12px14px16px18px

Naxçıvan Araz-Türk Respublikasının qurucularından biri – Abbasəli bəy Makinski

Musa QULİYEV
00:41 / 03.04.2012
1919-cu ilin yanvarın əvvəlində erməni qoşun hissələri Sürməli qəzasını işğal etdi. Azğınlaşan daşnaklar İrəvan, Üçmüəzzin və Şərur qəzasında da ağlasığmaz vəhşiliklər törədə-törədə Naxçıvana sarı hərəkət etməyə başladılar. Yanvar ayının 8-də Bakıda Azərbaycan parlamentinin 7-ci iclasında ermənilərin törətdikləri vəhşiliklər haqqında Naxçıvan Araz-Türk Respublikasının parlament üzvlərinin göndərdikləri məktub Həsən bəy Ağayev tərəfindən oxundu. Həmin ərizəni imzalayanlardan biri də Abbasəli bəy Makinski idi.
Sənədlərdə A.Makinski kimi qeyd edilsə də, axtarışlar zamanı məlum oldu ki, az qala unudulmuş şəxsiyyətin adı Abbasəli bəydir.
Abbasəli bəy Bəhram bəy oğlu Makinskinin soykökü qədim türk tayfası Bayatlardandır. Maku xanlığını Bayatlar idarə etsələr də, İrəvanda da yüksək mənsəb sahibi idilər. Bayatların bir hissəsi Makunun müdafiəsi üçün I Şah Abbas dövründə İrəvandan və Şərurdan Makuya köçürülmüşdülər. Onların Şərurda və İrəvanda yaşamaları haqqında “Kameral təsvirlər”də məlumatlar ardıcıl olaraq qeyd edilmişdir. Onlar 1920-ci ilədək Şərur mahalının Saraclı kəndində də yaşamışlar. Sonralar bolşeviklər tərəfindən güllələnən, sürgün edilən və Uzaq Sibirə – ölüm düşərgələrinə göndərilən Bayat Makinskilərin çoxundan bu gün də xəbər verən yoxdur. Arxiv sənədlərində də onların haqqında çox cüzi məlumatlar qalmışdır. Azərbaycanın müstəqilliyi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın işğaldan qorunması uğrunda Bayat Makinskilərin də rolu böyükdür. Diplomatiya və hüquq elmləri tarixində Teymur bəy və Abbasəli bəy Makinskilərin (əmioğluların) xüsusi yeri vardır.
Abbasəli bəy Bəhram bəy oğlu 1888-ci ildə Azərbaycanın qədim diyarı olan İrəvanda adlı-sanlı ziyalı ailəsində anadan olmuşdur. Onun atası Bəhram bəy, qardaşları İsmayıl bəy və Bəhmən bəy İrəvanın nüfuzlu şəxsləri olmaqla yanaşı, həm də Tiflisdə hörmət-izzət sahibi idilər. Biz hələlikdə Makinski Bayatların şəcərəsində onların ulu babalarının qolunu müəyyənləşdirən sənədləri əldə etməmişik. Ancaq məlumdur ki, Bəhram bəy dövrünün mükəmməl təhsilli ziyalısı olmuş və uzun illər İrəvanın, Tiflisin maliyyə-kredit orqanlarında yüksək vəzifələrdə çalışmışdır. Tiflisdə yerləşən Gürcüstan Milli Arxivində bu haqda sənədlər də vardır.
Abbasəli bəy ilk təhsilini doğulduğu İrəvan şəhərindəki realnı məktəbdə almış, sonra isə Tiflisdəki klassik gimnaziyada oxumuşdur. Onun Tiflisdə oxuduğu illərdə çəkdirdiyi fotoşəkillərdə ağıllı bir gəncin təbəssümü adamı sanki həmin illərə qaytarır. Tiflisdəki klassik gimnaziyanın çox sərt qanunları vardı. Gimnaziya təhsilindən sonra Xanımnaz Sadiqova ilə ailə qurmuş və Bəhram adlı oğlu olmuşdur. Həyat yoldaşı erkən vəfat etmiş, Abbasəli bəy təhsilini davam etdirmək üçün Kiyevə getmişdir. 1909-cu ildə Abbasəli bəy məşhur Kiyev Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşdur. Sənədlərdən məlum olur ki, Kiyevdə oxuduğu illərdə fransız, alman və ingilis dillərini mükəmməl öyrənmişdir. O vaxtlar Azərbaycandan Kiyevə oxumağa gedən tələbələr “Zemlyaçestvo” (“Azərbaycan həmyerlilər təşkilatı”) yaratmışdılar. Abbasəli bəy həm də həmin təşkilatda ən fəal üzvlərdən biri kimi fəaliyyət göstərmişdir. 1914-cü ildə universiteti əla qiymətlərlə bitirən Abbasəli bəy Tiflisə qayıdır. Artıq bu vaxt Birinci Dünya müharibəsi başladığından Tiflis müharibə qanunları ilə yaşayırdı. Bu çətin şəraitdə o, məhkəmə vəkili kimi işə başlayır. Az keçmir ki, ata-babaları kimi, Tiflis və İrəvan azərbaycanlılarının dərin rəğbətini qazanır. Tiflisin mədəni-maarif və xeyriyyə işlərində yaxından iştirak etdiyi üçün böyük ədib Mirzə Cəlilin hörmət etdiyi ziyalılardan biri olur.
Tiflisdə işləyərkən Zaqatala uyezdinin general-qubernatoru, şamaxılı Seyfulla bəy Atamalıbəyovun qızı, həkim Sara xanım ilə ailə həyatı qurmuş və bu nikahdan Cəmilə və Təyyar adlı övladları olmuşdur.
Ermənilərin İrəvan və Naxçıvanda başladığı hadisələrdə öz həmyerlilərinə kömək etmək üçün Abbasəli bəy İrəvana qayıdır. Burada gedən danışıqlarda, döyüşlərdə ön sıralarda dayanan Abbasəli bəy bir çox məsələlərdə Azərbaycanın İrəvandakı səlahiyyətli nümayəndəsi Məhəmməd xan Təkinskinin yaxın köməkçilərindən biri olur. Onların hər ikisi aristokrat ailənin övladları olduqlarından rus, ingilis, fransız və alman dillərini mükəmməl bilmiş və aparılan diplomatik danışıqlarda həmişə Azərbaycanın mənafeyini müdafiə etmişlər. Onlar ermənilərə tərəf saxlayan amerikan, alman, fransız və ingilis missioner hərbçilərlə danışıqlarda riskə də getməkdən qorxmamışlar. Çünki İrəvan artıq işğal olunmuşdu. Hədəf isə Naxçıvan idi. Naxçıvanı əldən vermək olmazdı. Ona görə də Abbasəli bəy və Teymur bəy İrəvandan Naxçıvana gəlirlər və Naxçıvan Araz-Türk Respublikasının qurucularından və üzvlərindən biri kimi adlarını Naxçıvan tarixinə yazırlar. Qeyd edək ki, onun əmioğlusu, ixtisasca hüquqşünas olan Teymur bəy Makinski Azərbaycan Xalq Cümhuriyyətində nazir vəzifəsini icra etmişdir. Bu vaxtlar Abbasəli bəy də Bakıya köçür və burada hüquqşünas kimi çalışır.
Abbasəli bəy və Teymur bəy milli hökumətin dövlət qanunvericiliyinin tərtibi məsələlərində parlament komissiyalarına yaxından köməklik göstərirdilər. Abbasəli bəyi Bakıda və Moskvada, həmçinin Tiflisdə ən yaxşı vəkil kimi tanıyırdılar.
Azərbaycanda bolşevik hökuməti qurulandan sonra Abbasəli bəy vəkil işləmişdir. Sonralar müxtəlif komissarlıqlarda hüquqşünas, yurist-konsul vəzifəsində də fəaliyyət göstərmişdir. 31 yanvar 1938-ci ildə keçmiş Azərbaycan SSR-in “NKVD”-sinin, daha doğrusu, XDİK DTİ-nin 3-cü şöbəsinin arayışına əsasən, fevralın 1-də həbs edilmişdir. Həmin vaxtlar A.Makinski Azərnəşrdə hüquq məsləhətçisi işləyirdi. Həm də Azərbaycan SSR Vəkillər Kollegiyasının üzvü idi. Onu əksinqilabi fəaliyyətdə günahlandırırdılar.
1938-ci il mart ayının 22-dən 23-nə keçən gecə Abbasəli bəyi güllələmişlər. Hökmün yerinə yetirilməsi haqqında aktdan çıxarış Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılır. 1955-ci ildən sonra onu axtaran övladlarına bildirmişlər ki, atalarına 10 il həbs cəzası verilərək Kolımaya həbs düşərgəsinə göndərmişlər və orada vəfat etmişdir. Beləliklə, onun övladlarını aldatmışlar.
Ona atılan böhtanlar hamısı quraşdırılmışdı. Ən əsası A.Makinskinin İrəvanı və Naxçıvanı erməni daşnaklarından qorumaq üçün onlara qarşı amansız mübarizəsi idi. 1919-cu ildə Məhəmməd xan Təkinskinin yanında İrəvanda Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin tərcüməçisi kimi işləyəndə Naxçıvanın erməni daşnaklarından qorunmasında əlindən gələni əsirgəməmişdi. Naxçıvan Araz-Türk Respublikasının üzvü olduğunu ona bağışlaya bilmirdilər. Çünki ermənilər Naxçıvanı işğal edə bilməmişdilər. Onun haqqında çox faktlar hələlikdə məlum olmasa da, o, Naxçıvan taborunda kornet kimi erməni işğalçılarına qarşı mərdliklə vuruşmuşdur. Əldə etdiyimiz fotoşəklinin arxasında 25 yanvar 1923-cü il, Konstantinopol (İstanbul) şəhəri yazılıb. O, 1922-1923-cü illərdə İstanbulda diplomatik fəaliyyətdə olmuşdur. Bolşeviklər onu güllələsələr də, bu hadisədən 3 gün sonra oğlu Bəhramı da həbs etmişlər. Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş müəllimi, sonralar Azərbaycan SSR Xalq Torpaq Komissarlığında işləyən Bəhram Abbasəli bəy oğlu Makinskini də əksinqilabçı kimi milyonçu Musa Nağıyevin oğlu Hüseynlə birlikdə həbs etmişdilər. Onların 1940-cı ilədək harada həbsdə saxlanması haqda heç bir məlumat əldə etmək mümkün olmadı. O, 22 dekabr 1970-ci ildə Bakıda vəfat etmişdir.
Beləcə, bir çox nəsillər kimi, Makinski Bayatların da çoxunu amansızcasına məhv etmişlər. Onların günahları Azərbaycanın ən qədim tarixi torpaqları İrəvanı və Naxçıvanı yağılardan müdafiə etmələri idi.
Doğma Naxçıvan onun uğrunda döyüşənləri heç vaxt unutmur. Belə nurlu şəxsiyyətlərdən, tərcüməçi, diplomatlardan biri də Abbasəli bəy Makinskidir.
Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix,Etnoqrafiya və Arxeologiya  İnstitutunun əməkdaşı




Bu yazı ( 360 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar