12px14px16px18px

Azərbaycanla Avropa Birliyi mühüm danışıqlara başlayır

HƏR İKİ TƏRƏF VİZA REJİMİNİ SADƏLƏŞDİRMƏK ÜÇÜN DANIŞIQLAR MASASINA OTURACAQ. BU MƏQSƏDLƏ MARTIN 1-i AVROPA BİRLİYİNİN RƏSMİLƏRİ BAKIYA SƏFƏRƏ GƏLİRLƏR

08:08 / 28.02.2012
Martın 1-də Avropa Birliyinin (AB) missiyası Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ilə bağlı rəsmi danışıqlara başlamaq üçün Azərbaycana səfər edəcək. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, missiyaya beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Rob Rozenburq və viza siyasəti bölməsinin rəhbər müavini Diederik Paalman həmsədrlik edəcəklər.
“2009-cu ildə Şərq Tərəfdaşlığı təşəbbüsünü başlamaqla biz AB və onun Şərq qonşuları arasındakı əlaqələri hədəfə almışıq. İndi Azərbaycanla viza rejimi ətrafında danışıqlara başladıqda bu təşəbbüsün bəhrəsini görürük. Viza rejiminin sadələşdirilməsi AB və Azərbaycanda insanlar arasında daha çox əlaqələrin qurulması, mübadilə və biznes imkanlarının artırılması məqsədini daşıyır. Bu, sadəcə olaraq insanlar üçün mobilliyin artması deməkdir. AB və Azərbaycanın vətəndaşları bunu səbrsizliklə gözləyir”, – deyə AB-nın Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Jerom Pons belə deyib.
Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar prosesi bir ölkədən digərinə səfərləri asanlaşdırır. Bu zaman digər məsələlərlə yanaşı, viza ərizələrinin dəstəklənməsi üçün təqdim olunan sənədlərin sadələşdirilməsi, etibarlılıq müddəti daha uzun olan çoxdəfəli vizaların verilməsi imkanı, xüsusi kateqoriyadan olan yolçular üçün müraciət haqlarının azaldılması, viza ərizələrinin işlənməsi üçün son müddətlər dəsti və s. kimi məsələlər nəzərdən keçirilir. Eyni zamanda readmissiya sazişi ətrıafında aparılacaq danışıqlar yekunda AB və ya Azərbaycanın ərazisində icazəsi olmadan yaşayan vətəndaşların qayıdışı üçün mexanizmlər təmin edir.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bir neçə gün əvvəl mətbuata açıqlamasında deyib ki, Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı razılaşmaların əldə edilməsi hər iki tərəf üçün çox böyük bir uğur olacaq: “Artıq bir neçə ölkə – Gürcüstan və Moldova ilə belə razılaşmalar əldə edilib. Digər ölkələrlə də bu sahədə danışıqlar aparılır”. O bildirib ki, viza rejiminin sadələşdirilməsi Azərbaycan üçün çox vacibdir: “Bu rejim barədə razılaşmalar əldə edildikdən sonra Azərbaycan vətəndaşları daha qısa müddət ərzində və rahat prosedurlarla Avropa ölkələrinə viza əldə edə biləcəklər. Bu, bizi çox sevindirir. Azərbaycan vətəndaşları rahat şəkildə Avropa ölkələrinə səfər edə biləcəklər”.




Bu yazı ( 122 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar