12px14px16px18px

Milli Məclisin komitəsi Azərbaycanla Serbiya arasında kredit sazişini müzakirə edib

20:44 / 18.03.2012
Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin dünənki iclasında Azərbaycan və Serbiya hökumətləri arasında kredit sazişi müzakirə olunub. Bu Serbiyada e-763 avtomobil magistralının Ljiq-Boljkovçi, Boljkovçi-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün borc verən qismində çıxış edən Azərbaycan hökuməti ilə borc alan qismində çıxış edən Serbiya hökuməti arasında kredit sazişinə aiddir. Qanun layihəsi barədə danışan sözügedən komitənin sədri Ziyad Səmədzadənin bildirdiyinə görə, bu sənəd müstəqil Azərbaycanın xarici bazarlara çıxışını əks etdirir. Onun sözlərinə görə, son illər bu yöndə ciddi proses getməkdədir, Azərbaycan investisiyası xarici bazarlara çıxır: “Bu, heç şübhəsiz müstəqil Azərbaycanın əldə etdiyi uğurların məntiqi nəticəsidir. Bildiyiniz kimi, Azərbaycan bugünədək Türkiyədə, Moldovada, Rusiyada bir sıra investisiya layihələri həyata keçirib və keçirməkdədir. İndi isə növbəti layihələrdən birini Serbiya Respublikasında reallaşdırmaq istəyir. Bir müddət öncə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Serbiya hökuməti arasında 2012-ci il 1 fevral tarixli saziş imzalanıb və bu sazişə əsasən, Azərbaycan Serbiyada investisiya layihəsini həyata keçirəcək. Bugünkü müzakirəyə çıxarılan qanun layihəsi də həmin sazişin ratifikasiyasını nəzərdə tutur”. Sazişlə bağlı komitə üzvlərini məlumatlandıran İqtisadi İnkişaf Nazirliyinin departament rəhbəri Tahir Babayev bu sənədin kifayət qədər önəmli və mükəmməl bir sənəd olduğunu qeyd edib. T.Babayevin qeyd etdiyinə görə, 2012-ci il 1 fevral tarixli sazişə əsasən, Azərbaycan Serbiyada magistral yolun layihələndirilməsində, maliyyələşdirilməsində iştirak edəcək: “Baş podratçı qismində də Azərbaycanın müvafiq şirkəti iştirak edəcək. Saziş 15 il müddətinə nəzərdə tutulub, eyni zamanda sazişin maliyyə məbləği 300 milyon avrodur. Saziş üç il güzəştli şərtlə, illik faiz dərəcəsi 4 faiz olmaqla, 15 il müddətinə verilir”. Müzakirələrdən sonra sazişin ratifikasiyasını nəzərdə tutan qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU


Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar