12px14px16px18px

Seyid Əhməd Arslan: “Türkiyə öz təcrübələrini Azərbaycanla hər zaman paylaşmağa hazırdır”

00:24 / 19.03.2012
 
Ötən gün “Türkiyənin turizmdəki uğurları” adlı tədbir keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin təşkil etdiyi tədbirdə Azərbaycanın turizm ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, türkiyəli iş adamları, turizm şirkətləri və hotel rəhbərləri, media təmsilçiləri iştirak edib.
Mərasimi səfirliyin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan açaraq əlverişli təbii şəraiti, qədim tarixi, zəngin mətbəxi və bir çox digər xüsusiyyətləri ilə tanınan Türkiyədə turizmin inkişaf yolu barədə söz açıb. Qeyd olundu ki, 2011-ci ildə Türkiyə ölkəyə gələn turistlərin sayına görə dünyada 7-ci yeri tutur. Türkiyə siyahıda İspaniya, İtaliya, Fransa, Böyük Britaniya kimi Avropa ölkələri ilə bir sırada durur. Dünya Turizm Təşkilatının məlumatına görə, ötən il dünyada 940 milyon turist səfər edib ki, bunun da 31 milyonu Türkiyənin payına düşür.
Müşavirin sözlərinə görə, Türkiyə bu uğurları əldə etmək üçün bütün dünyada yüksək səviyyədə reklam və tanıtım kampaniyası həyata keçirir: “Hazırda Türkiyənin 37 ölkədə mədəniyyət və tanıtım müşavirliyi fəaliyyət göstərir. Bu müşavirliklər yerləşdikləri ölkələrin, eyni zamanda isə yaxın qonşu ölkələrin kütləvi informasiya vasitələri, turizm fəaliyyəti ilə məşğul olan qurumları, turizm şirkətləri və hotelləri ilə yaxından əməkdaşlıq edir, onların Türkiyəyə mütəmadi olaraq səfərlərini reallaşdırır”.
Müşavir qeyd edib ki, Türkiyə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq turizm sərgilərində fəal iştirak edir: “2011-ci ildə Türkiyə 61 ölkədə keçirilən 153 sərgidə iştirak edib. Dünyanın tanınmış telekanallarında ölkəmizin turizm potensialını əks etdirən 55 reklam roliki nümayiş etdirilib. Bir çox ölkələrdə Türkiyə mədəniyyəti günləri keçirilir, eyni zamanda isə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edirik. Bütün bu və ya digər tədbirlər bizə ölkəmizin turizm potensialını lazımi səviyyədə tanıtmağa imkan verir”.
Seyid Əhməd Arslan çıxışında Azərbaycandakı fəaliyyətlərinə də toxunaraq bildirdi ki, iki ay əvvəl Bakıdakı Türkiyə səfirliyinə mədəniyyət və tanıtım müşaviri təyin olunub. Onun sözlərinə görə, qarşıdakı illərdə iki ölkənin mədəni dəyərlərini bir-birinə tanıtmaq üçün bir çox layihələrə imza atılacaq: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Türkiyədə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Biz də Bakıda film, türk mətbəxini tanıtma günlərinin keçirilməsini nəzərdə tutmuşuq. Azərbaycanlı jurnalistlərin Türkiyəyə göndərilərək Türkiyədəki tarixi və turizm obyektlərinin tanıdılması üçün mədəniyyət həftələrinin keçirilməsi də planlaşdırılıb. Türkiyə öz təcrübəsini Azərbaycanla hər zaman paylaşmağa hazırdır. Ötən il Azərbaycandan Türkiyəyə 578 min turist gedib. Bu rəqəm çox azdır. Mən 700 mindən çox azərbaycanlı turistin gəlməsini arzulayıram”.
Türkiyənin Azərbaycandakı səfiri Hulusu Kılıç çıxışında ölkəsinin turizm potensialı, bu sahədə əldə etdiyi uğurlar, 2011-ci ilin nəticələri haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Tədbir maraqlı konsert proqramı ilə yekunlaşıb.
PƏRVANƏ
 
 



Bu yazı ( 151 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar