12px14px16px18px

Almaniya xarici işlər naziri: “Qarabağ münaqişəsinin həllinə nail olmağın vaxtıdır”

“SƏFƏRİMİN MƏQSƏDLƏRİNDƏN BİRİ DƏ ƏMƏKDAŞLIĞIMIZIN HƏM İKİTƏRƏFLİ, HƏM DƏ AVROPA BİRLİYİ KONTEKSTİNDƏ GƏLƏCƏK İNKİŞAFINDA MARAQLI OLDUĞUMUZU İFADƏ ETMƏKDİR”

01:56 / 15.03.2012
 
Almaniya Federativ Respublikasının xarici işlər naziri Gido Vestervellenin APA-ya müsahibəsi
 
– Azərbaycana səfəriniz iki ölkə arasında diplomatik əlaqələrin 20-ci ildönümünə təsadüf edir. Almaniya-Azərbaycan əməkdaşlığını möhkəmləndirmək üçün daha nə etmək lazımdır?
 
– Mən ikitərəfli münasibətlərin dərinliyindən məmnunam. Almaniya son iyirmi ildə Azərbaycanın yaxın tərəfdaşı olub. Səfərdə məqsədim təkcə diplomatik əlaqələrin 20 illiyini qeyd etmək deyil, eyni zamanda əməkdaşlığımızın həm ikitərəfli, həm də Avropa Birliyi kontekstində gələcək inkişafında maraqlı olduğumuzu ifadə etməkdir. Məsələn, alman şirkətləri daha çox sərmayə yatırmağa və Azərbaycan iqtisadiyyatının bundan sonra da diversifikasiyasına yardım etməyə hazırdır. Bu il Almaniya və Azərbaycan hər ikisi BMT Təhlükəsizlik Şurasında təmsil olunur və mən Suriya və İran kimi məsələlərdə Azərbaycanla daha əlaqəli işləməyi gözləyirəm.
 
– Almaniya hər zaman “Nabucco” layihəsini dəstəkləyib, lakin “Şah Dəniz” konsorsiumu hələ də kəmərin Avropa bazarlarına qaz ötürməsi barədə qərara gəlməyib. Almaniya indi hansı layihəni dəstəkləyir, Azərbaycan və Almaniya enerji əməkdaşlığını necə genişləndirə bilərlər?
 
– Cənub Dəhlizinin inkişafı həmişə Avropa Birliyi və Almaniya üçün strateji əhəmiyyət kəsb edib. Azərbaycandan Avropaya çəkilən istənilən kəmər – “Nabucco”, ya da “Trans-Adriatik” olsun, hər iki layihədə alman şirkətləri iştirak edir – üçüncü tərəfə açıq olmalıdır. Bu layihələr reallaşanda Xəzər regionundan daha çox qaz ötürülməsinə imkan yaranmalıdır.
 
– Sizcə bu il Bakıda keçiriləcək “Eurovision” müsabiqəsi Azərbaycanın Almaniyada tanıdılmasına necə töhfə verə bilər?
 
– Azərbaycan özünü fərdi azadlıqlar kimi fundamental Avropa dəyərlərinə açıq və onları bölüşməyə hazır olan ölkə kimi təqdim etmək üçün “Eurovision” müsabiqəsindən istifadə etməlidir. Mən El və Nikkinin ötən il Düsseldorfdakı qələbəsinə sevindim. Yeri gəlmişkən, El 2008-ci ildə Almaniya Akademik Mübadilə proqramı ilə Almaniyada təhsil alıb və alman dilində sərbəst danışır. Bu baxımdan o, Sizin ölkənin Almaniyada səfiridir.
 
– “Şərq Tərəfdaşlığı” Proqramının səmərəliliyini necə qiymətləndirirsiniz?
 
– “Şərq Tərəfdaşlığı” proqramı tərəfdaş ölkələrə çox şey təklif edir və Avropa Birliyi ilə onun şərq qonşuluğu arasında yaxınlaşmanı gücləndirmək, inkişaf etdirmək üçün effektiv vasitədir. “Şərq Tərəfdaşlığı” proqramının başlanmasından üç ildən də az müddət ərzində Azərbaycan və “Şərq Tərəfdaşlığı”nın digər 4 üzvü arasında assosiativ sazişlərlə bağlı danışıqlar aparılır. Sözsüz ki, biz tərəfdaşlarımızın da fəal şəkildə töhfə verməsini gözləyirik: təkcə hökumətlərin deyil, həm də vətəndaş cəmiyyətlərinin. Aydındır ki, bu tərəfdaşlıq tərəfdaşların öz üzərlərinə götürdükləri fundamental Avropa dəyərləri və standartlarına əsaslanmalıdır.
 
– Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində, xüsusilə tərəflər arasında etimadın qurulması sahəsində daha fəal rol oynamaq istədiyini dəfələrlə bəyan edib. Almaniya bu məsələyə necə töhfə verə bilər?
 
– Ötən il Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin daha yaxından iştirakı ilə bağlı Brüsseldə debatın təşkilində əsas rol oynayıb. Avropa Birliyi Xarici Əlaqələr Şurasının ötən ay qəbul etdiyi qərar və Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin yeni mandatı bu iştirakın genişlənməsi üçün yaxşı əsasdır. Bu iştirakın məqsədi ATƏT-in Minsk Qrupunu dəstəkləmək və tamamlamaqdır, məsələn etimadın qurulması sahəsində. Bütün regionda çiçəklənməni və sülhü əngəlləyən bu münaqişənin həllinə nail olmaq vaxtıdır.
 



Bu yazı ( 137 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar