12px14px16px18px

İlham Əliyev “erməni soyqırımı”yla bağlı qanunun ləğvini alqışladı

“FRANSA KONSTİTUSİYA ŞURASININ BU ADDIMI DÜNYA ERMƏNİLİLİYİNİN RİYAKARLIĞININ QARŞISINA ÇƏKİLMİŞ BİR SƏDDİR VƏ DÜNYA ERMƏNİ LOBBİSİNİN MƏNFUR FƏALİYYƏTİNİN İFLASA UĞRAMASININ NÖVBƏTİ NÜMUNƏSİDİR”

01:09 / 01.03.2012
Məlum olduğu kimi Fransa Konstitusiya Şurası qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğvi barədə qərar qəbul edib. Konstitusiya Şurası qanunu Fransa Konstitusiyasının 33-cü maddəsinə və söz azadlığına zidd olduğunu əsas gətirərək ləğv edib. Sözügedən qanun layihəsinin Fransa Senatı tərəfindən qəbul edilməsinə baxmayaraq, qanunun Konstitusiya Şurası tərəfindən ləğv ediləcəyi gözlənilən idi. Belə bir qanun layihəsi insan hüquq və azadlıqlarına zidd olmaqla yanaşı, sözügedən addım qardaş ölkələrdə – Türkiyə və Azərbaycanda kəskin etiraza səbəb oldu. Məhz bu məqamlar qanun layihəsinə Konstitusiya Şurasının müsbət cavab verməyəcəyinə inamı artırırdı. Belə bir qərarın çıxması Azərbaycan və Türkiyə diplomatiyasının uğuru, qardaş ölkələrin birgə mübarizəsinin nəticəsi, habelə iki ölkənin müxalifətinin, qeyri-hökumət, diaspor təşkilatlarının düzgün addımının təzahürü kimi də qiymətləndirilə bilər.
Konstitusiya Şurasının qanun layihəsini ləğv etməsindən sonra Azərbaycan dövlət başçısı İlham Əliyev də məsələyə münasibətini açıqlayıb. Prezidentin mətbuat xidmətinin yayıdığı məlumata görə, Azərbaycan Prezidenti Fransa Konstitusiya Şurasının bu ədalətli qərarını alqışlayır, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirir. Eyni zamanda dövlət başçısı Fransa Senatının bir qrup üzvünün qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasına və Fransa ictimaiyyətinə ünvanladığı müraciəti yüksək qiymətləndirir və Fransada bu qəti mövqedə duran bütün insanlara minnətdarlığını bildirir.
Prezidentin mətbuat xidmətinin məlumatı bu sözlərlə bitir: “Qeyd etmək lazımdır ki, Fransa Konstitusiya Şurasının bu addımı dünya ermənililiyinin riyakarlığının qarşısına çəkilmiş bir səddir və dünya erməni lobbisinin mənfur fəaliyyətinin iflasa uğramasının növbəti nümunəsidir”.
İ.Əliyevlə bərabər Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da məsələyə münasibətini bildirib. Ə.Əhmədov jurnalistlərə açıqlamasında Fransa Konstitusiya Şurasının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğvinə dair qərarı əhəmiyyətli bir hadisə hesab edib. Onun fikrincə, Konstitusiya Şurasının bir müddət öncə Nikola Sarkozinin təşəbbüsü ilə Senatda qəbul edilən qondarma “erməni soyqırımı”nın kriminallaşdırması haqqında qanunu qüvvədən salması hər şeydən əvvəl Sarkozinin Fransa prezidenti kimi məğlubiyyətidir. İcra katibi bu hadisəni Sarkozini dəstəkləyən, bu işə sürüklüyən erməni diasporunun və bütövlükdə, erməni təbliğatının çox böyük məğlubiyyəti kimi qiymətləndirib: “İkinci bir tərəfdən qərarın ləğvi Türkiyə və Azərbaycan diplomatiyasının əhəmiyyətli qələbəsidir. Hesab edirəm ki, Fransa cəmiyyəti bu formada qarşıdan gələn prezident seçkilərində də öz namizədliyini irəli sürmüş indiki prezident Sarkoziyə özünün münasibətini ifadə edir. Qarşıdan gələn prezident seçkilərində Sarkozinin prezidentliyə namizəd kimi seçicilərin ciddi dəstəyini əldə etmək imkanları yoxdur. Digər tərəfdən, Konstitusiya Şurası çox ciddi qərar qəbul etməklə Fransanın demokratik ənənələrini, dəyərlərini ona vurulmuş ciddi təhlükələrdən və zərbələrdən xilas etmiş oldu. Fransanın böyük və zəngin demokratik ənənələri var. Belə bir sərsəm qanunu qəbul etməklə Sarkozi və onun tərəfdarları Fransanın demokratik imicinə böyük bir zərbə vurublar, kölgə salıblar. Fransanın Konstitusiya Şurası Fransanın demokratik imicini qoruyub-saxlaya bildi. Bu isə onu göstərir ki, Fransada heç də hamı Sarkozi və onu dəstəkləyən azsaylı insanlar kimi düşünmürlər. Onlar daha demokratik təfəkkürlü insanlardır və heç bir halda razı olmaq istəmirlər ki, Fransa kimi demokratik ənənələri olan ölkədə insanların sərbəst sürətdə fikirlərini ifadə etməsinə hər hansı bir məhdudiyyət olsun”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə açıqlamasında Azərbaycan Fransa Konstitusiya Şurasının məlum qərarını alqışladığını deyib: “Bu, Azərbaycan və Türkiyə hökumətinin, iki qardaş ölkəni təmsil edən ayrı-ayrı strukturların dünyada, o cümlədən Fransanın daxilində həyata keçirdiyi tədbirlərin nəticəsidir. Çünki Fransa parlamenti qərarı qəbul etdiyi gündən, hətta ondan da qabaq Türkiyəni və Azərbaycanı təmsil edən müxtəlif strukturlar, o cümlədən dövlət qurumları, Azərbaycanın Avropa ölkələrindəki səfirlikləri, Avropa Şurası, ATƏT və digər qurumlardakı nümayəndələri, həmçinin Azərbaycan hökumətinə bağlı olan dairələr, diaspor təşkilatları, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən dostlarımız fəaliyyətə keçdilər və bunun da nəticəsi olaraq antidemokratik, yalan məlumatlar üzərində qurulmuş saxta qərar ləğv olundu”.
Buna görə Türkiyəni və Azərbaycanı təbrik edən Ə.Həsənov bunun iki ölkənin bu tipli məsələlərdə birgə fəaliyyətinin ilk belə uğurlu nəticəsi olduğunu söyləyib: “Düşünürük ki, artıq qondarma “erməni soyqırımı”nı siyasiləşdirərək ona qiymət verməyə çalışan dünya ölkələrinə Fransa Konstitusiya Şurasının çıxardığı bu qərar öz təsirini göstərəcək. Yəqin ki, gələcəkdə, sözün həqiqi mənasında, bu tipli hadisələrin tarixdə baş vermiş hər hansı hadisələri siyasiləşdirməklə siyasilərin dili ilə deyil, məhz tarixi tədqiqatlar nəticəsində tarixçilərin dili ilə dəyərləndirilməsi baş verəcək. O zaman ayrı-ayrı ölkələr bundan siyasi faktor kimi istifadə etməyə qalxmayacaq”.
Prezident Aparatının rəsmisi qondarma “erməni soyqırım”ı saxta olduğunu bildirərək, heç bir erməni soyqırımının baş vermədiyini diqqətə çatdırıb. Onun firkrincə, bu, ermənilərin uydurması, eləcə də antitürk fəaliyyətinin tərkib hissəsidir. O, ermənilərin bu uydurma tarixdən istifadə edərək dünyada antitürk fəaliyyətlərini həyata keçirmək istədiklərini vurğulayıb: “Əlbəttə, Fransa parlamentində qəbul olunmuş bu qərarın əleyhinə səs verən deputatların imzasını toplamaq, onlarla iş aparmaq böyük bir fəaliyyət tələb edirdi. Bilirsiniz ki, həmin dövrdə biz Azərbaycanla dostluq qrupuna daxil olan bir qrup, o cümlədən Sarkozinin partiyasında təmsil olunan fransız deputatları Azərbaycana dəvət etdik, Azərbaycan Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyeva onlarla görüşdü, biz onlarla müxtəlif müzakirələr apardıq. Azərbaycanda bu məsələyə cənab Prezident də daxil olmaqla, həm parlamentdə, həm Prezident Administrasiyasında müxtəlif qiymətlər verildi. Bütün bunlar ona gətirib çıxardı ki, Fransa cəmiyyətində bu qanunun qeyri-düzgünlüyünə inananların sayı artdı və bu ədalətsiz qərar aradan qalxdı”.
Sözün həqiqi mənasında Fransanın sözügedən addımından sonra Azərbaycan ictimaiyyəti, ayrı-ayrı dövlət qurumları, Xarici İşlər Nazirliyi (XİN), Mili Məclis, ölkə müxalifəti, diaspor təşkilatları məsələyə kəskin etirazını bildirdi.
XİN Fransanın ölkəmizdəki səfiri Qabriel Kelleri də nazirliyə çağırmaqdan çəkinmədi. Xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən yanvarın 19-da XİN-ə çağırılan səfirə Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlıq keçirdiyi ifadə edildi. Bu qanun layihəsi qəbul ediləcəyi təqdirdə bunun təkcə Türkiyə-Fransa deyil, eyni zamana regional proseslərə mənfi tesir göstərə biləcəyi səfirin diqqətinə çatdırıldı.
Bununla yanaşı, hakim partiya – Yeni Azərbaycan Partiyası (YAP) məsələyə qəti etirazını bildirdi. YAP-ın sədr müavini, icra kaitibi Əli Əhmədov belə bir qanun layihəsinin Fransa senatında müzakirəyə çıxarılmasının Türkiyəyə qarşı təzyiq olduğunu qeyd edərək, bunun ədalətsiz addım olduğunu bildiridi. Habelə Azərbaycan Milli Məclisi Fransa parlamentinin aşağı palatasında qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsi ilə bağlı Senata müraciət qəbul etdi. Milli Məclisin müraciətində Fransa parlamentinin qəbul etdiyi qərarın Azərbaycanı son dərəcə narahat etdiyi qeyd edildi.
Habelə Qafqaz Müsəlmanları İdarəsi, ölkə müxalifəti, qeyri-hökumət təşkilatları, ayrı-ayır dövlət qurumları da Fransanın bu əməlinə kəskin etirazını bildirən bəyanatlarla çıxış etdilər.
Bütün bunlarla yanaşı, ölkəmizdəki Fransa səfirliyi qarşısında sözügedən məsələ ilə bağlı dəfələrlə aksiyaları keçirilərək, bu ölkənin senatına etirazlar ifadə edildi. Diaspor təşkilatlarımız müxtəlfi xarici ölkələrdə Türkiyə diaspor qurumları ilə birgə çoxsaylı aksiyalar keçirərək, Fransanı haqqa-ədalətə dəvət edərək, belə bir qanun layihəsinin qəbul edilməsinin yolverilməz olduğunu bəyan etdilər.
Göründüyü kimi, bu məsələdə Azərbaycan dövləti, ictimaiyyəti, QHT-ləri, diaspor təşkilatları bütün olaraq Türkiyənin yanında olduğunu bəyan etdi. Bununla Azərbaycan qardaş ölkə olaraq Türkiyənin problemini öz problemi kimi qəbul etdiyini və hər zaman qardaş xalqların birgə olduğun ən yüksək tribunadan dünyaya bəyan etdi. Aydınlarımız Fransanın bu addımının təkcə Türkiyəyə qarşı deyil, o cümlədən Azərbaycanın əleyhinə yönəldiyin açıqladı.
Məhz Fransa Konstitusiya Şurasının haqqında danışılan qənun layihəsini ləğv etməsi iki ölkənin diplomatiyasının beynəlxalq arenadakı birgə mübarizəsinin uğuru, erməni lobbisinin, Azərbaycan torpaqlarını işğal edən, xalqımıza qarşı soyqırım həyata keçirən Ermənistan hakimiyyətinin məğlubiyyəti kimi dəyərləndirilə bilər.
Aqil LƏTİFOV




Bu yazı ( 200 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar