12px14px16px18px

Rasim Musabəyov: “Fransanın ATƏT-in Minsk qrupunda nə işlə məşğul olması məsələsi bu günə qədər qaranlıq qalır”

00:42 / 13.04.2012
“Fransanın ATƏT-in Minsk qrupunda nə işlə məşğul olması məsələsi bu günə qədər qaranlıq qalır. Aydın məsələdir ki, ABŞ dünyanın aparıcı dövlətidir və buna görə də Minsk qrupunda təmsil olunmalıdır. Rusiyaya gəldikdə isə o da Minsk qrupunda təmsil olunmalıdır. Çünki Azərbaycan və Ermənistan vaxtilə Rusiya imperiyasının tərkib hissəsi olub. Bu baxımdan Rusiyanın regionda öz maraqları var. Bəs Fransa bu qrupda nə edir, onun rolu nədir və bu münaqişədə onun nə marağı var?”. Bu açıqlama ilə millət vəkili, politoloq Rasim Musabəyov çıxış edib. Onun sözlərinə görə, bu sualların cavabı yoxdur: “Fransanın Minsk qrupunda təmsilçiliyini Qarabağ münaqişəsinin Avropaya yaxın olması ilə əsaslandırmaq olar. Lakin o zaman bu qrupda Fransa deyil, Avropa təmsil olunmalıdır. Ona görə Fransanın Minsk qrupunda iştirakı qeyri-müəyyən olaraq qalır. Bu mənada Türkiyənin real maraqları Fransaya nisbətdə daha çoxdur”.
Fransanın ATƏT-in Minsk qrupunda Avropa İtifaqı ilə əvəzlənməsinə toxunan politoloq deyib ki, Avropa Parlamentinin Xarici Münasibətlər üzrə Komissiyasının bununla bağlı qərarında bir sıra ziddiyyətlər var: “Məsələn, Minsk qrupu ATƏT tərəfindən yaradılmış bir formatdır. Ona görə bu mandatın ATƏT-dən AP-ya verilməsi çətin məsələdir. Bundan əlavə, həmçinin Fransanın özünün bu mandatdan imtina etməsi tələb olunur. Eləcə də münaqişə tərəfləri Fransanın Minsk qrupunda Aİ ilə əvəzlənməsinə razılıq vermələri lazımdır. Beləliklə, əgər Fransanın Aİ ilə əvəzlənməsi prosesi başlasa, o zaman münaqişə tərəfləri və vasitəçiləri problemin mahiyyəti ilə məşğul olmaq əvəzinə, prosedur məsələlərə qoşulacaqlar.
Aİ-nın Xarici Münasibətlər üzrə Komissiyasının bu qərarının tezliklə əməli fəaliyyətə keçəcəyini təsəvvür etmək çətin məsələdir. Çünki Avropa Komissiyasının qərarı tövsiyə mahiyyəti daşıyır. Əgər hətta Avropa Parlamenti yekdil olaraq belə bir qərar qəbul edərsə, bu, istənilən halda münaqişənin nizamlanması prosesinə yeni siyasi reallıq gətirmiş olacaq”.
Millət vəkili deyib ki, Avropa İttifaqının Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bildirməsi üçün Fransanı əvəz etməsi mütləq deyil. Başqa sözlə desək, əgər Aİ Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyası ilə məşğul olmaq istəyirsə, onun Minsk qrupunda Fransanı əvəz etməsinə ehtiyac yoxdur. Aİ-nin xarici işlər üzrə Ali nümayəndəsi Ketrin Eştonun müvafiq təşəbbüslərlə çıxış etməsi, prezidentlərin görüşünü təşkil etməsi bunun üçün kifayətdir.
“Bundan əlavə, ATƏT-in Minsk qrupunun mövqeyi ifadə olunan zaman, bu, həmin qrupda təmsil olunan ölkələrin, həmçinin onların prezidentlərinin rəyi anlamına gəlir. Aİ-nin ATƏT-in Minsk qrupunda Fransanı əvəzləyəcəyi təqdirdə isə,qrupda müvafiq mövqeyi Aİ də ifadə etmiş olacaq. Düşünmürəm ki, bu gün Aİ prezidentinin nüfuzu Fransa prezidentinkindən çoxdur, yaxud Fransanın xarici işlər nazirinin nüfuzu Aİ-nin xarici işlər üzrə Ali nümayəndəsi Ketrin Eştonun nüfuzundan aşağıdır”.
R.Musabəyov deyib ki, bu gün Avropanın stimullaşdırıcı imkanları var: “Başqa sözlə, Aİ açıq şəkildə Ermənistana deyə bilər ki, əgər siz özünüzü “yaxşı aparsanız” biz sizə göstərilən yardımı çoxalda, investisiyaları artıra və s. edə bilərik. Düzdür, Aİ bunadək analoji təkliflərlə çıxış edib. Lakin Ermənistan, hələ ki, bu təkliflərə reaksiya vermir”.
“Azərbaycan və Ermənistanın Aİ-yə qəbul edilməsi perspektivi tərəflərin Qarabağ münaqişəsində razılığa gəlmələri üçün Aİ-nin əlində bir vasitə ola bilərmi?” sualına isə R.Musabəyov bunu istisna edib: “Azərbaycan və Ermənistanın Aİ-yə daxil olması prosesi 20-30 il çəkə bilər. Bu o deməkdir ki, Azərbaycan bu müddət ərzində hər iki ölkə Aİ-nin üzvü olanadək gözləməli və Qarabağ problemi də öz-özünə həll olunmalıdır. Lakin sözsüz ki, perspektivin özü münaqişə tərəflərinə müsbət təsir göstərə bilər.
Ancaq hələ ki, Avropa İttifaqı hazırki reallıqları nəzərə almaqla Aİ-yə iqtisadi cəhətdən zəif ölkələri daxil etmək yolu ilə genişlənmək barəsində düşünmür. Aİ kiçik olmasına və adam başına ÜDM-nın 3 min dolları düşməsinə baxmayaraq, erməni iqtisadiyyatı kimi bir yükü öz üzərinə götürməz”.
PƏrvanƏ




Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar