12px14px16px18px

Milli Məclis sədrinin müavini: “Erməni mifi” dünyada dağılmaqdadır”

14:38 / 20.03.2012  
“Bu gün Qarabağ işğal altındandır. Bu gün təkcə qarabağlıların yox, bütün Azərbaycan xalqının, Azərbaycan dövlətinin qarşısında duran bir nömrəli məsələ Qarabağın işğaldan azad edilməsidir”. Bunu mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova dilə gətirib.Onun dediyinə görə, bu, davamlı bir prosesdir və bu prosesdə hər kəsin öz yeri və rolu var. Bununla belə,vitse-spiker düşünür ki, öz torpaqlarından didərgin düşmüş insanlar, onları təmsil edən insanlar daha fəal olmalıdırlar: “Çünki bizim evlərimiz yağmalanıb, yurdlarımız talanıb, dağıdılıb, bu müharibənin dəhşətlərinin nə olduğunu öz həyatımızda hiss etmişik, yurd içində yurd həsrəti çəkməyin nə demək olduğunu yaxşı bilirik. Ona görə hesab edirəm ki, biz daha artıq səy göstərməliyik. Bu gün mənim seçicilərim qaçqın, köçkün həyatı yaşayan insanlardır. Düzdür, dövlətimiz bu insanların yüksək həyat şəraiti ilə təmin olunması üçün müvafiq işlər görür, mümkün olan hər şeyi edir, amma bu insanlar sosial cəhətdən yaxşılaşmış həyatlarını öz yurdlarından kənarda sürdürmək məcburiyyətindədirlər. Bunun özü psixoloji gərginlik, kompleks yaradır ki, bütün bunlar nəzərə alınmalıdır. Əlbəttə ki, ikiqat diqqətli, ikiqat qayğıkeş, ikiqat həssas, ikiqat məsuliyyətli olmalısan ki, bütün bu vəzifələrin öhdəsindən gələ, həm də bu incə məqamları nəzərə ala biləsən”. B. Muradova onu da deyib ki, biz heç kəsin ərazisini işğal etməmişik, bizim torpaqlarımız işğal olunub: “ Beynəlxalq hüququn prinsipləri, insan hüquqları, insanların yaşamaq, mülkiyyət hüquqları bizə münasibətdə pozulub. Bu isə onu deməyə əsas verir ki, beynəlxalq hüququn tələbləri, haqq və ədalət bizim tərəfimizdədir. Bizdə olan əminlik də ilk növbədə burdan doğur ki, əvvəl – axır haqq – ədalət qalib gəlməlidir. Bu haqq – ədalətin zəfər gününü yaxınlaşdırmaq da bizim fəaliyyətimizdən asılıdır. Bu istiqamətdə də əminliyimiz var. Ona görə ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə Prezidentinin rəhbərliyi ilə uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan dövləti çox böyük nailiyyətlər əldə edib, Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, dünyanın diqqət və marağı ölkəmizə yönəlib. Bu isə deməyə əsas verir ki, biz öz problemimizi gec – tez aradan qaldıracağıq. Biz o torpaqlara mütləq qayıdacağıq”. Qarabağ danışıqlarının hansı nöqtədə olmasına gəlincə, vitse-spiker bildirib ki, əgər biz danışıqlara müsbət nəticə baxımından yanaşsaq, artıq neçə ildir ki, eyni nöqtədəyik : “Amma erməni lobbisinin, erməni maraqlarına xidmət edən beynəlxalq dairələrin, dünya erməniliyinin başlatdığı bir prosesdə artıq keçən hər gün onlar üçün uğursuzluq sindromunu möhkəmləndirir, Azərbaycan üçün isə uğur qazanmaq ehtimallarını daha çox artırır. Ən əsası, dünyada erməni mifi dağılmaqdadır. Azərbaycan həqiqətləri artıq daha geniş anlamda dünyada qəbul olunmaqdadır. Əgər vaxtilə, qondarma “erməni soyqırımı” qərarlarının qəbulu, xarici dövlətlərin parlamentlərində erməni maraqlarına xidmət edən qərarların qəbulu müşahidə edilirdisə, bu gün artıq Azərbaycan mövqeyindən qəbul edilən qərarlar və məsələlərə yanaşma özünü daha çox göstərməyə başlayıb. Artıq dünya ermənilərin öz siyasətlərini yalan üzərində qurduqlarının fərqindədir. Bunun özü Qarabağ məsələsinin haqq-ədalət çərçivəsində həllinə şərait yaradan amillərdən biridir”. KAMİL



Bu yazı ( 388 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar