12px14px16px18px

Mübariz Qurbanlı: “Müxalifətin uzun zamandan bəri hazırlaşdığı aksiya uğursuzluqla başa çatdı”

00:09 / 12.04.2012
Müxalifət nümayəndələrinin uzun zamandan bəri hazırlaşdıqları 8 aprel aksiyası uğursuzluqla başa çatdı. Daim uğursuzluğa düçar olan müxalifət nümayəndələri hər zaman olduğu kimi bu dəfə də məğlubiyyətlərinin səbəbini başqa yerdə axtarmağa can atırlar. Mitinq və digər baş verənlərə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı aydınlıq gətirib. “İctimai Palata adlanan qurumun keçirdiyi aksiya tamamilə iflasa uğradı. Çünki əvvəlcədən belə fikirlər səsləndirilirdi ki, guya cəmiyyətin müxtəlif təbəqələri bu aksiyaya qatılacaq, ayrı-ayrı şəxslər adından mətbuat orqanlarında çağırışlar səsləndirir, müsahibələr verirdilər. Lakin hadisələr göstərdi ki, Azərbaycan vətəndaşları İctimai Palata adlanan qurum və orada birləşən şəxsləri müdafiə etmir”. Bu barədə müxalifətin aksiyasına münasibət bildirən YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O bildirib ki, bu gün xalq ölkədə gedən ictimai-siyasi sabitliyi müdafiə edir, seçicilər ölkə prezidentinin siyasi xəttini dəstəkləyir, xalqla hakimiyyət arasında güclü vəhdət mövcuddur: “Ona görə də İctimai Palata adlanan qurum partiya adlanan, lakin dərnək səviyyəsindən uzağa gedə bilməyən müxtəlif dairələri özündə birləşdirsə də onlar ictimai rəyə təsir etmək imkanına və gücünə malik deyillər. Hakimiyyət tərəfindən bu mitinqə razılıq verilməsinə və mitinqin keçirilməsinə heç bir əngəl törədilməməsinə baxmayaraq orada təxminən 1200 iştirakçı vardı. İndi də müxalifət nümayəndələri belə iddialarla çıxış edirlər ki, guya əraziyə vətəndaşların gəlməsinə əngəl törətmək üçün hakimiyyət ictimai nəqliyyatın işinə mane olub. Əlbəttə, bunlar tamamilə ağ yalandır. Mitinqə yaxın və mitinq ərəfəsində ictimai nəqliyyatın işində heç bir əngəl törədilməyib və tam formada qrafik üzrə işləmələri üçün hər zaman olduğu kimi şərait yaradılıb. Maraqlı və gülməli məqam burasındadır ki, müxalifətin dediyi ağ yalanları araşdırmağa ehtiyac yoxdur. Onlar özləri öz dediklərini ortaya çıxara bilirlər. Məsələn, həm deyirlər ki, mitinqin keçirilməsinə və nəqliyyatın işinə əngəl törədilib, həm də deyirlər ki, mitinq yüksək səviyyədə keçirilib və 10 min nəfər iştirak edib. Bu məqamda ortaya belə bir sual çıxır ki, əgər nəqliyyatın hərəkəti dayandırılıbsa 10 min nəfər ora uçaraqmı gedib? Elə bu sual da hər şeyi aydın görməyə kifayət edir”.
Millət vəkili deyib ki, onlar istədikləri sayda vətəndaşın gəlmədiyini gördüklərindən müxtəlif bəhanələrlə sığortalanmağa çalışırlar: “Ancaq onların təfəkkür süzgəci o qədər zəif işləyir ki, öz danışdıqları ilə yalanlarını ifşa edirlər. Digər tərəfdən də 10 min nəfərin iştirak etdiyini deməklə, əslində müşahidəçi jurnalistlərə hörmətsizlik etmiş olurlar. Mən özüm yolüstü mitinqi müşahidə etmə imkanı qazandım. Orada jurnalistlər və polislərlə birgə ən çox 1200 nəfər olardı. Bütün bunları bir daha göz önünə gətirərək, tam surətdə mitinqin iflasa uğradığını deyə bilərik. Bu da İctimai Palata adlanan qurumun ətrafına heç bir qrup yığa biləcək iqtidarda olmadığını növbəti dəfə göstərdi. Bütün bunlarla yanaşı, müxalifətin nəyə görə icazəli mitinqlərdən qaçdığını da anlamaq çətin deyil. Çünki onlar icazəli getdikləri yerlərdə biabır olacaqlarını bilirlər. Onların mitinq taktikasında mitinq keçirmək deyil, mitinq adı altında imitasiya yaradaraq özlərinin mövcudluqlarını göstərməyə çalışırlar”.
M.Qurbanlı Azərbaycanın bölgədə lider dövlət olduğunu və sürətlə inkişaf etdiyini deyib: “Bu inkişafdan da ən böyük narahatçılıq keçirən ölkə Ermənistandır. Çünki Ermənistan üçün Azərbaycanın inkişafı təhlükədir. Təbii ki, bölgədə bəzi dairələr var ki, onlar da Azərbaycanın sürətli inkişafına əngəl olmaq istəyirlər. Dünyada erməniləri bu və ya digər məqsədlər üçün dəstəkləyənlər var və bu dövlətlər səviyyəsində olmasa da, ayrı-ayrı qurumlar və dairələr səviyyəsində özünü biruzə verir. Bu da erməni lobbisinin dünyada ayrı-ayrı siyasətçilərlə bağlı olması ilə izah edilə bilər. Lakin Azərbaycanın inkişafını dünyada heç kim dayandıra və ya bu prosesə əngəl ola bilməz. Avronest Parlament Assambleyasının Azərbaycanda keçirilən iclasında çıxış edən dövlət başçısı İlham Əliyev də bütövlükdə Azərbaycanın beynəlxalq aləmdəki vəziyyətini, Ermənistan istisna olmaqla dünya ölkələri ilə qarşılıqlı əlaqələri ictimaiyyətin diqqətinə çatdırdı. Əlbəttə “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi Ermənistana siyasi-ideoloji cəhətdən ağır zərbədir. Ümumən Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər Ermənistan diplomatiyasına siyasi zərbə endirir. Ona görə də erməni və ermənipərəst qüvvələr çalışırlar ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mane olsunlar. Lakin unutmaq lazım deyil ki, bu müsabiqəyə heç kəs mane ola bilməz. Bu müsabiqə Bakıda keçiriləcək və hazırlıqlar yüksək səviyyədə başa çatdırılmaq üzrədir. Təəssüf doğuran sadəcə bizim içimizdən olan bəzi qruplaşmaların “Bu ölkə üçün nə qədər pis olsa bizim üçün o qədər yaxşıdır” prinsipi ilə fəaliyyət göstərmələridir. Yəni Azərbaycan hakimiyyətinə ziyan vurmaq və uğurları gözdən salmaq üçün qısqanclıqla yanaşır və düşmənlə sinxron şəkildə fəaliyyət göstərirlər. Biz dəfələrlə radikal müxalifət nümayəndələrinin xarici təşkilat rəhbərləri ilə görüşlər zamanı ölkəmizin maraqlarına zidd bəyanatlar verdiklərinin şahidi olmuşuq. Lakin bütün bunlar faydasız və nəticəsizdir”.
PƏRVANƏ



Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar