12px14px16px18px

İran Azərbaycanla viza rejiminin ləğvini istəyir

MANUÇÖHR MÖTTƏKİ: “BİZ AZƏRBAYCAN TƏRƏFİNİN DƏ BELƏ ADDIM ATMASINI İSTƏRDİK”

02:13 / 27.10.2009

 













      “İran Azərbaycanla birtərəfli qaydada viza sisteminin aradan qaldırılması ilə bağlı təkliflərini İran hökumətinə göndərib”. APA-nın Tehranda olan əməkdaşının məlumatına görə, bunu İranın xarici işlər naziri Manuçöhr Möttəki Tehranda keçirilən 16-cı Beynəlxalq Mətbuat və informasiya Agentliklərinin Festival-Sərgisində iştirak edən xarici mətbuat orqanlarının nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib. M.Möttəki bildirib ki, İran bəzi ölkələrlə, o cümlədən qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək üçün viza rejiminin aradan qaldırılmasını məqsədəuyğun sayır: “Viza rejiminin ləğvi Azərbaycanla da əlaqələrin inkişaf etdirilməsinə səbəb olacaq. İran öz tərəfindən viza rejiminin ləğv edilməsini məqsədəuyğun hesab edir. Artıq Türkiyə ilə İran arasında viza rejimi ləğv edilib. Azərbaycanla da bu məsələni həll etmək istəyirik.
Azərbaycan tərəfinin də belə addım atmasını istərdik”. M.Möttəki onu da deyib ki, İran Xarici İşlər Nazirliyinin təqdim etdiyi müvafiq sənədə hökumət tərəfindən baxılacaq.
      İranın XİN başçısı Xəzərin statusu ilə bağlı ümumi razılaşma əldə olunduğunu da vurğulayıb. M.Möttəki bildirib ki, Xəzəryanı ölkələrin iştirakı ilə dənizin statusunun müəyyənləşdirilməsi ilə bağlı bu günlərdə Azərbaycanın paytaxtı Bakıda 5 tərəfli görüş keçirilib: “Xəzər ekoloji, enerji, təbii sərvətlər baxımından önəmli dənizdir. Dövlətlər arasında Xəzərin hərbsizləşdirilməsi və təhlükəsizliyi ilə bağlı razılaşmalar mövcuddur. Xəzərdə xarici gəmilərin üzməməsi və transxəzər enerji nəqlinin olmamasına dair də razılıq var”. Nazir Xəzərin təbii sərvətlərindən istifadə və mühafizəsinə dair Ekoloji katibliyin təsis olunması barədə razılığa gəlindiyini qeyd edib: “İran və Azərbaycan katibliyin ölkələrində yerləşməsi üçün namizədliyini irəli sürüb”. 
      M. Möttəki Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair müzakirələrin davam etdiyini, ümumi razılaşmaya nail olunduğunu bildirib. Bununla belə o, yekun qərarın nə zaman veriləcəyinə dair konkret vaxt söyləməyib: “Ümid edirəm ki, danışıqlar bütün Xəzəryanı ölkələrin mənafelərinə uyğun qərarların qəbulu ilə yekunlaşacaq”.
      Bölgədə baş verən terror hadisələrinin İranı narahat etdiyini bildirən nazir daha sonra deyib ki, terror hadisələrinin qarşısının alınması üçün region ölkələrinin birgə mübarizə aparması zəruridir: “Ötən həftə İranda yüksək rütbəli zabitlərin həlak olması ilə nəticələnən terror olayı dövləti daha ciddi tədbirlər görməyə sövq edir”. Nazir İranın xarici ölkələrlə əlaqələrinə də toxunub və tərəfdaş dövlətlərlə münasibətlərin daha da inkişaf etdiriləcəyini vurğulayıb.
İsrailin İranın nüvə obyektlərinə hücum etməsi ehtimalına münasibət bildirən M.Möttəki İsrailin İrana hücum etmək potensialı olmadığını söyləyib: “Biz hazırda İsrail rejimini zəif görürük. Sionist rejimi həm siyasi baxımdan, həm regionda, həm də beynəlxalq səviyyədə mövqeyinə görə zəifdir”. 
      Nazir bildirib ki, İsrailin İrana qarşı hərbi əməliyyatlar həyata keçirmək imkanları da zəifdir. Ötən həftə BMT-də dinlənilən hesabatda İsrailin cinayətlərinin bir hissəsinin açıqlandığını qeyd edən M.Möttəki ABŞ-ın yeni hökumətinin də məntiqsiz sionist rejiminin arasında durduğunu artıq anladığını bildirib. Nazir İsrailin İrana hücum etmək potensialının olmadığını vurğulayıb: “Biz İsraildə belə potensial görmürük”. İran XİN başçısı elmi silahla, bomba ilə məhv etməyin mümkünsüz olduğunu və bütün dünyanın bunu anladığını sözlərinə əlavə edib.
      M.Möttəki onu qeyd edib ki, İran Tehrandakı nüvə tədqiqat reaktorunun nüvə yanacağı ilə təmin edilməsinə dair Beynəlxalq Atom Enerjisi Agentliyinin Memorandum layihəsinə tezliklə münasibət bildirəcək. İranın Çindən nüvə yanacağı almasının mümkünlüyünə dair sualı cavablandıran nazir deyib ki, belə bir təklif gələrsə, Tehran onu yalnız alqışlaya bilər. M. Möttəki ölkəsinin nüvə mövzusu ilə bağlı şüarını da açıqlayıb: “Dinc atom hamıya – nüvə silahı heç kimə!” O, dünya ölkələrinin İranın nüvə proqramı ilə bağlı getdikcə daha ədalətli mövqe tutmağa başladıqlarını məmnunluqla qeyd edib. Nazirin sözlərinə görə, Tehrandakı reaktor üçün İranın malik olduğu 5 faizlik deyil, 20 faizlik urana ehtiyac var. Bu məqsədlə Vyanada danışıqları aparıldığını söyləyən M. Möttəki bildirib ki, tərəflər bu barədə xüsusi Memorandum hazırlanması və imzalanması qərarına gəliblər.
      Nazir Rusiyanın Buşəhr atom-elektrik stansiyasının tikintisini nəzərdə tutulan vaxtda başa çatdıracağına ümidvar olduğunu vurğulayıb. O bildirib ki, Rusiya hökuməti Buşəhr atom elektrik stansiyasının tikintisinin vaxtında başa çatdırılması ilə bağlı üzərinə öhdəlik götürüb və hazırda tikinti son mərhələyə qədəm qoyub. Xatırladaq ki, Buşəhr AES Rusiya ilə İran arasında imzalanan dövlətlərarası sazişə əsasən “Rosatomeksport” şirkəti tərəfindən tikilir.
 




Bu yazı ( 409 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar