12px14px16px18px

Musa Quliyev: “Bəzi ruhi xəstələrin yaxınları onların şəxsiyyət vəsiqəsindən öz məqsədləri naminə istifadə edirlər”

00:12 / 12.04.2012
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin (MM) Sosial siyasət komitəsinin dünənki iclasında “Əhalinin sağlamlığının qorunması” haqqında qanuna Prezidentin imzası ilə daxil olan dəyişikliklər müzakirə olunub. Qanun layihəsi barədə məlumat verən sözügedən komitənin sədri Hadi Rəcəbli deyib ki, qanunun 25-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra iki gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır. “Təklifə əsasən, pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Həmçinin, təklif olunan qanunlar qəbul edilərsə, pasiyentə zərər törədə biləcək məlumatların ona verilməsi qadağan olunacaq” –deyə, H.Rəcəbli bildirib.
Müzakirələr zamanı millət vəkili Elmira Axundova təklif olunan dəyişiklikdə xəstəliklə bağlı pasiyentin ailə üzvlərinə məlumat verilməsinə qadağanın aradan qaldırılmasını istəyib. Digər deputatlar da eyni təkliflə çıxış ediblər. H.Rəcəbli öz növbəsində təklifin nəzərə alınacağını bildirib.
“200-dən artıq ruhi xəstə ilə bağlı sənədləşmə işləri hələ də aparılmayıb”. Bu fikri isə sözügedən komitənin sədr müavini Musa Quliyev dilə gətirib. Millət vəkilinin bildirdiyinə görə, hazırda Maştağa Ruhi Əsəb Dispanserində 200-dən artıq ruhi xəstə var ki, onların hüquqi sənədləri, şəxsiyyət vəsiqələri yoxdur. “Onlarla bağlı heç bir sənədləşmə işi aparılmayıb. Əslində buna onların bir çoxunun valideynləri, yaxınları və qohumları mane olur. Bildiyim qədər, buna da səbəb həmin ruhi xəstələrin şəxsiyyət vəsiqələrindən onların valideynlərinin, qohumlarının və yaxınlarının başqa məqsədlərlə istifadə etmələridir. Onlar həmin ruhi xəstələrin vəziyyətindən sui-istifadə edərək öz qeyri-qanuni əməllərini həyata keçirirlər, onların mallarını, mülklərini mənimsəyirlər. Bu, çox ağrılı məsələdir. Ona görə də, bu cür problemləri aradan qaldırmaq məqsədi ilə müvafiq qanunun 25-ci maddəsinə 6-cı və 7-ci hissələrin əlavə edilməsi təklif olunur” – deyə, M.Quliyev bildirib.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
KAMİL





Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar