12px14px16px18px

Əli Əhmədov: “Bu məqsədlər Azərbaycanın milli maraqlarına uyğun deyil”

00:42 / 13.04.2012
“Siyasətçi üçün yeganə istinad nöqtəsi ölkə daxilindəki seçicilərdir”.Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov dilə gətirib. Ə.Əhmədovun qeyd etdiyinə görə, Azərbaycanda bəzi siyasətçilər var ki, hansısa ölkələrin mətbuatında onlara meydan verilməsini çox qürurla qeyd edirlər. Amma YAP rəsmisi bildirib ki, bunu bir halda normal qəbul etmək olar ki, onlar bu imkanlardan Azərbaycanın dünyaya müsbət mənada təqdim olunması, ölkəmizin həmin dövlətlərlə münasibətlərinə xidmət etməsi üçün istifadə etsinlər:“ Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, onlar bu imkanlardan Azərbaycandakı daxili siyasi proseslərin reallıqdan uzaq şəkildə müzakirəsi məqsədilə istifadə edirlər. Buna görə ortaya məhz bu cür sual çıxır: əgər ölkə daxilindəki siyasi proseslərdə iştirak etmək istəyən hər hansı bir partiyanın təmsilçisi və yaxud rəhbəri başqa bir ölkənin mətbuatında öz siyasi platformasını ortaya qoyursa, o, bundan nə qazanacaq?!
Həmin ölkəninmi vətəndaşları seçkilərdə həmin şəxslərə səs verəcəklər?! Xeyr. Bəs belə olan halda, ölkədaxili ictimai-siyasi proseslərin başqa bir ölkənin mətbuatında müzakirəyə çıxarılmasında məqsəd nədir? Təbii ki, həmin siyasətçilərə, partiya nümayəndələrinə yer verən mətbuatın Azərbaycanla bağlı konkret qərəzli məqsədləri var və biz bunlar haqqında da daim danışmışıq”.
Bu baxımdan, Ə.Əhmədov hesab edir ki, bu məqsədlər Azərbaycanın milli maraqlarına uyğun deyil: “Həmin mətbuat orqanları Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı qərəzli fəaliyyət göstərən qüvvələrin nəzarətindədir. Bəs azərbaycanlı bir siyasətçinin, Azərbaycanda fəaliyyət göstərən siyasi partiya təmsilçisinin ölkə daxili ictimai-siyasi prosesləri başqa bir ölkənin mətbuatında müzakirəyə çıxarmasında məqsəd nədir? Bu suala cavab olaraq qeyd edə bilərəm ki, yeganə məqsəd ondan ibarətdir ki, Azərbaycanın reallıqları təhrif olunsun, ölkəmizə qarşı qarayaxma kampaniyası aparılsın və beləliklə, ayrı-ayrı anti-Azərbaycançı qüvvələrin ölkəmizə qarşı yönəlmiş təbliğatında ucuz bir vasitəyə çevrilmiş olsunlar”.
KAMİL




Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar