12px14px16px18px

“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasına dair ictimai müzakirələr davam edir

11:01 / 29.02.2012
Dünən “Yeni Azərbaycan” qəzeti “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı növbəti dəfə ictimai müzakirələr keçirib. Tədbirdə millət vəkilləri, ictimai-siyasi xadimlər, elm adamları iştirak edib. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu müzakirəyə çıxarılmış mövzunun xüsusi əhəmiyyət kəsb etməsi və Prezident İlham Əliyevin ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının hazırlanmasının icrası üçün müvafiq dövlət orqanları qarşısında qoyuduğu vəzifələr barədə danışıb.Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda çox yaxşı idarəetmə və inkişaf modelinin olduğunu vurğulayıb. O, qeyd edib ki, ölkədə baş verən hadisələr, qarşıya qoyulan məqsədlərə çatmaq üçün proqnozlaşdırmalar, daxili və xarici siyasətdə hədəflərə çatmaq yollarının müəyyənləşdirilməsi belə bir konsepsiyanın hazırlanmasını zəruri edib. Onun sözlərinə görə, hazırda ölkə əhalisini 50 faizi kənd təssərüfatı sahələrində fəaliyyət göstərir və əmək tutumlu sahələrə diqqət yetirilməlidir: “Mən belə düşünürəm ki, bu konsepsiyanın hazırlanmasında təkcə millət vəkilləri deyil, ictimaiyyət nümayəndələri, müxtəlif sahələr üzrə ekspertlər, hətta müxtəlif siyasi partiyalar birgə işləməlidirlər”.
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə isə çıxışında mövcud dəyişikliklər fonunda təbliğat işinin aparılmasına diqqət yönəldib. AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev çıxışında ölkədə elm sahəsində mövcud olan aktual problemlərdən danışıb. Professor Alıyev ölkədə gedən iqtisadi inkişafın davamlı olması üçün elmi işçilərin sözügedən problemlərin həllində səylərinin artırılmasının vacibliyini qeyd edib. O bildirib ki, rəqabət qabiliyyətli məhsul istehsalının təşkili üçün əlverişli iqtisadi sistemin işlənib hazırlanması hazırda elmi işçilərin öhdəliyinə düşən ən vacib məsələdir. Tədbirdə çıxış edən digər natiqlər sərəncamdan irəli gələn məqsədlərə nail olunmasında insan potensialının formalaşmasının xüsusi əhəmiyyətini qeyd ediblər və məsələ ilə əlaqədar mülahizələrini irəli sürüblər.
Qeyd edək ki, dəyirmi masanın keçirilməsində məqsəd ölkə Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar imzaladığı sərəncamdan irəli gələn məsələləri elmi işçilərin nəzərinə çatdırmaq və bu istiqamətdə səyləri artırmaqdır.
PƏRVANƏ





Bu yazı ( 87 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar