12px14px16px18px

Fazil Mustafa: “Dünya Qarabağ münaqişəsinin hərbi yolla həllini istəmirsə,

O ZAMAN BEYNƏLXALQ HÜQUQ PRİNSİPLƏRİNİ TƏTBİQ ETSİN”

00:08 / 11.04.2012
“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı Rusiya-Amerika qarşılıqlı münasibətlərindən kənarda nəzərdən keçirilə bilməz. Daha doğrusu, ABŞ Qarabağ problemini özünün Rusiya ilə münasibətləri prizmasından nəzərdən keçirir”. Bu barədə ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Fazil Mustafa bir neçə gün əvvəl ABŞ dövlət katibi Hillari Klintonun Amerikanın münaqişənin həllinə dair mövqeyi əks olunmuş məktubuna münasibət bildirərkən deyib. O, hesab edir ki, ABŞ Cənubi Qafqaz ölkələri ilə bağlı özünün ənənəvi siyasətini bundan sonra da davam etdirəcək: “ABŞ-ın rəsmi nümayəndələri Qarabağ nizamlanması məsələsində ümumiləşdirilmiş bəyanatlardan və terminlərdən istifadə edirlər və problemin həllində səmimi şəkildə maraqlı olduqlarını nümayiş etdirmirlər. Belə bir mövqe Amerika administrasiyasında Amerikanın Rusiyaya münasibətdə bölgədə yeni vəziyyətin yaradılmasına marağın mövcud olmaması ilə əlaqədardır. Məhz buna görə, ABŞ bölgədə Rusiyanın maraqlarına təsir göstərə biləcək hər hansı tədbirlər görmək istəmir. Buna görə də, Hillari Klintonun məktubu və onun ABŞ-ın Qarabağ nizamlanması ilə bağlı mövqeyini əks etdirən bəyanatları Amerika administrasiyasının bizim bölgəyə münasibətinin dəyişmədiyini nümayiş etdirir”.
Snayperlərin cəbhə xəttindən uzaqlaşdırılmasına dair dövlət katibinin mövqeyinə toxunan millət vəkili deyib ki, snayperlər məsələsi yalnız Ermənistan tərəfinə aid edilməlidir: “Belə ki, Azərbaycan snayperləri yalnız Ermənistanla olan dövlət sərhədlərindən geri çəkilə bilər. Azərbaycan snayperlərinin Qarabağ ərazisində cəbhə xəttindən uzaqlaşdırılması məsələsinə gəldikdə isə nəzərə almaq lazımdır ki, onlar Azərbaycan ərazisində yerləşməkdədirlər.
Əks halda belə bir sual yaranır ki, bəs erməni snayperlərin Azərbaycan ərazisində nə işləri var? Buna görə də, snayperlərin cəbhə xəttindən uzaqlaşdırılması məsələsi yalnız Ermənistan tərəfinə aid edilməlidir. Qeyd edirəm ki, Azərbaycan tərəfinin öz snayperlərini uzaqlaşdırması yalnız Azərbaycanın Ermənistanla bilavasitə təmas xəttində olan Gədəbəy, Tovuz rayonları ərazisində həyata keçirilə bilər. Başqa sözlə desək, snayperlərin uzaqlaşdırılması Qarabağdakı cəbhə xəttinə aid edilə bilməz”.
Onun fikrincə hazırki vəziyyətdə Klintonun münaqişə tərəflərinə eyni dərəcədə yanaşması anlaşılmazdır: “Çünki Ermənistan təkcə 4,4 min kvadrat kilometr təşkil edən Dağlıq Qarabağın ərazisini deyil, 17 min kvadrat kilometr ərazisini işğal altında saxlayır. Yəni Ermənistan təkcə Dağlıq Qarabağın inzibati hissəsinə aid olan əraziləri deyil, onun ətrafında olan böyük əraziləri işğal altında saxlayır. Bu o deməkdir ki, Ermənistanın məqsədi muxtariyyət və ya Dağlıq Qarabağda müstəqil dövlət yaratmaq deyil, Azərbaycan torpaqlarını işğal altında saxlamaqdır. Ona görə, təmkinlilik nümayiş etdirməyə dair çağırışların Azərbaycan tərəfinə aid olmasından söhbət belə gedə bilməz”.
F.Mustafa deyib ki, çıxılmaz vəziyyət zamanı, yəni münaqişənin sülh yolu ilə həlli yolları tükəndiyi zaman Azərbaycan problemin hərbi yolla həlli variantına əl atmalıdır. Qarabağ münaqişəsinin hərbi yolla həlli Azərbaycanın müstəsna hüququdur: “Ona görə, Qarabağ münaqişəsinin hərbi yolla həlli variantının olmamasına dair söz və bəyanatlar Azərbaycana aid ola bilməz. Əgər dünya dövlətləri münaqişənin hərbi yolla həllini istəmirlərsə, o zaman Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq prinsiplərini tətbiq etsinlər və bu zaman problem öz ədalətli həllini tapacaq. ABŞ isə bu münaqişənin nizamlanması məsələsində səmimilik nümayiş etdirmir. Əgər ABŞ bu istiqamətdə müəyyən addımlar atsaydı, asanlıqla ABŞ-ın regionda yaranan problemin dəyişməsində maraqlı olduğunu söyləmək olardı. Lakin biz ABŞ-da bu marağı görmürük və bu səbəbdən də Azərbaycan Amerika Administrasiyasının siyasətində Rusiya ilə münasibətlər çərçivəsinə daxil olmayan hər hansı bir dəyişiklik gözləməyə dair xəyallara qapılmamalıdır. Başqa sözlə desək, ABŞ-ın mövqeyində Rusiya ilə qarşılıqlı siyasətə daxil olmayan Qarabağın nizamlanması ilə bağlı dəyişiklik gözləmək sadəlövhlük olardı”.
PƏRVANƏ



Bu yazı ( 87 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar