12px14px16px18px

Zahid Oruc “Qarabağ haqqında” qanun layihəsi hazırlayacaq

00:10 / 11.04.2012
“Qarabağ haqqında” qanun təklifim öz ixtiram deyil. Bu, mənim məsələyə sadəlövh yanaşmamdan da irəli gəlmir, söhbət bu məsələnin məhz hüquq müstəvisində tənzimlənməsindən, bizim davranışlarımızdan, işğal reallığına münasibətimizi göstərən qanuni dilin seçilməsindən gedir”. Bu sözləri mətbuata açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, millət vəkili Zahid Oruc Milli Məclisdə Qarabağla bağlı irəli sürdüyü təklifi şərh edərkən bildirib.
Millət vəkilinin sözlərinə görə, eyforik, publisistik, ədəbi-bədii, ictimai dil hüquq sistemindən çox-çox fərqlidir. Düşmən Ermənistanın Konstitusiyasında Qarabağla bağlı müddəanın olduğunu deyən deputat qeyd edib ki, həmin müddəada istənilən hakimiyyətə Qarabağın ziyanına hər hansı müqavilə imzalamaq qadağan edilib.
Digər bir qanuna görə, Qarabağla bağlı hər hansı beynəlxalq və ya milli sənədlər qeyri-hüquqi elan ediləcək: “Bu o deməkdir ki, istənilən bu cür beynəlxalq sənədlər, hər hansı müqavilələr onlar tərəfindən qanuni bir sənəd kimi ratifikasiya edilməyəcək. Bunun fonunda Azərbaycan öz torpaqları, əraziləri üzərində münasibətləri, regional, beynəlxalq əlaqələri və vəziyyəti tənzimləmək üçün bir qanun qəbul etsə, nəyi pisdir?” Z.Oruc bildirib ki, onu bu qanun barədə təkilfi qaldırmağa vadar edən Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvanda verdiyi bəyanatlar olub. “Onun “Qarabağın taleyini və statusunu orda yaşayacaq Qarabağ xalqı həll edəcək” bəyanatı son dərəcə təhlükəli bir ideyadır. Məsələnin danışıqların əsas predmetinə daxil edilməsi, sanki Azərbaycan cəmiyyəti və siyasi dairələrinin bunu həzm etmiş kimi görünməsi problem üzərində bizi düşünməyə vadar etdi. Çünki “Qarabağ xalqı” anlayışı qeyri-mücərrəddir, diplomatik siyasi məna tutumunu necə yerinə yetirməsindən asılı olmayaraq, gerçəkdə bu ölkənin əsas xalqı azərbaycanlılardır. Ayrıca götürülmüş bir ərazidə hansısa etnik, milli zümrələrin üstünlük təşkil etməsi, bu bölgə üçün gələcək siyasi qərarları müstəsna, ayrılıqda vermək səlahiyyəti olmamalıdır. Eyni zamanda, Lavrov bəyan edib ki, BMT qətnamələri yerinə yetirilib və atəşkəsə nail olunub. Bu o deməkdir ki, Rusiyanın Qarabağ məsələsinə və BMT qətnamələrinə münasibətdə mövqeyi son dərəcə səhvlərlə doludur və təhrif olunmuş bir vəziyyətdədir. Həmin qətnamələrdə Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması bu müddəalarda öz əksini tapmışdı. Bunun üzərindən çıxarış edərək söylədim ki, parlamentdə əvvəlki dövrlərdə də Qarabağ məsələsinə münasibətdə bir sıra problemlərin tənzimlənməsi naminə “Qarabağ qanunu” qəbul olunmalıdır”. Millət vəkilinin eyni zamanda dediyinə görə, bu qanun Dağlıq Qarabağa ediləcək xarici yardımların qarşısını almağa kömək edəcək: “ABŞ hər maliyyə ilində Qarabağa ayrıca 8 milyon dollara qədər vəsait ayırır. Bizim ölkəmiz çox haqlı siyasi etirazlarını bildirir ki, bu, Qarabağın özünü müstəqilləşdirmək ideyasına bir töfhə ola bilər, aparılan danışıqlar prosesinə zərbə vurur. Amma gəlin baxaq, bunun fonunda bizim davranışımızı əks etdirən, konkret mexanizmi göstərən hüquqi sənədlərimiz varmı? Varmı belə bir sənəd? Yoxdur! Mən bunu nəzərə alaraq, belə bir qanun layihəsinin vacibliyini bildirdim”. Deputat bir daha vurğulayıb ki, beynəlxalq aləmdə də belə qanunlar mövcuddur və bu, nə özünün, nə də Azərbaycanın ixtirası deyil: “Söhbət hansısa həll planından, bu mexanizm vasitəsilə Qarabağ problemini tənzimləməkdən getmir. Birincisi, “xalq” məsələsinə münasibətdə konkret aydınlıq olmalıdır. İkinci tərəfdən Qarabağın erməni separat qurumu müxtəlif xarici təşkilatlarla əlaqələr qurublar. Biz xarici səfirliklərimiz vasitəsilə notalar, bəyanatlar göndəririk. Lakin Azərbaycan bu məsələyə münasibətdə dəqiq mövqe qoya bilər ki, biz Qarabağın Azərbaycan ərazisi kimi və onun suveren haqlarının şərtsiz olduğunu nəzərə alaraq, hər hansı xarici, iqtisadi və siyasi əlaqələr qurmasını tanımırıq. Həmçinin, istənilən beynəlxalq təşkilat Azərbaycanda vahid bir qanunun olduğunu biləndə Qarabağdakı separatçı ermənilər hər hansı iqtisadi proqramlara qatıla bilməyəcəklər. Ona görə bunun qanunla tənzimlənməsi çox normal olar”. Millət vəkili onu da qeyd edib ki, çox vaxt müxtəlif xarici ölkə vətəndaşları, mədəniyyət və siyasi xadimlər, bəzən də parlament üzvləri Qarabağa səfərlər edirlər: “Onların adı yalnız Xarici İşlər Nazirliyində hazırlanmış “qara siyahı”ya daxil olur. Halbuki, bunun qanun səviyyəsində reallaşdırılması mümkündür. O cümlədən, işğal olunan digər ərazilərimizdə, xüsusilə də 7 rayonda aparılan fəaliyyətin qanunsuz elan edilməsi və bunun birmənalı şəkildə tanınmaması bir hüquqi müddəa kimi yer ala bilir. Onu da deyim ki, bu sənədi böyük məmnuniyyətlə hazırlayacağam. Buna məni millətə mənsub olan cismim şərtləndirir, ikinci bu mənim vəzifə borcumdur”.
KAMİL






Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar