12px14px16px18px

“Nikola Sarkozinin yeni qanun layihəsi ilə bağlı təşəbbüsü mənasız və qeyri-mümkündür”

00:52 / 01.03.2012
“Ötən gün Fransa Konstitusiya Şurasının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğvinə dair qərarı əhəmiyyətli bir hadisədir”. Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib. O bildirib ki, Fransanın Konstitusiya Şurasının bir müddət öncə Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə Fransa Senatında qəbul edilən qondarma “erməni soyqırımı”nın kriminallaşdırması haqqında qanunu qüvvədən salması hər şeydən əvvəl Sarkozinin Fransa prezidenti kimi məğlubiyyətidir. Ə.Əhmədovun sözlərinə görə, bu hadisə həmçinin, Sarkozini dəstəkləyən, bu işə sürüklüyən erməni diasporunun və bütövlükdə, erməni təbliğatının çox böyük məğlubiyyətidir.“İkinci bir tərəfdən qərarın ləğvi Türkiyə və Azərbaycan diplomatiyasının əhəmiyyətli qələbəsidir. Hesab edirəm ki, Fransa cəmiyyəti bu formada qarşıdan gələn prezident seçkilərində də öz namizədliyini irəli sürmüş indiki prezident Sarkoziyə özünün münasibətini ifadə edir. Qarşıdan gələn prezident seçkilərində Sarkozinin prezidentliyə namizəd kimi seçicilərin ciddi dəstəyini əldə etmək imkanları yoxdur. Digər tərəfdən, Konstitusiya Şurası çox ciddi qərar qəbul etməklə Fransanın demokratik ənənələrini, dəyərlərini ona vurulmuş ciddi təhlükələrdən və zərbələrdən xilas etmiş oldu. Fransanın böyük və zəngin demokratik ənənələri var. Belə bir sərsəm qanunu qəbul etməklə Sarkozi və onun tərəfdarları Fransanın demokratik imicinə böyük bir zərbə vurublar, kölgə salıblar. Fransanın Konstitusiya Şurası Fransanın demokratik imicini qoruyub-saxlaya bildi. Bu isə onu göstərir ki, Fransada heç də hamı Sarkozi və onu dəstəkləyən azsaylı insanlar kimi düşünmürlər. Onlar daha demokratik təfəkkürlü insanlardır və heç bir halda razı olmaq istəmirlər ki, Fransa kimi demokratik ənənələri olan ölkədə insanların sərbəst surətdə fikirlərini ifadə etməsinə hər hansı bir məhdudiyyət olsun”, – deyə hakim partiyanın sədr müavini əlavə edib.
Millət vəkili Rasim Musabəyov isə deyib ki, Fransa prezidenti Nikola Sarkozinin Konstitusiya Şurasının məlum qərarından sonra qondarma “erməni soyqırımı” ilə bağlı yeni sənəd hazırlamaq təşəbbüsü qeyri-mümkün və mənasızdır.O bildirib ki, iki ay sonra Fransada prezident seçkiləri keçiriləcək və Sarkozinin də başı seçkilərə qarışıb. Deputatlar isə seçki kampaniyası ilə bağlı bölgələrdədirlər.
Ona görə də yeni qanun layihəsi hazırlamaq, onu senatın palatalarından keçirmək inandırıcı deyil.
R.Musabəyov deyib ki, bu cür yanaşma ilə sanki Sarkozi erməni iasporu qarşısında öhdəliyinə əməl edir. “Sarkozinin yenidən prezident seçilməsi sual altındadır. Hər bir halda isə yeni sənədin hazırlanması mənasızdır. Bu sənəd insan haqlarına, demokratiyaya zidd idi. Əgər belə bir qanun qəbul edilsə belə, insanların daha yüksək instansiyaya- Avropa İnsan Haqları Məhkəməsinə müraciət hüquqları var”. Millət vəkili həmin sənədin hüquqi deyil, siyasi xarakterli bir sənəd olduğunu əlavə edib.
Politoloq Qabil Hüseynli də yeni qanun layihəsinin hazırlanmasını az ehtimal edir. “Çünki artıq martın 4-dən Fransa parlamenti uzun müddətli tətilə gedir. Tətilə çıxan parlamentə Sarkozinin sənəd göndərməsi mənasız olacaq. İkincisi, Sarkozinin özünün də başı indi seçkilərə qarışıb. O, parlamentə yeni sənəd göndərmək üçün mütləq əvvəlkinə dəyişikliklər etməlidir. Təkrar sənədi parlament qəbul etməyəcək”. Politoloq bu mənada Sarkozinin işinin çətin olduğunu, onun təkrar prezident seçilməsinin istisna edildiyini deyib.
Q.Hüseynli hesab edir ki, Fransa parlamenti tətildən sonra Sarkozisiz fəaliyyətə başlayacaq. “Yeni prezidentin isə Sarkozinin göndərdiyi qərarı təkrar edib- etməyəcəyini demək çətindir. Hər halda yeni prezidentin bu prosesi davam etdirəcəyi ehtimalı çox azdır”. Bu mənada Konstitusiya Şurasının qərarı qəti və sonuncu qərar kimi hesab etmək olar.
PƏRVANƏ





Bu yazı ( 142 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar