12px14px16px18px

Ermənistanla ön cəbhədə yerləşən hərbi hissədə Ağdaban faciəsi ilə bağlı tədbir keçirilib

00:08 / 12.04.2012
Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə Ağdaban faciəsinin qurbanları yad edilib. Millət vəkili Qənirə Paşayeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi qətliam barədə geniş çıxış edib. Ağdaban faciəsinin törədilməsinin 20-ci ildönümü olduğunu qeyd edən millət vəkili bildirib ki, Ermənistan dövləti vandalizm aksiyası həyata keçirərək Ağdaban kəndini tamamilə yandırmış, onlarla sulahsız, dinc insanı qətlə yetirmiş, işğal zamanı Ağdaban sakinlərinə qarşı qeyri-insani əməllər törətmişdir: “Ağdaban faciəsi zamanı ermənilər tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlarımız təhqir olunub və məhv edilmişdir. Ermənistan silahlı qüvvələrinin mədəni irsimizə qarşı törətdiyi vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Şair Ağdabanlı Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılaraq məhv edilib”. Millət vəkili onu da bildirib ki, bu cür anım tədbirlərinin hərbi hissədə keçirilməsi çox önəmlidir: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı – sıravi əsgərimiz, zabitimiz, ziyalımız, millət vəkilimiz, bir sözlə, hər birimiz faciələr tarixini bilməli və dünyaya geniş yaymalıdır. Dünyada yaşayan hər bir azərbaycanlı Ağdaban faicəsi də daxil olmaqla, Ermənistan nümayəndələrinin işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlara, faciələrə görə təkcə tarix qarşısında deyil, ədalət qarşısında da cavab verməsinə nail olmağımız üçün yorulmadan çalışmalıdır.
Mən əminəm ki, Ali Baş komandanın rəhbərliyi altında siz – əsgər və zabitlərimiz, bütün xalqımız tezliklə Ermənistanın işğalı altında olan torpaqlarımızı işğaldan azad edəcək və azərbaycanlılara qarşı soyqırım törədənlər, Ağdaban faciəsi kimi faciələri törədənlər öz layiqli cəzalarını alacaqlar”.
O eyni zamanda bildirib ki, bütün zabit və əsgərlərimiz hər an torpaqlarımızı işğaldan azad etməyə tam hazır olmalıdır. “Mən inanıram ki, siz buna hazırsınız” – deyə millət vəkili qeyd edib. Daha sonra tədbirdə iştirak edən millət vəkili Etibar Hüseynov, hərbi hissənin rəhbərliyi, “Azərbaycan Bayrağı” Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynov və başqaları öz çıxışlarında bu cür anım tədbirlərinin hərbi hissədə keçirilməsinin vacibliyini qeyd etmişlər və düşmən üzərində qələbənin uzaqda olmadığını bildiriblər. Daha sonra hərbi hissəyə Ağdaban faciəsi, Kəlbəcərlə bağlı çoxlu sayda material və film nüsxələri təqdim edilib.
KAMİL



Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar