12px14px16px18px

Azay Quliyev: “Sarkisyandan hər hansı pozitiv mesaj görmədik”

10:50 / 29.02.2012
Dünən Milli Məclisdə keçirilən mətbuat konfransında fevralın 21-dən 23-dək “Avronest” Parlament Assambleyasının (PA) komitə iclasında iştirak etmək üçün Yerevanda olan nümayəndə heyəti adından danışan millət vəkili Azay Quliyev toplantıda Azərbaycanın mövqeyini ən yüksək səviyyədə ifadə etməyə çalışdıqlarını bildirdi. Onun sözlərinə görə, nümayəndə heyəti Yerevana gedərkən böyük çətinliklərlə üzləşib. Yerevana Moskva-Yerevan təyyarə reysi ilə yollanan nümayəndə heyətinə onlara təyyarə aeroporta enən kimi qarşılanacaqları və təhlükəsizliklərinin təmin olunacağı sözü verilib. Lakin təyyarə Yerevana enəndə bu sözə əməl edilməyib. Nümayəndə heyəti aeroportda kömək üçün hərbçilərə müraciət edib. Bundan sonra sərhəd xidmətinin iki əməkdaşı onları sərhəd pozucuları üçün nəzərdə tutulan məntəqəyə gətirib. Bir müddət söhbət aparıldıqdan sonra millət vəkilləri Ermənistanın təhlükəsizlik xidmətinin iki əməkdaşına təhvil verilib və onlar otelə yol alıblar. Bu müddət ərzində nümayəndə heyətinin katibi ilə qarşılama məsələlərini müzakirə edən Ermənistan parlamentinin protokol xidmətinin nümayəndəsi deputatlar aeroporta enəndən sonra onların telefonlarına cavab verməyib. Azərbaycan nümayəndə heyəti baş verənlərlə bağlı etirazlarını Avronestin təmsilçilərinə çatdırıb.
A.Quliyev Ermənistandakı təmaslarının prezident Serj Sarkisyanla keçirilən görüşlə başladığını bildirdi. Millət vəkilinin dediyinə görə, görüş zamanı komitə iclasında iştirak etmək üçün Yerevana gələn litvalı bir parlamentari S.Sarkisyana Azərbaycanın bir milyon qaçqınının insan haqlarının nə vaxt təmin olunacağı ilə bağlı sual ünvanlayıb. Ermənistan prezidentinin cavabı isə qeyri-müəyyən olub. O dedi ki, Dağlıq Qarabağın statusu müəyyən olunmadan təhlükəsizlik problemləri qalacaq və ona görə də qaçqınların problemlərinin həll olunması mümkünsüzdü. Azərbaycanlı parlamentarilər bu cavaba etirazlarını bildiriblər. Ermənistan prezidentinə belə bir sual da ünvanlanıb ki, ölkənizin Avropaya inteqrasiyasından danışırsınız. Avropa dövlətləri arasında isə sərhədlər götürülüb. Bunun Cənubu Qafqaz regionunda da tətbiqi mümkündürmü? Onun bu suala cavabı mənfi olub: “Ümumiyyətlə, biz həmin görüşdə Sarkisyandan hər hansı pozitiv mesaj görmədik. Bir daha əmin olduq ki, bu münasibətlə Ermənistanla sülh yolu ilə nəyinsə həllinə ümid etmək mümkün deyil”. A.Quliyev komitə iclasında da müzakirələrin kifayət qədər gərgin keçdiyini bildirdi. Onun sözlərinə görə, komitənin iclasında çıxış edib Azərbaycan həqiqətlərini çatdırarkən mikrafonu söndürülüb. Azərbaycan nümayəndə heyəti toplantıda qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndəsi üçün nəzərdə tutulmuş lövhənin götürülməsinə də nail olub. Bundan əlavə, toplantının sonuncu günü qonaqlara əcaib bir sərgi nümayiş etdirilib. Həmin sərgidə Azərbaycan ərazilərindəki alban kilsələri erməni kilsəsi kimi təqdim olunub. Həmin kilsələrin müharibədən əvvəlki yaxşı, sonradan isə dağıdılmış şəkilləri təqdim olunub. Azərbaycan nümayəndə heyəti buna da etirazını bildirib. Ümumiyyətlə, nümayəndə heyəti Yerevandan çox bədbin qayıdıb: “Aparılan siyasət Ermənistan ictimaiyyətini çox çətin duruma salıb. Bu ölkənin münaqişə ilə bağlı mövqeyi konstruktivlikdən tamamilə uzaqdır”. A.Quliyev onu da bildirdi ki, “Avromest” Parlament Assmableyasının növbəti sessiyası martın 2-3-4 tarixlərində Bakıda keçiriləcək. Ermənistan nümayəndə heyəti də bu toplantıya dəvət olunub: “Baxmayaraq ki, Ermənistan tərəfi Azərbaycan nümayəndə heyətinə qarşı hörmətsizlik edib, amma Azərbaycan tərəfi ermənilərin təhlükəsizliyinə tam təminat verib. Biz onları Avropa dəyərlərinə uyğun qarşılayıb yola salmağa hazırıq”.
KAMİL





Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar