12px14px16px18px

Avstraliyada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

10:51 / 29.02.2012
Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının qurbanları bir neçə tədbirlə anılıb. Cümə günü fevralın 24-də Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyəti və Türk Quruluşları Federasiyasının təşkilatçılığı ilə Avstraliyanın ən böyük məscidi olan Gelibolu Camisində 3000-dən artıq insanın iştirak etdiyi Cümə namazından öncə Xocalı faciəsi barədə ətraflı məlumat verilib, Xocalı qurbanlarının ruhuna “Yasin” oxunub və dualar edilib. Həmin gün Türk Dayanışma Dərnəyinin binasında “Türk Evi”ndə (Turkish House)-da Azərbaycan, Türkiyə, Uyğur, Türkmən və digər türk toplumlarının, yerli ictimaiyyətin nümayəndələrinin, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə anım tədbiri keçirilib. Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin və “Azərbaycanın səsi” radiosunun təşəbbüsü ilə keçirilən tədbirdə Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanaraq bu ölkədə yaşayan azərbaycanlılara göndərilən videomateriallar nümayiş olunub, kitablar və broşürlar paylanıb. Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov iştirakçılara Xocalı soyqırımının dəhşətləri haqqında məlumat verərək, Türkiyə-Azərbaycan birliyinin bu hadisənin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadığını vurğulayıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun köməyi ilə erməni silahlılarının Xocalı şəhərində törətdiyi vəhşiliklərin əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olduğunu deyərək, bu cinayətin təkcə Azərbaycan türklərinə qarşı deyil, bütün türk dünyasına qarşı həyata keçirildiyini vurğulayıb. 2000 FM Radiosunda 19 ildir efirə çıxan “Azərbaycanın səsi”radio proqramının rəhbəri Gülzar Qasımova isə son üç həftə ərzində Xocalı faciəsi ilə bağlı xüsusi proqram yayımladıqlarını və dinləyicilərə ətraflı məlumat verdiklərini deyib. O, Xocalı soyqırımı zamanı 63-ü uşaq və 106-sı qadın olmaqla 613 nəfərin vəhşicəsinə öldürüldüyünü qeyd edərək, bu hadisənin XX əsrin ən dəhşətli cinayətlərindən biri olduğunu qeyd edib. Digər çıxış edənlər, Türk Dayanışma Dərnəyinin rəhbəri Bəşir Karasu və Türk Quruluşları Federasiyasının prezidenti Dursun Candəmir də çıxış edərək ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi vəhşiliyi qınayıblar. Tədbirin sonunda Azərbaycan və Türkiyə icmalarının azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Avstraliya ictimaiyyətinə çatdırılmasında əlaqəli fəaliyyət göstərməsi və gələcək planları barədə fikir mübadiləsi aparılıb. Anım mərasimində Xocalı soyqırımına aid foto sərgi də nümayiş etdirilib.
PƏRVANƏ




Bu yazı ( 71 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar