12px14px16px18px

MTN Gəncədə terrorçulara qarşı əməliyyat keçirdi

SƏHƏR TEZDƏN BAŞLANAN ƏMƏLİYYAT NƏTİCƏSİNDƏ NAZİRLİYİN ZABİTİ HƏLAK OLDU, SİLAHLI QRUPLAŞMANIN BİR ÜZVÜ ÖLDÜRÜLDÜ

13:45 / 07.04.2012
Aprelin 6-da səhər saatlarında Gəncədə qanlı insident baş verib. Gəncə Şəhər Baş Polis İdarəsindən “Trend” agentliyinə bildiriblər ki, insident qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı baş verib. Ölənlər və xəsarət alanlar var.
“ANS-Press” xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ölənlərin birinin silahlı birləşmənin üzvü, digərinin hüquq mühafizə orqanı əməkdaşı olduğu vurğulanıb. “Azadlıq” radiosu bildirib ki, hadisə Təbriz küçəsindəki 93 saylı binanın 3-cü mərtəbəsində baş verib. Sakinlər radionun müxbirinə deyiblər ki, silahlı qruplaşmanın üzvləri olduğu bildirilən adamlar çoxdan bu mənzildə yaşayırmışlar. Məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları həmin mərtəbədə qalan sakinləri təhlükəsizlik məqsədilə binadan çıxarıb.
Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev deyib ki, 93 saylı binanın 3-cü mərtəbəsində əməliyyatı Daxili İşlər Nazirliyinin yerli şöbəsi deyil, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həyata keçirib. “Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzi ilə əlaqə saxlayın. Əməliyyatı MTN həyata keçirib, mən heç nə deyə bilmərəm”.
APA-nın məlumatına görə, insident zamanı hüquq mühafizə orqanlarının bir əməkdaşı həlak olub, üçü yaralanıb. Qarşı tərəfdən isə bir nəfər ölüb, iki nəfər yaralanıb. Ölən yaraqlının meyiti üzərində partlayıcı olduğundan hadisə yerinə mütəxəssislər çağırılıb. Ölən əməliyyatçının meyiti və digər yaralılar vertolyotla Bakıya gətirilib.
Gəncə Şəhər Baş Polis İdarəsindən bildirilib ki, dünən saat 04.00 radələrində Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı əməliyyat keçirib.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev “Trend”ə açıqlamasında Gəncədə nazirlik tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Əməliyyat tədbirləri davam etdiyindən əlavə məlumat verilməyib.
Qeyd edək ki, əməliyyat zamanı həlak olan MTN-in xüsusi təyinatlı dəstəsinin zabiti, polkovnik-leytenant Elşad Quliyev olub. O, dünən dəfn edilib. Mərhumun dəfn mərasimində MTN-nin rəhbərliyi də iştirak edib.
Qeyd edək ki, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev Azərbaycan prezidentinin 28 mart 2009-cu il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Hadisəylə bağlı “Azadlıq” radiosunun apardığı araşdırma zamanı məlum olub ki, silahlı dəstənin qaldığı 31 saylı mənzil hazırda Rusiyada yaşayan Gəncə sakininə məxsusdur. Ev sahibi uzun müddət imiş ki, evi həmin şəxslərə kirayəyə veribmiş. Həmin ərazidəki 3 saylı Mənzil İstismar Sahəsindən verilən məlumata görə, onlar həmin mənzilin kirayə verilməsindən xəbərdar olsalar da, orda kimlərin yaşaması barədə məlumatsız olublar: “Evin sahibi indi Rusiyada yaşayır. Amma orda kirayə qalanları biz tanımamışıq”.
Əməliyyat bitəndən sonra “Azadlıq” radiosunun müxbiri Gülnur Raqifqızı hadisə baş verən blokda olub.
“Mən 3-cü mərtəbəyə qədər qalxdım. Blok hər yer qan içində idi. Pilləkəndə əməliyyatçılar qeydlər aparmışdılar. Silahlı dəstənin olduğu mənzilin qapısı isə möhürlənmişdi. Qonşular danışmaq istəmədi. Bir nəfər adının açıqlanmasını istəməyən sakin dedi ki, həmin üç nəfər saqqallı olmayıb, amma şalvarları qısa olub. Həmişə səliqəli geyimdə olublar. Qonşularla da görüşüb-salamlaşıblar” – deyə radionun müxbiri bildirib.
Qeyd edək ki, dünən MTN Zaqatala rayonunda da əməliyyat keçirib. Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, əməliyyat zamanı 4 nəfər saxlanılıb. Saxlanılan şəxslər Bakıya gətirilib. Onların nədə ittiham olunduğu açıqlanmır. Bununla belə, Zaqatalada həyata keçirilən əməliyyatın Gəncə əməliyyatı ilə bağlılığı istisna edilmir.
Hadisəylə bağlı dünən MTN açıqlama yayıb. Açıqlamada bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb. Məlumata görə, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində silahli birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd “AKM” tipli avtomat silah, 1 ədəd “RPK” tipli pulemyot, 2 ədəd “Makarov”, 1 ədəd “Naqan”, 1 ədəd “Steçkin” tipli tapancalar, 2 ədəd “Karabin” tipli tüfəng, 6 ədəd güllə ilə dolu tapança darağı, 300 ədəd müxtəlif çaplı patron, 31 ədəd əl qumbarası, 15 ədəd uzaqdan idarə edilən partlayıcı qurğu, 3 ədəd detonator, külli miqdarda partlayıcı maddə olan plastid, 3 ədəd avtomat silah üçün daraq, 30 ədəd “Kenwood” markalı rabitə aparatı, 3 ədəd süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülüb.
Bildirilib ki, Gəncə şəhərində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı şiddətli silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara odlu silahlardan atəşlər açılıb və əl qumbarası atılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı həlak olub və 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü isə yaxalanıb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılmışdır. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.



Bu yazı ( 350 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar