12px14px16px18px

Konstantin Yerokostopoulos: “ Mədəniyyətlərarası Dialoq üzrə Bakı Forumu dünya üçün çox vacib və əhəmiyyətli bir layihədir”

14:06 / 02.03.2012
“Mədəniyyətlərarası dialoq məfhumu mədəniyyət siyasətinin inkişafına, mədəniyyət siyasətinin yerinə yetirilməsinə, Avropa standartlarının, prinsiplərinin, yaxşı təcrübələrin və bunun ardınca mədəniyyət sahəsində standartların qaydaya salınmasında iştirakı ehtiva edir”.
Bu fikirləri Avropa Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Konstantin Yerokostopoulos səsləndirib. Mədəniyyətlərarası dialoqla bağlı təşəbbüsə toxunan diplomat detib ki, 2005-ci ilin mayında Polşanın paytaxtı Varşavada Avropa Şurası və dövlət başçılarının sammiti keçirildi. Bu toplantıda mədəniyyətlərarası dialoqu təntənəli şəkildə elan edən siyasi bəyannamə və fəaliyyət planı qəbul edildi. Hər iki sənəddə müxtəlifliyin demokratik idarə olunması və xüsusilə də mədəniyyət sektoru təşkilatın mərkəzi prioriteti elan olundu. Bu münasibətlə təşkilatın məsul departamenti “Mədəniyyətlərarası Dialoq üzrə Ağ Kitab” çap etdi. Kitabda göstərilirdi ki, bizim ümumi gələcəyimiz insan hüquqlarını müdafiə və inkişaf etdirməyimizdən, demokratiyadan və hüquqi qaydalardan, qarşılıqlı anlaşmaya dəstək verilməsindən asılıdır.
Avropa Şurasının mədəniyyət sahəsindəki fəaliyyətindən danışan Konstantin Yerokostopoulos bunun dörd başlıca prinsipin üzərində qurulduğunu deyib: “Bunlar şəxsiyyətin inkişaf etdirilməsi, yaradıcı potensiala dəstək verilməsi, mədəni müxtəlifliyə hörmət və mədəni həyatda iştirak. Avropa Şurasının mədəniyyət və irs sahəsindəki işi müəyyən mənada mədəniyyət üzərində qurulmuş insan hüquqları mövzusu ilə əlaqəlidir. Mədəni həyatda iştirak və özünüifadə bu hüquqların tərkib hissəsidir. Bu il qurumun yeni səlahiyyətli orqanı – Mədəniyyət, İrs, Mənzərə üzrə Rəhbər Komitəsi əvvəlki xüsusiləşdirilmiş komitələri əvəz edəcək və bu sektorlarda Avropa Şurasının bütün fəaliyyətlərini tənzimləyəcək”.
O bildirib ki, Azərbaycan Avropa Şurasının üzvü kimi qurumda fəal iştirak edir və qurumun bir sıra layihələrində vacib rol oynayır: “Xüsusilə mən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2008-ci ilin dekabrında Bakıda keçirilən konfransını xatırlatmaq istərdim. Mən həmçinin Azərbaycanın mədəniyyətlərarası dialoqa dəstək verilməsində oynadığı rolu da vurğulamaq istərdim. Azərbaycan 2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna ev sahibliyi etməklə bu sahədə əhəmiyyətli rol oynadığını nümayiş etdirdi”.
Diplomat Azərbaycan prezidentinin fərmanı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildən bir Bakıda keçirilməsinə də və bu beynəlxalq mədəniyyət tədbirinin perspektivlərini də toxunub: “Bu məsələ ilə bağlı şəxsi fikrim bundan ibarətdir ki, Avropada mədəni siyasət üçün mənzərə indi çox mürəkkəbdir. Hadisələrin məğzinə nəzər yetirsək hər yerdə yenidən kəşf olunma, yenidən islahat aparma, yenidən layihələndirmə görünür. Bu çərçivədə Mədəniyyətlərarası Dialoq üzrə Bakı Forumu dünya üçün çox vacib və əhəmiyyətli bir layihədir. Bu iş xüsusilə də mədəniyyətlərarası yanaşmanı dürüst ifadə edən mədəni müxtəlifliyin idarə olunmasında tədbirli modeldir”.
PƏRVANƏ



Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar