmiş ərazilərdə mülkiyyət hüquqları məsələsinin də yer aldığını deyən E. Mirzəbəyli bu amilin xüsusi önəm daşıdığını söyləyib: “Layihədə münaqişənin həllindən sonra qaçqın və köçkünlər yerlərinə qayıtdıqda onların satılmış mülk və mənzillərilə bağlı hüquqi prosedurlar da öz yerini tapıb. Həmçinin açıq şəkildə qeyd olunur ki, işğal edilmiş torpaqlarda daşınmaz əmlak məsələsində Azərbaycan qanunlarının pozulması ilə bağlı həyata keçirilən istənilən razılaşma qanunsuz sayılır və hüquqi nəticə doğurmur.
Qanunda göstərilir ki, işğal olunan ərazilərdə gəlir, qazanc əldə etmə və kompensasiya məqsədi daşımasından asılı olmayaraq Azərbaycan qanunvericiliyinə əcasən lisenziyalaşdırılması, razılaşdırılması və qeydiyyatı tələb olunan istənilən iqtisadi, sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti qadağan olunur”. O, eyni zamanda qeyd edib ki, qanunda öz əksini tapan maraqlı məqamlardan biri də işğalçı dövlətlə münasibətlərin tənzimlənməsi məsələsidir: “Burada hansı Azərbaycan vətəndaşlarının işğalçı dövlətin nümayəndələrilə ünsiyyətdə ola bilməsi əksini tapıb. Sülh danışıqlarında iştirak edən Azərbaycanın mərkəzi icra strukturları, diplomatik nümayəndəliklərinin təmsilçiləri, Milli Məclisin qərarı ilə müvafiq səlahiyyət verilmiş şəxslər istisna olmaqla işğalçı dövlətin dövlət və qeyri-dövlət qurumları, məhkəmə və qanunverici orqanları, siyasi partiya, ictimai birliklər və KİV-lər, dövlət və özəl sahibkarlıq, qeyri-sahibkarlıq subyektlərilə əməkdaşlıq edən Azərbaycan vətəndaşları ölkənin cinayət məcəlləsinə görə cinayət məsuliyyəti daşımalıdır”.
KAMİL



Bu yazı ( 181 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar