12px14px16px18px

Marqareta Ling-Vannerus: “Məqsədimiz Azərbaycan və İsveç qadınları arasında əlaqələr qurmaq, onu inkişaf etdirməkdir”

14:37 / 20.03.2012
Milli Məclis sədrinin müavini Bahar Muradova İsveçdə fəaliyyət göstərən “Qadın və demokratiya cəmiyyəti”nin ölkəmizə səfərə gəlmiş təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Görüş iştirakçıları öncə ictimai-siyasi fəaliyyətinə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə B. Muradovanı təbrik ediblər. Görüşdə vitse-spiker Azərbaycanla İsveç arasında yaxşı əlaqələrin olduğunu qeyd edib, nümayəndə heyətinin qadınlardan ibarət olmasından məmnunluğunu bildirib. O, səfərin əhəmiyyətini yüksək dəyərləndirərək keçirilən görüşlərin xalqlarımız arasındakı münasibətlərin inkişafına yeni təkan verəcəyini söyləyib. B. Muradova demokratik ölkələrdə insan faktoruna, qadın amilinə xüsusi önəm verildiyini qeyd edərək bütövlükdə cəmiyyətin inkişafında və dövlətin tərəqqisində qadınların böyük rol oynadığını vurğulayıb. B. Muradova müstəqillik əldə etdiyi qısa müddətdə Azərbaycanın hər sahədə qazandığı nailiyyətlərdən söz açıb, dövlət səviyyəsində ölkəmizdə yürüdülən qadın siyasətindən, seçkili orqanlarda qadınların sayının ildən-ilə artmasından bəhs edib və bildirib ki, hazırda Milli Məclisdə 20 qadın deputat var:“ Bələdiyyələrə son seçkilərdən sonra yerli özünüidarəetmə orqanlarında qadınlar 27 faizlə təmsil olunub. Ümumiyyətlə, cəmiyyətdə qadın və kişi üçün bərabər imkanların yaradılması, həmçinin gender məsələsində milli adət və ənənələrin nəzərə alınması vacibdir”. Sonra İsveç nümayəndə heyətinin rəhbəri Marqareta Ling-Vannerus görüş üçün minnətdarlıqlarını çatdırıb və Azərbaycan qonaqpərvərliyindən məmnunluqlarını bildirib. Qonaq deyib ki, səfərin məqsədi Azərbaycan və İsveç qadınları arasında əlaqələr qurmaq və inkişaf etdirməkdir. Hələ sovet dövründən müxtəlif respublikalara dəfələrlə səfər etdiklərini deyən xanım Marqareta Ling-Vannerus karyera qurmaq istiqamətində keçdiyi həyat yolundan danışıb, ölkəsində qadınların cəmiyyətdəki mövqeyi barədə ətraflı məlumat verib və bildirib ki, Stokholm şəhərində yerli hakimiyyət nümayəndələrinin və Nazirlər Kabinetinin yarısı qadınlardan ibarətdir. Parlamentdə də qadınlar 43 faizlə təmsil olunur: “Siyasi partiyalarda qadınların sayı durmadan artır”. Görüş zamanı nümayəndə heyətinin bütün üzvləri söz alaraq özlərini təqdim ediblər və təcrübələrini bölüşüblər, həmçinin, ölkələrində qadınlarla bağlı qanunvericiliyin geniş imkanlar açdığını bildiriblər.Görüşdə, qadının cəmiyyətdə rolu və mövqeyi barədə maraqlı fikirlər söylənib. Fikir mübadiləsində deputatlar- Sahibə Qafarova və Sevinc Fətəliyeva Azərbaycan qadınının bugünü, dövlət quruculuğundakı rolu, ictimai-siyasi fəaliyyəti, ailədəki mövqeyi barədə qonaqlara məlumat veriblər. Görüşü yekunlaşdıran vitse-spiker B.Muradova isveçli xanımların cəmiyyətdə zərif cinsin rolunun artırılmasına yönəldilmiş fəaliyyətlərini və ölkə-ölkə gəzərək bu sahədə qazandıqları təcrübəni bölüşmələrini müsbət dəyərləndirib və qeyd edib ki, İsveç qadınlarının əldə etdikləri nailiyyətlər bir çox xalqlara örnək ola bilər, amma hər kəs bu örnəkdən öz imkanları və milli dəyərləri səviyyəsində bəhrələnməlidir. KAMİL


Bu yazı ( 398 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar