12px14px16px18px

Rövşən Rzayev: “İcmalararası danışıqlarda əsas məsələ Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qaytarılması ola bilər”

00:09 / 12.04.2012
“Dağlıq Qarabağın azərbaycanlı icması 2011-ci ilin noyabrında Berlində icmaların görüşünü təşkil etmək istəyirdi. Lakin erməni tərəfi həmin görüşə gəlmədi. Bununla əlaqədar olaraq, mən Ermənistan prezidenti ilə 2012-ci ilin fevralında İrəvanda “Avronest” Parlament Assambleyasının (PA) Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə Daimi komitəsinin iclası çərçivəsində baş tutan görüşüm zamanı erməni tərəfinin nə üçün Dağlıq Qarabağ icmalarının görüşünə maneçilik törətməsinin səbəbləri haqqında sual verdim.Ermənistan prezidenti isə Ermənistan parlamenti deputatlarından birinə bu təklifi üzərində işləmək göstərişi verdi”. Bu açıqlama ilə icmaların görüşündən danışan “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev çıxış edib. O deyib ki, buna görə də, Azərbaycan parlamentariləri 2012-ci il aprelin 2-4-də “Avronest” Parlament Assambleyasının Bakıda keçirilən ikinci sessiyası zamanı erməni nümayəndə heyətinin üzvləri ilə apardıqları söhbətlər zamanı yenidən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsinin vacibliyi haqqında məsələni qaldırdılar: “Erməni parlamentarilər bu təkliflə razılaşdılar. Lakin hal-hazırkı vaxta qədər tərəflər arasında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil edilməsi haqqında ciddi razılığa nail olunmayıb”.
Millət vəkili hesab edir ki, bu cür görüşlər icmalar arasında etimad münasibətlərinin yaranmasına gətirib çıxara bilər: “ Azərbaycanın əldə etdiyi real iqtisadi nailiyyətləri nə qədər çox erməni görərsə, onların bu uğurları Ermənistandakı vəziyyətlə müqayisə etmək imkanları daha da çox olar. Öz növbəmdə hesab edirəm ki, Azərbaycanın əldə etdiyi uğurların şahidi olan ermənilər Qarabağın nizamlanması məsələsində tutduqları radikal mövqelərindən imtina etmələri üçün ölkə rəhbərliyinə təsir göstərməyə başlayacaqlar. Başqa sözlə desək, Azərbaycanda hazırki reallıqların şahidləri nə qədər çox olarsa Azərbaycan tərəfinin erməni tərəfi ilə danışıqların aparılması üzrə işi daha çox yüngülləşər”.
İcmalararası dialoqun Azərbaycan və Ermənistan prezidentləri arasında gedən danışıqlar prosesinə müsbət təsirinə gəlincə R.Rzayev deyib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında əlaqələr Azərbaycan və Ermənistan prezidentlərinin apardığı danışıqlar prosesinə birbaşa təsir göstərə bilməz. Çünki icmalararası danışıqlar xalq diplomatiyasının bir hissəsidir: “Bununla yanaşı, icmaların görüşləri 20 ildir davam edən münaqişə ərzində xalqlar arasında itirilən etibarın bərpa olunmasına yardım göstərə bilər. İcmalararası danışıqlarda yeganə əsas məsələ Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qaytarılması ola bilər. Digər məsələlər ikinci dərəcəli ola bilər”.
R.Rzayevə görə, Qarabağdakı ermənilərin separatçı tələblərindən imtina etmələri onların Azərbaycanın iqtisadi uğurları ilə tanış olmalarından, Azərbaycan tərəfinin öz torpaqlarını geri qaytarmaq və Dağlıq Qarabağın inkişafı ilə məşğul olmaq iqtidarında olduğunu görmələrindən sonra baş verə bilər: “Başqa sözlə desək, sözügedən vəziyyət onların yaşadıqları dövlətin – Azərbaycanın iqtisadi imkanlarından öz inkişafları üçün istifadə edə biləcəklərini dərk etmələrindən sonra yaranacaq”.
PƏRVANƏ






Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar