12px14px16px18px

Bəkir Bozdağ: “Biz parlamentlər səviyyəsində əlaqələrimizi gələcəkdə də dəstəkləyəcəyik”

01:49 / 15.03.2012
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Respublikası Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə parlamentin sədri Novruz bayramı ərəfəsində Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluq duyduğunu vurğulayıb. Spiker “Türk Ocaqları Dərnəyi”nin yaradılmasının 100 illik yubileyi münasibəti ilə Bakıda keçiriləcək konfransda iştirak etmək üçün ölkəmizə səfər etmiş qonaqları yubiley münasibəti ilə təbrik edib və bildirib ki, biz tariximizə yaxşı nəzər salmalıyıq ki, bu gün harada olduğumuzu daha yaxşı anlayaq, hansı istiqamətdə hərəkət edəcəyimizi müəyyənləşdirək. Spiker “Türk dünyası: dünən, bu gün, sabah” mövzusunda keçiriləcək elmi-praktik konfransın işinə uğurlar arzulayıb və qeyd edib ki, 100 il öncə Dərnəyin əsasını qoymuş uzaqgörən insanların ideyalarının bir qismi artıq reallığa çevrilib. İndi dünyanın siyasi xəritəsində 6 türkdilli dövlət var: “Türk birliyinin reallığa çevrilməsi üçün intensiv səylər göstərilir. Türk xalqlarının zəngin enerji ehtiyatlarına malik olması artıq dünyanın diqqətini özünə çəkməkdədir. Onların yaşadıqları bölgələrin geostrateji əhəmiyyəti günbəgün artır. Bu isə öz növbəsində xalqlarımız arasında sıx birliyin və əməkdaşlığın vacibliyini önə çıxarır. Türk ölkələri dövlət başçılarının görüşlərinin müntəzəm xarakter alması günümüzün reallığıdır. Əlaqələrimizin daha da gücləndirilməsi üçün yaradılmış regional qurumlar, o cümlədən TürkPA səmərəli fəaliyyət göstərirlər. Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri türk dünyasının daha sıx birləşməsi üçün həlledici rol oynayır. Dövlətlərimizin əlbir səyi ilə həm region, həm də dünya üçün önəmli olan qlobal layihələr həyata keçirilir”. Çıxışının sonunda O. Əsədov belə bir inamı ifadə edib ki, illər ötdükcə, dövlətlərimiz gücləndikcə, dünyada cərəyan edən proseslərə bizim təsir imkanlarımız daha da genişlənəcək. B. Bozdağ isə deyib ki, nümayəndə heyəti “Türk Ocaqları Dərnəyi”nin yubileyi münasibəti ilə keçiriləcək konfransda iştirak edəcək və artıq Bakıda onlar bir sıra mühüm əhəmiyyətli görüşlər keçiriblər. Qonaq belə bir fikri vurğulayıb ki, ölkələrimizin bütün sahələrdə münasibətləri Ulu öndər Heydər Əliyevin təbirincə desək, “Bir millət, iki dövlət” prinsipi üzərində qurulub: “Nüfuzlu beynəlxalq qurumlarda mühüm əhəmiyyətli məsələlərin müzakirəsində vahid mövqedən çıxış edən nümayəndə heyətlərimiz türk coğrafiyasını əhatə edən TürkPA kimi təşkilatlarda da təqdirəlayiq fəaliyyət göstərirlər”. B. Bozdağ Türkdilli Ölkələrin Parlament Assambleyasının dövlətlərimiz arasında siyasi əlaqələrin dərinləşməsinə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafına dəyərli töhfələr verdiyini söyləyib və bildirib ki, qurum çərçivəsində müzakirə olunan məsələlər bütün türk dünyasını düşündürən məsələlərdir: “Biz parlamentlər səviyyəsində əlaqələrimizi gələcəkdə də dəstəkləyəcəyik. Bu baxımdan əməkdaşlığın daha da inkişafı məqsədi ilə türk dövlətlərinin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edirik”. Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun başçısı Nizami Cəfərov, qrupun üzvü deputat Qənirə Paşayeva, Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.
KAMİL


Bu yazı ( 124 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar