12px14px16px18px

Zahid Oruc: “Bakının statusu məsələsini hökumətin hesabatı zamanı bir daha gündəmə gətirəcəyik”

11:58 / 16.03.2012
Müsahibimiz Milli Məclisin (MM) üzvü,Ana Vətən Partiyasının (AVP) sədr müavini Zahid Orucdur

– Zahid bəy, ayın 16-da parlamentdə hökumətin növbəti hesabatı olacaq. Bu baxımdan, siz bu hesabatla, hökumətin son bir illik fəaliyyəti ilə bağlı nə deyərdiniz ?
– Bu dövr ərzində, etiraf etmək lazımdır ki, çox böyük layihələr həyata keçirilib. Ölkənin əsas iqtisadi vəzifələrinin priotetləri ümumən müəyyənləşib, ölkəmizin də xarici əlaqələri bu dövrdə büdcə şəklində reallaşıb. Yetər desək ki, Azərbaycanın büdcə imkanları qat-qat artıb və dövlət rəhbərliyi də bunu balanslı bir şəkildə sosial və digər ictimai ehtiyacların ödənməsinə yönəltməkdədir. Paralel şəkildə, yəni, əsas infrastruktur quruculuğu siyasətdə güclü şəkildə gedib. 2011-ci ilin nəticələrinin dövlət başçısı yanında müşavirədə qiymətləndirilməsi zamanı – istər təhsil, istər səhiyyə və digər sahələrlə bağlı əsas infrastruktur quruculuğunun, demək olar ki, böyük bir yol keçərək gəldiyi və əsas vəzifələrin yerinə yetirildiyi vurğulanıb.
Düşünürəm ki, infrastruktur quruculuğundan vətəndaşların ehtiyaclarının quruculuğuna tam keçmək zamanıdır. 2012-ci ilin siyasətində bunlar önəmli olmalıdır və ötən ilin hesabatlığı zamanı biz bu məqamları yüksək şəkildə, necə deyərlər, nəzərdə tutmalıyıq. Paralel şəkildə, əlbəttə, etiraf edək ki, bu dövr ərzində hökumətin fəaliyyətində nöqsan, qüsur, vətəndaşları narazı salan məqamlar da az olmayıb...
–Hansı məqamları konkret nəzərdə tutursunuz?
– Bu, bir tərəfdən ünvanlı yardımların hələ də bir sıra hallarda ünvansız işləməsidir, o cümlədən, bütün bu siyahının müəyyənləşməsi zamanı qüsurların özünü göstərməsidir. Dövlət başçısı tərəfindən müəyyənləşmiş siyasətin bir sıra hallarda vətəndaşa çatmamasıdır, kredit siyasətinin bütün əhalini əhatə etməməsidir, o cümlədən, iqtisadi sahibkarlıq fəaliyyəti aparanlara qarşı süni müdaxilələrin həyata keçirilməsidir. Ən başlıcası isə 2011-ci ildə cənab prezident tərəfindən tapşırılmış əmlak və mülklərin qeydiyyatının rəsmiləşdirilməsi prosesinin hüquqi müstəvidə bu il də, yəni, ötən il də aparıla bilməməsidir.
Bunun üçün gərəkən tələblərin qanunvericilik bazasının təqdim olunmamasıdır və bu özü-özlüyündə 500 minə qədər insanı əhatə edir, onlar iqtisadi müstəvidən sanki kənarda qalırlar, nə kredit layihələrində iştirak edə , nə ümumiyyətlə, vətəndaş haqlarını tanıtdıra bilirlər. Çünki qeydiyyatın olmaması öz-özlüyündə avtomatik digər məsələlər üçün də problemlərə yol açır. O cümlədən, mənzil-məişət şəraitinə bağlı qurumların, xüsusilə də, kommunal-təsərrüfat sisteminə bağlı qurumların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmaması, keçmiş sovet sisteminin bir elementi olaraq onların qalması, həmçinin, mülkiyyət toxunulmazlığı prinsipinin hələ də əlahiddə və müqəddəs bir dəyərə çevrilə bilməməsidir.
Bu, iqtisadi təhlükəsizliyimizə təsir edir. Çünki iqtisadi sabitliyin pozula biləcəyi məhz bu nöqtələrdədi və bu öz-özlüyündə vətəndaşların ümumi siyasi həyatına da, ictimai əhval-ruhiyyəyə də, dövlətə münasibətlərinə də təsir edir. Düşünürəm ki, biz hesabat zamanı bunları vurğulayacağıq, ayrı-ayrı qurumların fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu söyləyəcəyik, hökumətin ümumi fəaliyyətinə müsbət mövqeyimizi ifadə etməklə bərabər, cənab prezidentin çox çevik, yəni, aparıcı bir modeldə fəaliyyəti ilə yanaşı, eyni zamanda, bir sıra hallarda məmur özbaşınalığını da, məmur əliəyriliyini də, mədə maraqlarını da ortaya qoyacağıq .
Eyni zamanda onu da düşünürəm ki, bu, öz-özlüyündə gələcək fəaliyyətimizin daha düzgün qurulmasına kömək edəcək.
–Mülkiyyət toxunulmazlığının hüquqi cəhətdən qorunması ilə bağlı məsələnin , konkret qanun layihəsinin gündəmə gətirilməsi bu hesabatdan sonra mümkündürmü? Eyni zamanda, mənzillərin qeydiyyata alınması, qanunsuz evlərin sənədləşdirilməsi məsələsi də ən azı Tikinti və Şəhərsalma Məcəlləsində öz əksini tapa bilərmi?
– Şübhəsiz ki, sizin dediyiniz ikinci məsələni qanunvericilik qaydasında daha ətraflı həll etmək mümkündür. Çünki nəzərə alın ki, bu, təkcə o insanları əhatə etmir ki, onlar 50 illə, 60 illə müxtəlif əsas kommunikasiya xətləri kənarında və yaxud yüksək gərginlikli xətlərin qırağında məskunlaşıblar . Bu, təkcə onunla bağlı deyil, eyni zamanda, bugünkü dönəmdə tikinti işlərini həyata keçirməsi zamanı vətəndaşların kütləvi aldadılması halları var. Demək, bu, qanunvericilikdəki boşluqlardan qaynaqlanır. Tikintinin əsası qoyulan kimi onun mülkiyyət hüququ tanınmalıdır. Bu, yalnız bir insanın, deyək ki, sərəncamında olduğu görünməliydi. Fərdi qaydada tikintini həyata keçirən vətəndaşlar arasında olacaqdısa, bu qədər insanların problemi meydana çıxacaqdısa, o zaman dövlətsə vətəndaşların aldadılmasına, onların müflisləşməsinə, maddi cəhətdən var-yoxdan çıxmamasına dözməməlidir.
Çünki bu, nəhayət etibarilə sonda dövlətin üzərinə qayıdan bir yükə çevrilir. O ki qaldı mülkiyyət toxunulmazlığının qanunvericilik əsasları ilə bağlı məsələyə, düşünürəm ki, bunlar var, mövcuddur. Yetər ki, bunlara əməl olunsun. Gəlin görək, dövlət ehtiyacları üzündən ayrı-ayrı əmlakların və yaxud da mənzillərin alınması şərtləri qanunda varmı, yoxmu? Bilirsiniz ki, parlamentdə bu məsələ istər 2005-ci ildə, istərsə də ondan sonrakı illərdə qəbul olunub, amma sonralar Nazirlər Kabinetinin hazırladığı təlimat da 4 prinsipi nəzərdə tutaraq bu işin həyata keçirilməsi hüququnu tanıyır, gerçəklikdə isə bir sıra hallarda çox səhv işləyən bir sistemə çevrilir və bu da öz-özlüyündə təkcə insanların yerdəyişmələrinə, köçürülmələrinə , bu köçürülmələrdən yaranan qaçqınçılığa yox, eyni zamanda, daha artıq dərəcədə ayrı-ayrı qurumlarla gizli toqquşmalara, problemlərə yol açır.
İnsan ola bilsin ki, bazar qiymətindən çox-çox yüksək öz mənzilini qiymətləndirə bilər. Bu, onun hüququdur. Prosesi tənzimləyəcək yeganə orqan məhkəmədir. Bu, qanunda əksini tapıb. Kimsə özəl olaraq deyə bilməz ki, bu binanın və bu mənzilin qiyməti kvadrat metr etibarilə 1500 manat olacaq, ya 1500 dollara olacaq?! Bu, özəl baxışla müəyyənləşəcək məsələ deyil, bunun kvotasını, kriterisini müəyyənləşdirəcək yeganə təsisat məhkəmədir.
– Ümumiyyətlə, həm mülkiyyət toxunulmazlığı , həm qanunsuz mənzillərin qanuniləşdirilməsi, sənədləşdirilməsi ilə bağlı məsələləri kompleks şəkildə həll etmək üçün Bakının statusu haqqında ayrıca qanuna ehtiyac varmı?
– Şübhəsiz. Buna cox ciddi ehtiyac var. Bakının hələ də iri bir meqapolis olaraq ümumi siyasətində – istər rayonlarla münasibət, koordinasiyanın təşkili, müxtəlif təbii fövqəladə şəraitlərdə birgə hərəkət, qərarların qəbul olunmasındakı operativlik məsələsi, eyni zamanda, hüquqi tabeçilik prinsipləri, mülkiyyət, iqtisadi fəaliyyət üzərində paralelçiliklər, funksional təkrarçılıq, bir sıra hallarda bürokratik əngəllərin formalaşması, vətəndaş qarşısında bir neçə bürokratik zirehin yaranması öz-özlüyündə Bakının statusu haqqında qanununvericiliyin olmadığından irəli gəlir. Düşünürəm ki, qarşıdakı dövrdə bu məsələ tənzimlənməlidir, hüquqi səviyyədə həll olunmalıdır və bu, hökumətin hesabatı zamanı da biz bu məsələni gündəmə gətirəcəyik.
KAMİL





Bu yazı ( 181 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar