12px14px16px18px

Yaxın, uzaq Misir

01:19 / 28.10.2009

 

(Əvvəli ötən sayımızda)
 
         Afrika qitəsinin ən böyük şəhəri olan Qahirəni “Min minarə” də adlandırırlar.
         Hazırda Qahirədə 18 milyon əhali yaşayır.
         Qahirədə müasirliklə keçmiş vəhdət təşkil edir. Öz keçmişini, ənənələrini unutmayan misirlilər bunu geyimlərində, davranışlarında nümayiş etdirirlər.
Qahirdə 8 milyon avtomobil var. Burada benzinin qiyməti ucuz olduğunudan(üç litr təxminən 80 qəpik) taksi qiymətləri də ucuzdur. Bakıda 10 manata minnətlə getdiyimiz yolu, Qahirədə 5-10 funta(1-2dollar) qət etmək mümkündür.
         Şəhərdə hava həmişə tutqun, buludlu olur, hətta göy üzünü, ulduzları belə görmək mümkün deyil. Azərbaycan tərəfindən tərcüməçimiz, vaxtilə uzun müddət Misirdə çalışmış Əmir Qasımov deyir ki, bu iqlim şəraiti, ölkənin əksər hissəsinin səhralardan ibarət olması ilə bağlıdır. Şəhərdə binaların çirkli olması da məhz bunun nəticəsidir.  
 
MİSİR-AZƏRBAYCAN DOSTLUQ PARKI
 
         Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfəri zamanı Qalyubeya vilayəti ilə Abşeron rayonu arasında dostluq və əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma görə, Qalyubeyada Azərbaycan-Misir, Abşeronda isə Misir-Azərbaycan dostluq parkı salınıb. Jurnalist heyətinin səfər proqramına həmin parkı ziyarət etmək də daxil idi. Park şəhər mərkəzindən təxminən 50 km aralıda yerləşir. Sürücümüz Həsənin bildirdiyinə görə, Nil çayı vasitəsilə parka daha qısa müddətə getmək mümkündür. Mədəniyyət və istirahət parkının mərkəzində milli lider Heydər Əliyevin 3,8 metr hündürlükdə bürüncdən heykəli ucaldılıb. Bundan başqa Qalyubeya ilə qardaşlaşmış “Abşeron” rayonun adı şəhərin mərkəzi küçələrindən birinə verilib.
         Azərbaycan-Misir dostluq parkında Misirin birinci xanımı Suzan Mübarəkin adını daşıyan kitabxana da yerləşir. Kitabxanaya Azərbaycan tərəfindən Suzan Mübarəkin bürüncdən düzəldilmiş büstü hədiyyə edilib.
 
MƏHƏMMƏD ƏLİ QALASI VƏ MƏSCİDİ
 
         Səfərimizin ikinci günü Qahirədə yerləşən tarixi Məhəmməd Əli qalası və məscidi ilə tanış olduq. Məhəmməd Əli qalası-Qahirənin 20-25 kilometrliyindədir. Qaladan Qahirənin bir hissəsi aydın görünür.
         Bu qədim qala Əyyubilər sülaləsinin nümayəndəsi Səlahəddin Əyyubi tərəfindən 1236-cı ildə inşa edilib. Osmanlı imperiyası dövründə Misir hakimi Məhəmməd Əli paşa 1830-1848-ci illərdə qalada öz adını daşıyan məscid tikdirmiş və iqamətgah kimi istifadə etmişdir. Ölkənin mədəni həyatındakı bir sıra yeniliklər müasir Misirin qurucusu Alban əsilli Məhəmməd Əlinin adı ilə bağlıdır. 
         1798-ci ildə Napoleon Misirə yürüş edərkən, bu ölkənin idarəçiliyi məmlüklərdə idi və onlar fransızlara qarşı vuruşdan imtina etdilər. Məhəmməd Əli misirliləri səfərbər etməyi bacardı və 1802-ci ildə Napoleonun əsgərlərini geri çəkilməyə vadar etdi. Fransızlar geri döndükdən sonra məmlüklər Misirə döndülər. Məhəmməd Əli onlara barışıq vəd etdi. Məmlüklərin başçılarını bu qalaya topladı. Xəncərlərini və atlarını təhvil verən məmlüklər qalaya daxil olub Məhəmməd Əli ilə görüşmək istəyirlər. Qaladan bir az aralı yüksəklikdə qoyulmuş toplardan açılan atəş məmlüklərin məhvi ilə nəticələnir. Sonradan başçılarını itirmiş sıravi məmlüklərin hamısı Məhəmməd Əlinin tərəfinə keçir. Qalanın ortasında inşa edilmiş möhtəşəm məscid İstanbuldakı Sultan Həmid məscidinin tam oxşarıdır. Ümumiyyətlə, Osmanlı imperiyası dövründə Misirdə məscidlərin əksəriyyəti türk memarlığı üslubunda – böyük, yarımdairəvi günbəzlər, şişuclu minarələrlə inşa edilirdi. Məscid memarlığı və oyma bəzəklərinin zənginliyi ilə fərqlənir.
         Burada eyni vaxtda beş minədək adam namaz qıla bilər. Qədim qalanı və məscidi görmək üçün hər il on minlərlə xarici turist gəlir.
Məsciddə Məhəmməd Əli paşanın qəbri də yerləşir.
         Həm Məhəmməd Əli qalası, həm də qaladakı məscid Misirin qiymətli tarixi abidələri kimi mühafizə olunur.
 
AZƏRBAYCANIN MİSİRDƏKİ SƏFİRLİYİNDƏ GÖRÜŞ
 
         Misirdəki Azərbaycan səfirliyində görüş proqramda nəzərdə tutulmamışdı, amma həm səfir Faiq Bağırovun, həm də jurnalist heyətinin istəyi ilə bu görüş gerçəkləşdi. Azərbaycan səfirliyi Qahirənin çox gözəl mənzərəsi olan hissəsində yerləşir. Yüksək memarlıq layihəsi əsasında inşa olunan bina həm də Azərbaycanın mülkiyyətidir. Binanın qarşısında dalğalanan üçrəngli bayrağımızı görəndə isə hər birimiz qürur hissi keçirdik. Səfir Faiq Bağırov jurnalistlərə “Azərbaycan torpağına xoş gəldiniz”dedi. Bildirdi ki, bu kiçik ərazi həm də kiçik Azərbaycandır. Diplomat jurnalistlərlə tanışlıqdan sonra Misir-Azərbaycan münasibətləri haqqında danışdı.
Səfir Azərbaycanın Misirlə əlaqələrinə böyüyk önəm verdiyini bildirib. İki ölkənin qarşılıqlı olaraq 1994-cü ildə səfirliklərinin açıldığını bildirib. Hazırda Azərbaycan-Misir iqtisadi komissiyası fəaliyyət göstərir. 2000-ci ildən bu yana komissiyanın 4 iclası keçirilib. Yaxın günlərdə isə növbəti iclasın keçirilməsi gözlənilir.
Diplomat indiyə kimi iki ölkə arasında müxtəlif sahələri əhatə edən 50-yə yaxın sənədin imzalandığını bildirib. Təhsil sahəsində də əlaqələr inkişaf edir. Misirdə oxuyan Azərbaycanlı tələbələrin Vətən təşkilatı, və ərəb dilində “Azərbaycan” rüblük qəzeti çap olunur.
         Səfir deyir ki, Misirin Əl-Əxsar dini universitetində çoxlu azərbaycanlı tələbə təhsil alır. Bu ali məktəbin diplomlarının tanınmaması və digər səbəblərdən oradan bir neçə tələbənin dünyəvi universitetlərə köçürülməsinə nail olunub. Azərbaycan hər il Misirli tələbələrə 20 yer ayırır. Rusiyanı çıxmaq şərti ilə bu, digər post-sovet ölkələrinin ayırdığı yerdən çoxdur. Səfir iqtisadi əlaqələr də toxunub və bu əlaqələrin zəif olduğunu bildirib. Deyib ki, ticarət mübadiləsi yox səviyyəsindədir. İki ölkə arasında ticarət dövriyyəsi 50-60 milyon ABŞ dollarıdır. Bunun da bir sıra səbəbələri var. Başlıca səbəblərdən biri isə nəqliyyatla bağlıdır. Səfir Faiq Bağırov deyir ki, Bakı-Qars dəmiryolu istifadəyə verildikdən sonra bu sahədə müəyyən irəliləyişlərin olacağını gözləmək mümkündür.
         Misirdə 30 minə yaxın erməni yaşayır. Təəssüf ki, Azərbaycan-Misir münasibətlərinin dərinləşməsi üçün görülən işlərə baxmayaraq ölkəmizi burada demək olar ki, tanımırlar. Xatırlatmaq yerinə düşər ki, BMT-də Qarabağ problemi müzakirə edilərkən, səsvermə zamanı Misir bitərəf qalmışdı. F.Bağırov Misirdə Azərbaycan, Qarabağ münaqişəsi barədə məlumatların az olmasını da məhz ölkəmiz barədə burada yetərincə məlumatın mövcud olmaması ilə əlaqələndirib. Ermənilər isə Misirdə kifayət qədər tanınıblar. Hətta bizə yaxınlaşan hər bir misirli “Ermənistandansınızmı?” deyə üzümüzə gülümsəyirdilər. Sərt reaksiyamızdan sonra isə ingilis dilində “türksüz”-deyə sual edirdilər.
(Ardı gələn sayımızda)
Pərvanə SULTANOVA Bakı-Qahirə-Bakı
 



Bu yazı ( 535 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar