12px14px16px18px

“Ərzağın zənginləşdirilməsi” məsələsi də qanunla tənzimlənə bilər

00:11 / 12.04.2012
“Biz parlamentin müvafiq komitəsi olaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna digər dəyişikliklərin edilməsini nəzərdə tuturuq”. Bu məlumatı jurnalistlərlə söhbətində parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib. H.Rəcəbli qeyd edib ki, bunlardan biri ərzağın zənginləşdirilməsi, digəri isə 0-3 yaşlarında anadangəlmə əlil uşaqlarla bağlı məsələləri əhatə edən dəyişikliklərdir. Onun sözlərinə görə, ərzağın zənginləşdirilməsi məsələsi artıq dünyanın əksər ölkələrində mövcuddur: “Məsələn, Çində insanların boy artımına görə ərzağın, xüsusilə un məmulatlarının tərkibinə dəmir maddəsi əlavə olunur. Digər ölkələrdə isə anemiya xəstəliyinin qarşısının alınması üçün ərzağın digər maddələrlə zənginləşdirilməsindən istifadə olunur. Bir çox ölkələrdə bu məsələ ayrıca qanunla tənzimlənir”. Komitə sədri qeyd edib ki, ancaq onlar belə hesab edir ki, bu yöndə ayrıca qanun hazırlamaqdansa, onu “Əhalinin sağlamlığının qorunması” haqqında qanuna müvafiq dəyişikliklər etmək yolu ilə tənzimləmək daha düzgün olar : “Odur ki, biz “Əhalinin sağlamlığının qorunması” haqqında qanunun 3-cü maddəsinin 6-cı abzasında “ekoloji” sözündən sonra “və ərzaq” sözlərinin əlavə edilməsini və həmin abzasa bu məzmunda ikinci cümlənin, “-xəstəliklərin profilaktikası məqsədilə yeyinti məhsullarının, xüsusilə, duz, un, süd və şəkərin mikronutrientlərlə zənginləşdirilməsinin tətbiq edilməsi və müvafiq normativ-hüquqi aktların hazırlanması” cümləsinin salınmasını təklif edirik. Bununla yanaşı, həmin maddənin 10-cu abzasına belə bir məzmunda ikinci cümlənin “-uşaqlarda əlilliyin erkən yaşlarda (3 yaşadək) aşkarlanması, müdaxilə və kompleks reabilitasiya əsasında qarşısının alınması tədbirlərinin həyata keçirilməsi” cümləsinin əlavə olunmasını təklif edirik. Çünki bunlar çox vacib məqamlardır, xüsusilə də 0-3 yaşlarında anadangəlmə əlil uşaqlarla bağlı məsələ bizi çox düşündürür”. H.Rəcəbli xatırladıb ki, bu məsələyə hökumətin parlament qarşısında hesabatında da xüsusilə toxunulmuşdu: “Orada belə bir rəqəm öz əksini tapmışdı ki, 0-3 yaşlarında anadangəlmə əlil uşaqların sayı 2011-ci ildə 37% artıb. Bu rəqəm bizi çox düşündürdü və narahat etdi. Ona görə biz sözügedən qanuna məlum dəyişikliklərin edilməsini təklif edirik”.
KAMİL




Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar