12px14px16px18px

”Fransa Konstitusiya Şurasının qərarı bu ölkənin insan hüquqlarına hörmət etdiyini təsdiqlədi”

14:05 / 02.03.2012
“Fransa Konstitusiya Şurası ölkənin qanunlarına, ənənələrinə və demokratik prinsiplərinə istinad edərək hansısa bir siyasi qüvvənin və ya siyasi xəttin şıltaqlığı və iddiasına uyğun hərəkət etmədi. Prezident Nikola Sarkozinin və onun ətrafında olanların qondarma “erməni soyqırımını” inkara görə məsuliyyət müəyyən edən qanunun qüvvəyə minməsi cəhdlərinə son qoyuldu. Bu qərarla bir daha Fransa öz demokratik ənənələrinə sadiqliyini göstərdi”.
Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın saytına açıqlamasında deyib.
Fransanın yekcins ölkə olmadığını bildirən M.Qurbanlı bu dövlətdə mövcud olan müxtəlif qrupların və dairələrin öz maraqlarının olduğunu qeyd edib. Onun sözlərinə görə, müxtəlifliyə baxmayaraq Konstitusiya Şurası sarkozilərin Fransaya ləkə yaxmasına imkan vermədi. Çünki həmin qanun Fransanın demokratik ənənələrinə bir ləkə idi və bu ləkə aradan qaldırıldı. “Hesab edirəm ki, bu, çox əhəmiyyətli bir hadisədir. Həmin qərar eyni zamanda, Avropada bu cür cəhdlər göstərən, erməni lobbisinin təsiri altında belə hərəkətlərə yol vermək istəyənlərə tutarlı bir cavab oldu. Fikrimcə, sarkozilər yenidən belə qanunları ortaya çıxara bilməyəcəklər və biz bu cür cəhdlərə Fransanın yox dediyini gördük. Sərsəm qanunlara sərsəmlər dəstək verər. Sərsəm qanunların qarşısını isə kamillər ala bilər. Konstitusiya Şurasının bu məsələdə mövqe nümayiş etdirən nümayəndələri həqiqətən də kamil addım atdılar”- deyə YAP İcra katibinin müavini qeyd edib.
M.Qurbanlı məsələ ilə bağlı Azərbaycan hökumətinin öz mövqeyini ifadə etdiyini bildirib. Onun sözlərinə görə, Fransa parlamentinin qəbul etdiyi qanun demokratik prinsiplərlə tam ziddiyyət təşkil edirdi: “Azərbaycan hökumətinin mövqeyi belə idi ki, bu qanunun qəbul edilməsi nəinki Fransa-Türkiyə münasibətlərinə, eyni zamanda Fransa-Azərbaycan münasibətlərinə də böyük zərbə vura bilər. Hesab edirəm ki, Konstitusiya Şurasının bu qanunu ləğv etməsi ermənilərin məğlubiyətidir. Bu məğlubiyyətdə Azərbaycanın payı var. Eyni zamanda, biz də YAP olaraq öz sözümüzü dedik. YAP Gənclər Birliyi bu hadisələrlə bağlı Fransa Senatına etiraz məktubu göndərmişdi. Bütövlükdə, partiyamız həmin qanuna kəskin etirazını bildirmişdi. Hesab edirəm ki, həmin qanunun ləğv olunması türkçülüyün, Türkiyə və Azərbaycanın beynəlxalq miqyasda birgə uğurlu fəaliyyətinin məntiqi nəticəsidir”.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə Fransa Konstitusiya Şurasının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv etməsinə münasibət bildirərkən deyib ki, ədalət həmişə qalib gəlir.
O, qeyd edib ki, Konstitusiya Şurasının qərarı ilk növbədə Fransanın insan hüquqlarına hörmət etdiyini, azad sözü daima yüksək saxladığını bir daha təsdiq etdi: “Fransa Senatının çox az bir hissəsinin səsi ilə bu ölkəyə ləkə gətirən bir qanunu qəbul etməsi sözün əsl mənasında dünyanı şoka saldı. Bu zəmində ilk növbədə, Türkiyə və Azərbaycan bu məsələyə öz ciddi etirazını bildirdi. Ona görə də hesab edirəm ki, bu ölkənin, demokratiya və Avropa ideyalarının qələbəsi idi”.
Millət vəkili həmçinin Fransa prezidenti Nikola Sarkozinin yeni qanun layihəsinin hazırlanması üçün təlimat verməsinə də münasibət bildirib: “ Nikola Sarkozi qanunun yeni layihəsinin işlənməsini tapşırır. Ancaq inanmıram ki, belə iddialar nəinki dünyada, heç Fransanın özündə dəstək tapa bilər. Çünki həmin qanun yalana, insan hüquqlarnın pozulmasına yönəlmiş bir müddəadır”.
PƏRVANƏ



Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar