12px14px16px18px

Bakıda fövqəladə hallar nazirlərinin toplantısı keçirildi

03:40 / 25.09.2009
 
 
Dünən Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumların rəhbərlərinin toplantısı başlayıb. APA-nın məlumatına görə, toplantıya Ermənistan istisna olmaqla, QDİƏT-ə üzv ölkələrin nümayəndələri qatılıb. Tədbirin açılışında çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların aradan qaldırılması istiqamətində görülən işlərdən, bu sahədə qazanılan uğurlardan danışıb. Nazir deyib ki, iclas ölkələr arasında əlaqələri daha da gücləndirəcək.
QDİƏT sədrinin nümayəndəsi, Azərbaycan Xarici İşlər Nazirliyinin departament rəhbəri Altay Əfəndiyev texnogen problemlərin həlli istiqamətində əlaqələrin gücləndirilməsinə ehtiyac duyulduğunu, bu sahədə QDİƏT ölkələri arasında əməkdaşlığın inkişafı üçün böyük imkan olduğunu deyib.
Rusiya fövqəladə hallar nazirinin müavini Vladimir Puçkov isə bildirib ki, Qara dəniz hövzəsində fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var: “Hansısa hadisə baş verəndə biz birgə çıxış etməliyik. Bizim əməkdaşlığımız fövqəladə halların aradan qaldırılmasında böyük əhəmiyyət daşıyacaq”.
Toplantı başa çatdıqdan sonra QDİƏT sədrinin nümayəndəsi, Azərbaycan Xarici İşlər Nazirliyinin departament rəhbəri Altay Əfəndiyev və Rusiya fövqəladə hallar nazirinin müavini Vladimir Puçkov toplantıdan sonra brifinq keçiriblər. A.Əfəndiyev deyib ki, tədbirdə ötən dövrdə görülən işlər və gələcəkdə atılacaq addımlar müzakirə olunub. Həmçinin, fövqəladə vəziyyətlərdə birgə iştirakla bağlı fikir mübadiləsi aparılıb, sonda Bakı Bəyannaməsi qəbul edilib.
V.Puçkov əvvəlki iclasın üç il əvvəl keçirildiyini qeyd edərək ötən üç il ərzində strukturda bir sıra dəyişikliklər baş verdiyini, yeni strukturların yaradıldığını deyib. Nazir müavini qeyd edib ki, toplantıda əməkdaşlıqla bağlı bir sıra təkliflər, layihələr nəzərdən keçirilib, əməkdaşlıq imkanları araşdırılıb: “Xilasetmə işləri ilə bağlı əməkdaşlıq da davam etdiriləcək”.
Qeyd edək ki, toplantı iştirakçıları daha sonra Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Aparatının binasına gedərək burada yaradılan şəraitlə tanış olublar. Nazirliyin Böhranları İdarəetmə Mərkəzində olan tədbir iştirakçılarına böhranları idarəetmə zalında olan nəzarət etmə sistemləri, həmçinin müasir texnologiyalar barədə məlumat verilib.



Bu yazı ( 209 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar