12px14px16px18px

2014-cü ildə ATƏT PA-nın Bakıda sessiyası keçiriləcək

BAHAR MURADOVA: “BİZ NƏ VAXT TORPAQLARIMIZIN 20 FAİZİNİN İŞĞALINDAN, BİR MİLYON QAÇQINIMIZDAN DANIŞIRIQSA, BİZİ KEÇMİŞƏ DEYİL, GƏLƏCƏYƏ BAXMAĞA ÇAĞIRIRLAR”

10:52 / 29.02.2012
ATƏT Parlament Assambleyasının (ATƏT PA) fevralın 21-dən 25-dək Vyanada keçirilən qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı məlumatlar parlamentarilərin diqqətinə çatdırılıb. Bu barədə dünən Milli Məclisdə keçirilən mətbuat konfransında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova məlumat verdi. Onun dediyinə görə, sessiyanın toplantılarında Azərbaycan nümayəndə heyəti Fransa Senatının qondarma erməni soyqırımının inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qərarı qəbul etməsinə etirazını ifadə edib. Fransanın bu qərarı qəbul etməklə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda ədalətli vasitəçilik etmək şanslarını şübhə altına saldığı vurğulanıb. Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı məlumatlar parlamentarilərin diqqətinə çatdırılıb. B.Muradovanın qeyd etdiyinə görə, əsas məqsəd qəbul olunan qərarla bağlı Fransa nümayəndə heyətinin və ATƏT PA rəhbərliyinin münasibətinin öyrənilməsi olub. Fransa nümayəndə heyətinin rəhbəri qaldırılan məsələyə münasibət bildirərək qeyd edib ki, bu qərar Türkiyəyə qarşı yönəlməyib və təkcə erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutmur. Qərar ümumilikdə dünyanın harasında baş verməsindən asılı olmayaraq, soyqırımı aktlarının inkar olunmasına qarşı yönəlib. Fransalı parlamentari hələlik qərarın qüvvəyə minməməsini də diqqətə çatdırıb. ATƏT PA-nın rəhbəri isə ümumi danışaraq tərəfləri keçmişə deyil, gələcəyə baxmağa çağırıb: “Bax, elə paradoks da burdadır. Biz nə vaxt torpaqlarımızın 20 faizinin işğalından, bir milyon qaçqınımızdan danışırıqsa, bizi keçmişə deyil, gələcəyə baxmağa çağırırlar. Amma 100 il bundan öncə baş verən hadisələrə görə Türkiyənin cavab verməli olduğunu vurğulayırlar. Mən fransalı senatorla görüşümdə də bildirdim ki, erməni soyqırımını tanıyıb Xocalı soyqırımının olmadığını demək mümkün deyil”. B.Muradova dedi ki, ümumilikdə götürəndə Azərbaycan nümayəndə heyəti məqsədinə nail olub. Çünki hazırda ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğal altında olması və Xocalı faciəsi barədə məlumatı olmayan yoxdur.
Nümayəndə heyətinin rəhbəri onu da bildirdi ki, ATƏT PA-nın 2014-cü il üçün nəzərdə tutulan sessiyasının Azərbaycanda keçiriləcəyi artıq təsdiqlənib. Sessiyanın gündəliyi sonradan müəyyənləşdiriləcək, ancaq çox güman ki, iqtisadi mövzulardan birinə həsr olunacaq. Növbəti iki il ərzində sessiyaya hazırlıqla bağlı müxtəlif tədbirlər keçiriləcək.
KAMİL




Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar