12px14px16px18px

“Siyasi partiya alver mənbəyinə çevrilib”

SIYAVUŞ NOVRUZOV: “İNANMIRAM KI, “EUROVISION” MÜSABIQƏSINI GƏLƏCƏKDƏ AZƏRBAYCANIN SƏVIYYƏSINDƏ KEÇIRƏ BILƏN ÖLKƏ OLSUN”

00:43 / 13.04.2012
“Müxalifət ilk gündən “Eurovision” mahnı müsabiqəsi vasitəsilə dövləti, cəmiyyəti şantaj etmək yolunu tutub”. Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dilə gətirib.
Onun dediyinə görə, bu gün də həmin yol davam olunur. S.Novruzov bildirib ki, onları da buna təhrik edən bir neçə dövlət var: “Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda “Avronest” Parlament Assambleyasının sessiyası keçirildi. Dünyanın, Avropanın bir sıra dövlətlərindən nümayəndələr bu beynəlxalq tədbirdə iştirak etdi. Ölkəmiz bu tədbiri ən yüksək səviyyədə təşkil etdi. Ümumiyyətlə, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. Bunun özü ölkəmizin yüksək təşkilatçılığına, Azərbaycanda bu işlərin həyata keçirilməsi üçün mühitin olmasına, söz və mətbuat azadlığının mövcudluğuna, insan hüquqlarının qorunmasına dəlalət edir. Bilirsiniz ki, “Eurovision” bir musiqi müsabiqəsidir. Bu tədbirdə insanlar, xüsusilə gənclər gəlib mahnı oxuyurlar, öz qabiliyyətlərini göstərirlər və sair. Bu musiqi yarışmasını siyasiləşdirmək, buna siyasi rəng vermək, onu bu və ya digər şəkildə cinayət törətmiş şəxslərlə bağlamaq düzgün deyil. Bu müsabiqə bizdən əvvəl Almaniyada, Rusiyada, Norveçdə də keçirilib. Bunların hansında bu tədbir siyasiləşdirilib və ya hansısa məqsədlərlə bağlı məsələlər qaldırılıb”.
Millət vəkili həmçinin deyib ki, sadəcə , “Eurovision”un təşkil olunması ilə əlaqədar öz tələbləri var və Azərbaycan həmin tələbləri yüksək səviyyədə yerinə yetirir: “ İstər təhlükəsizlik, istərsə də yerləşdirmə, təşkilatçılıq baxımından müvafiq işlər görülür. Lazımi strukturların əməkdaşları üçün treninqlər keçirilir, yeni otellər açılır və s. Müxalifət isə xaricdəki ağalarının təhriki ilə bu işin üstünə azacıq da olsa kölgə salmaq istəyir. Burada Ermənistanın da, bizi istəməyən ayrı-ayrı dövlətlərin də əli var. Bu yaxınlarda İran tərəfindən də bir bəyanat verildi. Baxırsan ki, onların fikirləri müxalifətin fikirləri ilə üst-üstə düşür və mənbənin haradan olması artıq bəlli olur. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan güclü dövlət kimi bu beynəlxalq tədbiri də ən yüksək səviyyədə keçirəcək. Mən inanmıram ki, “Eurovision” mahnı müsabiqəsini gələcəkdə Azərbaycanın səviyyəsində keçirə bilən ölkə olsun”.
“Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi məsələsi zəruridir. Bu ondan irəli gəlir ki, ölkəmizdə “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub”. Bu fikirləri də mətbuata açıqlamasında S. Novruzov dilə gətirib. Millət vəkilinin bildirdiyinə görə, o vaxt bir sıra partiyalar yarandı ki, onların fəaliyyət istiqaməti, yönümü, qarşılarına qoyduqları proqram aydın deyildi: “Ona görə də, bu məsələnin təkmilləşməsinə ehtiyac var idi. Dəfələrlə Milli Məclisdə bununla bağlı məsələ müzakirə olunub ki, ya bu qanuna əlavə və dəyişikliklər edilməli, ya da ümumiyyətlə, qanun yenidən qəbul olunmalıdır. Artıq “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər barədə layihə parlamentin müvafiq komitəsində müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib”. S.Novruzov belə hesab edir ki, bu layihənin qəbulundan sonra təkmilləşdirmə işləri aparılmalıdır:
“Biz şahidi olmuşuq ki, Azərbaycanda siyasi partiya alver mənbəyinə çevrilib, partiya parçalandıqdan sonra onun mülkiyyəti üzərində böyük davalar gedib və sair. Bütün bunlara rəğmən “Siyasi partiyalar haqqında” təkmil bir qanuna böyük ehtiyac var idi və artıq belə bir sənəd hazırdır. Hakim partiya bu qanunla bağlı kifayət qədər təkliflərlə çıxış edib və Milli Məclisdə müzakirələr zamanı təkliflərimizi bir daha səsləndirəcəyik”.
KAMİL



Bu yazı ( 87 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar