12px14px16px18px

Millət vəkili “Türk Ocaqları”nın xüsusi ödülünə layiq görülüb

01:48 / 15.03.2012  
“Türk Ocaqları” Azərbaycan parlamentinin üzvü Qənirə Paşayevaya xüsusi ödül təqdim edib. “Türk Ocaqları”nın 100 illik yubileyi münasibəti ilə təsis edilmiş ödülü yubiley mərasimində iştirak etmək üçün Bakıya gəlmiş Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ millət vəkilinə təqdim edib. “Türk Ocaqları” İstanbul təşkilat başkanı Cezmi Bayram bildirib ki, millət vəkili Qənirə Paşayeva onunla birlikdə “Türk Ocaqları”nın 100 illiyinin Azərbaycanda keçirilməsi təşəbbüsünün müəlliflərindən və əsas təşkilatçılarından biridir və ona görə “Türk Ocaqları” millət vəkili Qənirə Paşayevanın Türk dünyasının birliyi və bərabərliyi istiqamətində fəaliyyətini nəzərə alaraq onu bu mükafata layiq görüb. Millət vəkili Qənirə Paşayeva “Türk Ocaqları”nın 100 illik yubileyinin keçirilməsinə məhz Azərbaycanda başlamasını çox vacib və əhəmiyyətli, böyük bir hadisə adlandırıb. O deyib ki, bu gün Əli Bəy Hüseynzadənin, Əhməd Bəy Ağaoğlunun və “Türk Ocaqları”nın qurulmasında böyük xidmətləri olmuş digər böyük türk aydınlarının ruhunun şad olduğu gündür: “ Məhz onlar “Türk Ocaqları”nın qurucuları olmuş, silahdaşları ilə bərabər bu qurumu qardaş ölkənin ən nüfuzlu təsisatlarından biri halına gətirmişlər. Burada iştirak edən hər kəs çox bəxtiyardır ki, “Türk Ocaqları”nın 100 illik şərəfli yubileyinin iştirakçısıdır. Böyük öndər Heydər Əliyevin sözləri ilə desəm, “Biz bir millət iki dövlətik”. Bu mənada da “Türk Ocaqları”nın yubileyinin Azərbaycanda qeyd edilməsi çox anlamlıdır. Mən möhtərəm Prezidentimizin sözlərini xatırlatmaq istərdim – “Bir millətin iki diasporası ola bilməz”. Hesab edirəm ki, hər iki dövlətimizin ictimai birlikləri də bir-biri ilə sıx əlaqələr qurmalıdır. Bu yubiley mərasiminin keçirilməsinin, belə bir mötəbər nümayəndə heyətinin respublikamıza gəlişinin həmin əlaqələrə böyük təsiri olacaq”. Millət vəkili bu tədbirlərin Azərbaycanda keçirilməsi işinə verdiyi dəstəyi özünə bir borc hesab etdiyini deyib və bildirib ki, bundan sonra da “Türk Ocaqları” ilə əməkdaşlığı daha da geniş şəkildə davam etdirəcək. Millət vəkili “Türk Ocaqları”nın ödülünə layiq görülməkdən və ödülü qardaş ölkənin Baş nazirinin müavininin təqdim etməsindən məmnunluğunu ifadə edərək, Ocağın rəhbərliyinə və hər bir üzvünə öz təşəkkürünü bildirib.
KAMİL


Bu yazı ( 132 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar