12px14px16px18px

Əhliman Əmiraslanov: “Deyə bilmərəm ki, ərzağın zənginləşdirilməsi ilə hər şey həll olunacaq”

00:07 / 14.04.2012
“Bir həkim kimi mən heç də o fikirdə deyiləm ki, ərzağın digər maddələr hesabına zənginləşdirilməsi ilə bir sıra problemlər, genetik xəstəliklər həllini tapacaq.Mən bu sahədə mütəxəssis olmasam da, ancaq bu məsələnin reallaşdırılmasının bizə çox da xeyirli olacağını zənn etmirəm”. Bu fikirləri mətbuata açıqlamasında millət vəkili, akademik Əhliman Əmiraslanov dilə gətirib. Onun dediyinə görə, ərzağın zənginləşdirilməsi ilə başqa ölkələrin təcrübəsinə əsaslanmaq və bunu əsas götürmək, bir qədər də səmərəli və uğurlu variant, çözüm yolu deyil: “ Bu məsələni gündəmə gətirənlər çox zaman başqa ölkələrin təcrübəsinə istinad edirlər. Axı, həmin ölkələrin, orada yaşayan xalqların milli xüsusiyyətləri başqa, bizimki tamam başqa?! Bəlkə onlarda ərzağın digər maddələr hesabına zənginləşdirilməsi öz müsbət nəticəsini verir, buna etirazım yoxdur, amma bunun bizə də yararlı olacağına kim zəmanət verə bilər? Düzdür, mən bu məsələnin bütünlükdə əleyhinə deyiləm, amma bir həkim, bir millət vəkili kimi hesab edirəm ki, bu, olduqca böyük araşdırma, tədqiqat tələb edən bir məsələdir və burada da heç bir tələskənliyə yol vermək olmaz.
Yeri gəlmişkən, bir müddət öncə Amerikadan bizə bir məşhur alim gəlmişdi. O deyirdi və sübut etməyə çalışırdı ki, ekoloji təmiz məhsullardan daha çox, geni dəyişdirilmiş məhsullar, meyvələr insan sağlamlığı, orqanizmi üçün əlverişlidir. O hətta iddia edirdi ki, ABŞ prezidenti Barak Obama da geni dəyişdirilmiş məhsullardan daha çox istifadə edir. Amma hansı ki, mən də, elə bir çoxlarımız da geni dəyişdirilmiş məhsulların, meyvələrin insan sağlamlığı üçün çox ziyanlı və zərərli olduğu qənaətindəyik. Deməkdə məqsədim odur ki, ərzağın digər maddələr hesabına zənginləşdirilməsi ilə bir çox problemlərdən, genetik xəstəliklərdən qurtulacağımızı düşünmürəm və bu mövqedə olanların fikirlərini də bir o qədər bölüşmürəm”.
KAMİL



Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar