12px14px16px18px

Mübariz Qurbanlı: “Regiondakı münaqişələrin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri təqdirəlayiqdir”

04:08 / 10.04.2012
“Cənubi Qafqaz geosiyasi və geoiqtisadi baxımdan dünyanın həssas bölgələrindən biridir. Bu bölgə şərqlə qərbin, şimalla cənubun iqtisadi münasibətlərinin düyün nöqtəsidir və bu baxımdan, regionda mövcud olan münaqişələrin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri təqdirəlayiqdir”. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin üzvü Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi bütövlükdə regionda mühüm layihələrin reallaşmasına mane olur. Dünyanın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və böyük dəyişikliklərə məruz qaldığını deyən millət vəkilinin sözlərinə görə, hazırda dünyada aparıcı yeri nə hərbi güc, nə əsgəri qüvvənin sayı deyil, yeni texnologiyalar, elm və dövlətlərin iqtisadi gücü tutur: “Dövlətlərin iqtisadi potensialının artmasında iqtisadi layihələr xüsusi yer tutur. Amma münaqişələr isə buna başlıca maneədir. Ona görə də, dünya dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməkdədir. Türkiyənin bu baxımdan təşəbbüsləri də yüksək dəyərə malikdir. Azərbaycanla Türkiyə strateji müttəfiq, dost və qardaş ölkələrdir. Qardaş dövlət kimi Türkiyə münaqişənin həlli prosesində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”.
Millət vəkili eyni zamanda qeyd edib ki, Türkiyənin belə təşəbbüsləri təsadüfi deyil, bu ölkə bölgənin ən güclü aktorlarından biridir. “Dövlət modeli baxımından Türkiyə islam dünyasında cəlbedici rol oynayır. Azərbaycan da dünyəvi dövlət kimi iqtisadi və siyasi modelinə görə cəlbedici ölkədir. Bizim Türkiyə ilə ortaq maraqlarımız başqa ölkələr ilə müqayisədə daha çoxdur. Türkiyə zaman-zaman belə təşəbbüslərlə çıxış edərək Qafqazı sülh və əmin-amanlıq bölgəsinə çevirmək istəyir, bölgə dövlətlərinin iqtisadi birliyinə nail olmağa çalışır. Qarabağ problemi isə bütün bunlara mane olur. Türkiyə dövlətinin rəhbərləri bütün səviyyələrdə, beynəlxalq tədbirlərdə bu məsələni qaldırır. Qeyd edim ki, bu münaqişə bütün bölgə dövlətlərinə ziyan vurur. Artıq Cənubi Qafqazda Rusiya üçün Ermənistanın əhəmiyyəti azalıb. Çünki Türkiyə bölgənin güclü dövləti kimi proseslərə təsirini artırır. Ümumiyyətlə, Qarabağ probleminin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri çox dəyərlidir. Hesab edirəm ki, bu cür təşəbbüslər münaqişənin sülh yolu ilə həll edilməsinə müsbət təsir göstərəcək”-deyə, millət vəkili vurğulayıb.
VAHAB




Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar