12px14px16px18px

Bayram Səfərov: “Azərbaycan icması görüş üçün həmişə hazırdır”

00:13 / 11.04.2012
“Azərbaycan prezidentinin Şuşa şəhərinin Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında sərəncamı ilə baglı təşkilat komitəsi yaradılacaq”.
Bu barədə Şuşa şəhər İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib. “Bütün şuşalılar, qarabağlılar adından prezidentimizin bizə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildiririk. 19 ildir ki, Şuşanın işğalı ilə bağlı tədbirlər keçirilir. Bu ildə Prezident İlham Əliyevin verdiyi sərəncamdan irəli gələn vəzifələri bütövlüklə həyata keçirəcəyik. Bildiyiniz kimi sərəncam ötən gün verilib. Bu gün məlum sərəncamla bağlı təşkilat komitəsi yaradılacaq. Bütün təkliflər nəzərdən keçirilib müvafiq qərar qəbul edəcəyik. Eyni zamanda komitə adından Xarici İşlər Nazirliyinə müraciət olunacaq. Məqsəd ölkənin hüdudlarından kənarda tədbirlərin keçirilməsi üçün bütün lazımı yardımları göstərməkdir. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri həmçinin Azərbaycan vətəndaşları olan ermənilərə də çağırış edib”.
B.Səfərov deyib ki, Dağlıq Qarabağda yaşamış Azərbaycan vətəndaşları olan ermənilər özlərinin, eləcə də gələcək nəsillərinin firavan yaşamağını istəyirlərsə, Konstitusiyamıza hörmətlə yanaşmaqla ölkəmizin imkanlarından istifadə edə bilərlər: “Azərbaycan iqtisadiyyatı inkişaf edir və günü-gündən bu temp artır. Ermənilər də bu inkişafın bəhrəsindən bölüşə bilərlər. Ancaq Azərbaycan Konstitusiyası və qanunlarına hörmətlə yanaşmaq şərtilə. Biz bilirik ki, möhtərəm prezidentimiz bizi doğma Şuşamıza geri qaytaracaq. Hər kəsə bizim mövcud qüvvəmiz bəllidir. ATƏT-in Minsk qrupu, Avropa Birliyi çalışır ki, bizi müharibədən yayındırsınlar. Lakin hər zaman Prezident İlham Əliyev çıxışında bildirib ki, biz sülhü seçmişik, lakin bu son demək deyil”.
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünə gəlincə B. Səfərov deyib: “Biz görüş üçün həmişə hazırıq. Ancaq təəssüf ki, erməni icması görüşdən yayınır, görüşə gəlmir. Bilirsiniz sadə ermənilərin ürəyincədir ki, bizimlə görüşsün. Onlar çalışırlar Azərbaycanda mövcud olan firavanlıqdan onların da payına düşsün. Lakin Ermənistan rəhbərliyi buna imkan yaratmır. Bir sözlə qorxurlar. Buda bilirsiniz nədən irəli gəlir? Bizdə mövcud olan demokratiya onlarda yoxdur. Bildiyiniz kimi Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Həmçinin ölkəmiz 155 dövlətin verdiyi səs nəticəsində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. 155 dövlət bizdə olan inkişafı, demokratiyanı gördüyü üçün öz səslərini Azərbaycana verdi. Bütün bunlar düşünülmüş siyasətin bəhrəsidir. Möhtərəm prezidentimiz bunu kimin üçün edir? Təbii ki, bizim üçün, övladlarımız, nəvələrimiz üçün edir”.
PƏRVANƏ



Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar