12px14px16px18px

Qəmər xanım Cavanşir-Kəngərlidən eşitdiklərim

Musa QULİYEV
00:55 / 06.05.2010

Dahi söz ustadımız Mirzə Cəlilin əsərlərini oxuyanda həmişə Qəmər xanım Cavanşiri xatırlayıram. Sonralar o, Kəngərli və Əliyeva familiyalarını da işlədirdi. Qəmər xanım böyük yazıçımızın həyat yoldaşı Həmidə xanım Cavanşirin əmisi nəvəsi olub, ömrünün çox hissəsini onlarda yaşayıb. Bəzən günlərlə dinləyirdim Qəmər xanımın xatirələrini. Hələ o vaxtlar sevimli yazıçımız haqqında elmi monoqrafiyalar, xatirə-memuar kitablar yox dərəcəsində idi. Olsa da, çox hadisələri senzuranın qorxusundan ya yazmırdılar, ya da ki, dəyişdirirdilər. Ona görə də Qəmər xanımın xatirələrini canlı olaraq dinləmək adama böyük mənəvi qida, həm də kədər gətirirdi. Çünki Mirzə Cəlilin yaradıcılığı və həyatı gülüşlə yox, dərin bir qəmlə doludur. Bu qəm şəxsi deyil, bəşəridir. Çox maraqlı kiçik bir şəxsi arxivi vardı Qəmər xanımın. Amma zəngin idi. Həmidə xanımın və Mirzə Cəlilin ünsiyyət saxladığı ziyalıların, ailəvi dostlarının fotoşəkillərini, özünün həyat yoldaşı Teymur Kəngərlinin cəbhə məktublarını, fotoşəkillərini və bir də özünün yaxın qohumları olan qarabağlı Cavanşirlərin sənədlərini göz bəbəyi kimi qoruyurdu. Elə fotoşəkillər vardı ki, onları gizlin saxlayırdı. Deyirdi ki, oğul, iyirminci və 37-ci illərdə gördüyümüzü görmüşük. Qoy Allah “enkavede”nin xəta-bəlasını bizdən iraq eləsin. Bu kəlməni o, tez-tez söhbətarası işlədərdi. Deyirdim ki, ay Qəmər xanım, indi daha “enkavede” yoxdur, qorxma. Amma o, dediyindən dönmürdü, “Nə danışırsan, ay bala...” – deyirdi. Keçən yüzilliyin 80-ci illərində belə, Qəmər xanımın yaddaşında qorxulu, müdhiş 37-ci illərin “enkavede”si yaşayırdı. Qəmər xanımın söylədiklərindən: “Mirzə Cəlili ilk dəfə Ağdamın Kəhrizli kəndində, atam Əliş bəyin əmisi qızı Həmidə xanımın (Qəmər xanım Həmidə xanıma şirin-şirin “mama” deyir; Qarabağda bibiyə “mama” deyirlər) malikanəsində görmüşəm. Onu da deyim ki, biz – Əliş bəyin uşaqları onu atamıza bacı bilmişik və “mama” demişik. O vaxtlar mənim gərək ki, 6, yaxud 7 yaşım olardı. Yaddaşım məni aldatmırsa, 1909-cu il idi. Mirzə Cəlillə Həmidə xanım Kəhrizli kəndində, Əhməd bəy Cavanşirin mülkündə (Həmidə xanımın atası) məktəb açmışdılar. Onlar atamdan icazə aldılar ki, mən yeni məktəbdə oxuyum. Əlbəttə, o vaxtlar bu, inqilab idi. Kəhrizli məktəbində bir il oxusam da, bu günədək müəllimlərim gözlərim önündədir. Molla Səfi Axundov, Olqa Alekseyevna, Valentina, Mariya Afanasyevna... Mirzə Cəlil Tiflisdən kəndə gələndə özü hərdənbir bizə dərs deyirdi. O, 16-17 yaşlı qızı Münəvvərə biz şagirdlərlə məşğul olmağı dönə-dönə tapşırırdı. Münəvvər böyük həvəslə dərs deyirdi. Bir ildən sonra niyəsə Mirzə Cəlillə Həmidə xanım məni Tiflisə aparıb, orada məktəbə qoydular. Yazıçının qızı Münəvvər və onun rəfiqəsi Manya həftədə bir dəfə evə gəlirdilər. Elə o vaxtdan etibarən Mirzə Cəlil mənə atalıq etməyə başladı və bu doğmalıq onun ömrünün axırınadək, necə deyərlər, son nəfəsinədək davam etdi. Mirzə Cəlilin işinin çox olmasına baxmayaraq, dərslərimi hazırlamağa kömək edirdi. Özü jurnalla bağlı bir yerə gedəndə onun tapşırığı ilə onlarda yaşayan Əziz Şəriflə Əhməd Pepinov (Ömərbəyov) mənə köməklik edirdilər. Onlarda qaldığım 2 il müddətində böyük şairimiz Mirzə Ələkbər Sabiri də görmüşəm. Mən ona “Sabir əmi” deyirdim. O qədər mehriban idi ki, xəstəhal vəziyyətdə Şamaxıya dönəndə ağlayırdım. Onun mehriban surəti indi də gözlərim önündədir”. Qəmər xanım arada dayanır, nədənsə fikrə gedirdi... Qəribə bir dalğınlıq və pərişanlıq vardı onun mehriban çöhrəsində... Az sonra deyirdi ki, hə, oğul, vərəqləyək o illərin səhifələrini... “Kəhrizlidə Həmidə xanımgildə çox böyük şəxsiyyətləri görmüşəm: həkim Kərim bəy Mehmandarovu, Üzeyir bəyi, müəllimlik edən Haşım bəy Nərimanbəyovu, Əmirovları və neçə-neçə unudulmaz insanları. Hərdən ürəyimdən keçir ki, onlarla bağlı bildiklərimi qələmə alım. Niyəsə bu müqəddəs işi bu gün-sabaha salıram. Bir dəfə Bakıda Əziz Şərifi gördüm. O da mənə məsləhət gördü ki, xatirələrimi yazım. Əziz müəllim mənə dedi ki, Qəmər, sən onlar haqqında heç kimin bilmədiklərini bilirsən. Sənə adi görünən bu əhvalatlar, vaxt gələcək ki, xalqımıza çox lazım olacaq. Amma oğul, yazdığım, dediklərim ancaq 1966-cı ildə yazıçının 100 illik yubileyi zamanı oldu. Vəssalam. İndi də sənlə xatırlayıram o uzaq illəri. İstərsən yazarsan, mənə də rəhmət oxuyarsan. Bir gün mən də onlar kimi həyatda olmayacağam”. Yenə Qəmər xanımın söylədiyi xatirələrə qayıdaq: “14 yaşım olanda atam mənə Qarabağ bəylərindən olan Bəhram bəylə ailə qurmağı təkid etdi. Amma ailə həyatımız çox uğursuz oldu. Bir neçə il sonra oğlum Məmmədlə tək qaldım. Mirzə Cəlil bu haqda bir pyes də yazmışdı: “Qəmərin toyu”. Sovet hökuməti qurulandan sonra həmin əlyazmasını Bakıda yaşadığı evin sobasında yandırdı. Artıq onda Mirzə Cəlilin bacısı Səkinənin oğlu Teymur Kəngərli ilə evlənmişdik. Onu da deyim ki, bu nikahın yaranmasında Mirzə Cəlil əsl atalıq eləmişdi. Yaxşı xatirimdədir. 1930-cu il idi. Mirzə Cəlil nə isə yazırdı. Mən ona çay gətirdim. Çayı verəndə dedi ki, sən mənim qızımsan, bir məsələ var. Axı, bu Teymur səninlə evlənmək istəyir, nə deyirsən?... Mən razılıq verdim. Teymur hərbi xidmətdən təzəcə qayıtmışdı. Çox ağıllı, mədəni bir ziyalı oğlan idi. Mirzə Cəlil bizə bolluca pul verdi ki, gedin özünüzə əməlli-başlı pal-paltar alın. O, bu işdən çox xoşhal olmuşdu... Xatirələr çoxdur, lap çox. Mən onlarla azı 30 il bir yerdə yaşamışam. Sənə Təbrizdəki günlərimizdən də demək istəyirəm. Təbrizə gedənlər bunlar idi: Mirzə Ələkbər, Həmidə xanım, Münəvvər, Müzəffər, Müdhət, Ənvər, Teymur Kəngərli, mən, həyat yoldaşım Bəhram bəy, onun ata-anası, qulluqçuları Xanımcan, qohumumuz Şirin xanım, Nağı, Qonça və başqaları. Bu çətin və təhlükəli yolda Mirzə Cəlil çox səbirli və təmkinli idi. O, bizi sağ-salamat Təbrizə aparıb çatdırmaq üçün hamımıza ürək-dirək verirdi. Bəhram bəyin Tiflis gimnaziyasında birlikdə oxuduğu Mir Həbib ağanın atası Mir Haşım ağa Əhər şəhərinin hakimi idi. Onlar bizi qonaq saxladılar və hörmət elədilər. Mir Həbib ağanın nişanlısı Təbrizin sahib mənsəblərindən olan Əmir Ərşadın qızı idi. Onu da deyim ki, Əmir Ərşadın naxçıvanlı Kərim xanla çox yaxın qohumluğu da var idi. Mirzə Cəlil bu haqda yaxşı bilirdi. Təbrizdə çox əhvalatlar olub. Orada bir naxçıvanlı tez-tez Mirzə Cəlilə baş çəkirdi. Adı Böyük xan idi. Təbrizdə, “Şiri-Xurşid” cəmiyyətində işləyirdi və Təbriz teatrında aktyorluq edirdi. Gərək ki, əsl adı Nəzərəli xan idi. Bolşeviklərin Təbrizdəki agentlərindən gizlənirdi. Təbrizdə Mirzə Cəlilin “Ölülər” pyesini tamaşaya qoydular. Baş rolda – Şeyx Nəsrullah rolunda Əli Azəri, kefli İskəndər rolunda Böyük xan Naxçıvani ustalıqla oynadılar. Təbriz ruhaniləri onu hədələyirdilər. Naxçıvanlı, Təbrizin mənsəb sahiblərindən olan Hacı Məhəmməd Naxçıvani onu evinə apardı. Mirzə Cəlil 1921-ci ildə Əli Azərini Bakıya gətirdi. Əli Azəri uzun illər Bakıda dövlət universitetində müəllimlik elədi. Yazıçının 100 illik yubileyində “Bircə yarpaq” adlı xatirələr kitabını yazdı. Elə həmin ildə də Bakıda dünyasını dəyişdi”. Qəmər xanımla bağlı bu xatirələri qələmə alanda birdən-birə onun həmin anlarını nəinki xatırladım, apaydın “gördüm” ki, böyük pəncərəsindən qonşuluğunda olan milyonçu Tağıyevin (indi Azərbaycanın Milli Tarix Muzeyidir) mülkünə baxdı, baxdı və niyəsə Mirzə Cəlilin 1930-cu ildə Şuşada dediyi bir kəlamını xatırladı: “Öləndə məni Cıdır düzündəki o təpələrdən birinin üstündə basdırın”. Qəmər xanım bunu xatırlayanda 1983-cü ilin oktyabrı idi...
Musa QULİYEV, AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi




Bu yazı ( 533 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar