12px14px16px18px

Şərur Vəkilovları – Naxçıvan Kəngərliləridir

Musa QULİYEV
01:41 / 22.01.2010





Şərur Azərbaycanın ən qədim mahallarından biridir. Çox qədim və zəngin tarixə malik olan Şərur mahalının coğrafi toponimləri, qədim abidələri, maraqlı etnoqrafiyası, qəbilə və tayfa adlarını yaşadan kəndləri doğma Naxçıvan tariximizin parlaq bir səhifəsidir. Şərur mahalının qədimlərdən bu yerlərdə məskunlaşan nəsillərindən biri də Vəkilovlardır. Onlar haqqında son illərdə mətbuat səhifələrində tez-tez yazılara rast gəlirik. Bu nəslin şəcərəsi 1992-ci ildə Kərim Həsənov və İsa Həbibbəyli tərəfindən qələmə alınıb, araşdırılıb. Bütün bunlar hamısı 37 səhifəlik kitabçada nəşr edilib. Müəlliflərin hər ikisi məşhur Vəkilovlar nəslinə mənsubdurlar. MDB-nin müxtəlif şəhərlərində olan arxivlərdə axtarışlar zamanı maraqlı faktlarla qarşılaşdıq. Ona görə də biz ancaq Vəkilovlar haqqında yeni tapıntılardan yazmağı məqsədəuyğun sayırıq.
Çar I Nikolay Naxçıvan xanlığını işğal etməklə özünü ovundura bilmədi. Buranın tarixi sahibləri olan Kəngərliləri necə olursa-olsun assimilyasiya etmək qərarına gəldi. Onun əsas məqsədi Naxçıvanı da İrəvan kimi ermənilərin ixtiyarına vermək idi. Hətta, onu sonralar əvəz edən Rusiya çarları bu işi daha da sürətləndirdilər. 1863-cü ildə yaradılan bəy komissiyaları 1865-ci il yanvarın 8-dən işə başladılar. İrəvan bəy komissiyası əsasında Naxçıvanda da belə komissiya yaradıldı. Keçmiş Naxçıvan xanlığının ən nücəba adamlarından 24 nəfər bu komissiyaya üzv seçildi. Bundan əlavə, komissiyanın sədri və icra katibi də vardı. Onların əsas işi xan və bəy nəsilli adamların dəqiqləşdirilməsi məqsədi olsa da, bir çoxlarını bu hüquqdan məhrum etmək oldu. Bu haqda Sankt-Peterburqda yerləşən Tarix Arxivinin fondlarında naxçıvanlıların senata yazdıqları xeyli ərizələr saxlanılır. Naxçıvandakı bəy komissiyası öz işini 1867-ci ildə qurtardı. Kəngərli tayfasının Bilici qolunun ağsaqqalları I və II Kərim Sultanın şərəfinə Kərimov və Sultanov familiyasını qəbul etdilər. Sonra fikirləşdilər ki, ən yaxşısı Vəkilov-Kəngərli soyadını daşısınlar. Çünki Səfəvilər dövründən etibarən Naxçıvana vəkil həmişə Bilici Kəngərlilərdən təyin edilirdi. Kəngərli elinin vəkili həmin tayfanın ağsaqqalı, yəni, söz sahibi sayılırdı.
Bəy komissiyalarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan sənədlərindən məlum olur ki, Naxçıvan Vəkilovları (buraya Dərələyəz Vəkilovları da daxil edilir – müəllif) Kəngərli tayfasına daxildirlər. Hətta, orada Dərələyəz mahalındakı Yaycıda (Şərurdakı Yaycı-müəllif) yaşayan Rəhim Sultanın adı çəkilir. Hələ bir az da tarixin səhifələrini vərəqləsək 1777-ci ilin 29 dekabrında yazılan Kəngərli arxeoqrafik sənədlərində Naxçıvan ölkəsinin vəkili Rəhim Sultanın adı çəkilir. Dərələyəz 1796-cı ilədək Naxçıvan xanlığının ərazisi idi və oradakı kəndlərdə əsasən Kəngərlilər yaşayırdılar. Hətta, rus hərbi tarixçisi İ.Şopenin yazdığına görə Naxçıvan xanlarından Şeyxəli xanın adına Ertiş kəndində qala da vardır.
Bizcə, Şərurun Dərələyəz sərhədlərində yerləşən Aşağı Danyeri (Danzik) və Yuxarı Danyeri (Danzik), həmçinin Çivə kəndində yaşayan Vəkilov-Kəngərliləri Naxçıvan xanı məqsədli şəkildə Naxçıvandan köçürmüşdür. Onu da deyək ki, Vəkilovların həm də Naxçıvanda, Əlixan məhəlləsində mülkləri və torpaq sahələri vardı. Tiflis arxivində tapdığımız sənəddə Əlixanlı kəndi I Ehsan xanın atadan qalma mirası kimi təsdiqlənib. Sənədlərin çoxunda Vəkilovların adlarının yanında Sultan titulu yazılıb. I Kalbalı xan Kəngərli hicri 1221-ci (miladi 1806) il tarixli hökmündə Naxçıvan süvarilərinin kiçik qruplarına başçılıq edən şəxslərin adlarının yanına “Sultan” titulunu yazırdı. Ona görə də yuxarıda adlarını çəkdiyimiz müəlliflərin “Nəsil şəcərəsi” kitabçasında adları çəkilən İbrahim Sultan, Qasıməli Sultan, Abbasəli Sultan, Hüseynqulu Sultan, Əhmədalı Sultan, Hüseynalı Sultan, Vəkil Sultan öz dövrünün bacarıqlı hərbiçiləri, daha doğrusu, süvariləri olub.
Gürcüstan Mərkəzi Tarix Arxivinin “Qafqaz canişininin dəftərxanası”na məxsus fondunda tapdığımız bir sənəddə Naxçıvan şəhərinin sakini, praporşik Məmməd bəy İbrahim Sultan oğlunun tərcüməçi təyin edilməsi haqda məlumat vardır. Sənəd 1853-cü ilə aiddir. Burada adıçəkilən Məmməd bəy akademik İsa Həbibbəylinin ata babasıdır.
1841-ci il aprelin 18-də Naxçıvandan Tiflisə, oradan isə Varşavaya göndərilən müsəlman süvari polkunun komandiri İskəndər xan I Kalbalı xan oğlu olub. Onun hərbi rütbəsi “Sultan” yazılıb. Varşavaya gedəndə İsgəndər xanın 26 yaşında olması qeyd olunub. Polkun naibi Hüseynqulu bəy Məmmədxan oğlu (25 yaşında), vəkillər isə İbrahim Xəlil bəy Hacı Vəli bəy oğlu (29 yaşında), Məmməd bəy İbrahim Sultan oğlu (22 yaşında) olub. Və elə oradaca qeyd edilib ki, bunlar ən hörmətli, nüfuzlu bəylərin övladlarıdır. Əgər Məmməd bəy Naxçıvan Kəngərlilərindən olmasaydı, I Ehsan xan heç vaxt onu Varşavaya göndərdiyi Kəngərli süvari polkuna vəkil təyin etməzdi. Buradakı vəkillərin ikisi də məşhur II Kərim Sultanın varisləridir.
Şərura yaxın və bağlı olduğu üçün Dərələyəzə aid sənədlərdə danzikli Vəkilovların-Kəngərlilərin haqqında da xeyli maraqlı məlumatlar vardır. Qarabağ xanlığına verilməzdən əvvəl Dərələyəz Naxçıvan xanlığına daxil olduğundan I Kalbalı xan xanlıq sərhədlərini qorumaq üçün həmin ərazilərdə Kəngərli süvarilərini yerləşdirirdi. 1828-ci ildən sonra erməniləri Dərələyəzə köçürdülər. Bu proses 1918-1920 və 1948-ci illərdə də davam etdirilmişdi.
Arxiv sənədlərinin köməyi ilə müəyyən etmək olar ki, Danyerində (Danzikdə) yaşayan Vəkilov-Kəngərlilər Dərələyəzə köçürülənlərə qarşı çox ciddi mübarizə aparmışlar və bu haqda Gürcüstan Mərkəzi Tarix Arxivində 1844-cü ilə aid sənəd saxlanılır. Hətta, I Ehsan xan Sankt-Peterburqda olarkən rəsmi şəkildə ona bildirirlər ki, sən və qardaşın Mehdi ağa (əsl adı Mehdiqulu xan) Dərələyəzə köçürülən ailələrə təzyiq göstərirsiniz və sair və ilaxır. Dərələyəzin qanuni tarixi sahibi olan Naxçıvanskilər, Vəkilovlar, Sultanovlar (bunlar hamısı Naxçıvan Kəngərliləridir) Abbas Mirzənin və sonralar çar I Nikolayın, eləcə də onu əvəzləyən digər rus çarlarının siyasətinə qarşı sərt mövqedə dayanıblar. Yuxarı Danyeri (Danzik) kəndi bir növ Şərur mahalında Dərələyəzin qapısı adlanırdı. Bu sətirlərin müəllifi müəllimlik təyinatını həmin kəndə almışdı. Necə deyərlər, orada yaşayıb işlədiyim müddətdə çox söhbətlər, bir sıra məsələlər mənə yaxşı tanış idi. Məktəb köhnə çar binasında, Şərur-İstisu yolunun üzərində yerləşirdi. Naxçıvanla bağlı tarixi sənədləri öyrənərkən aydın oldu ki, bu yol Naxçıvan-Tiflis hərbi yolu olub. İrəvana daxil olmadan Göyçə qolunun sol sahili ilə Qazax-Tiflis yoluna birləşirmiş. İndi xeyli hissəsi Arpaçay su anbarı ərazisində qalan həmin hərbi yolun tarixi əhəmiyyəti çox böyük olub. Hələ Səfəvilərin zamanından bu yoldan hərbi məqsədlə istifadə olunub. Sonra Naxçıvan xanlığının əsas hərbi və ticarət yollarından olub. Hətta, general-mayor III Kalbalı xan Vəlidağda daşnaklarla döyüşə gedəndə onun qoşunu bu yolla gedib (tarixçi alim Əli Əliyevin xatirələrində – müəllif). Yuxarı Danyeri (Danzik) kəndindən Vəlidağa hərbi xarakterli rahat dağ yolları vardır. III Kalbalı xanın taborunda Vəkilovlar (buraya Çivədə yaşayanlar da daxildir) Naxçıvanın müdafiəsində cəsarətlə vuruşublar. Bu taborun döyüş yolları haqqında son illərdə xeyli yazılar dərc olunub. Burada bir maraqlı məsələyə toxunmaq istərdik. Belə bir məlumatla rastlaşırıq ki, Əli xanın mənsub olduğu “Bu nəsil təxminən XVII əsrin ortalarında Türkiyədən, ehtimal ki, buradakı Danzik adlı iki yaşayış məntəqəsinin birindən köçüb Qazax bölgəsinə gəlmiş, indiki Salahlı kəndində məskunlaşmışdır”. Bu ehtimalı Vəkilovların varisləri də təsdiqləyirlər. Hətta, onlar yazaraq bildirirdilər ki, Əli xan XVIII əsrin ikinci yarısında Qazaxdan Naxçıvana gəlmişdir. Kəngərlilərin tarixini araşdırarkən aydın olur ki, onları Şərq ölkələrinə, Azərbaycanın digər yerlərinə Naxçıvandan aparıblar. Məsələn, indinin özündə Azərbaycanın Şimal rayonlarında 100-ə yaxın Kəngərli kəndləri vardır. Ola bilsin ki, hazırda varislər bunu bilməsinlər. Ancaq etnoqraf alim Qeybullayev bu köçürülmə məsələsini yaxşıca araşdırıb. Rus hərbi tarixçisi Şopen də bu haqda ətraflı yazmışdı. Hətta, tarixi sənədlərə görə demək olar ki, Borçalı mahalında da Kəngərli tayfasına aid nəsillər yaşamışlar. Bunlar sonralar Qazaxa və daha çox Qarabağ xanlığına köçmüşlər. Bunun da tarixi kökləri var.
Amma bəzi araşdırıcılar istər Sovet hakimiyyəti illərində, istərsə də sonralar bu məsələyə aydınlıq gətirməmişlər. Əksinə, bəzi yazarlar hətta onların nəsil kökləri haqqında ifrata varmışlar.
Qeyd etmək lazımdır ki, Əlixan Qazaxdan Naxçıvana öz ata ocağına qayıtmışdı. Araşdırmalar göstərir ki, onun mənsub olduğu nəsil XVI əsrin əvvəllərində Şərurdakı Danzik kəndindən Şah İsmayıl Xətayi tərəfindən Türkiyəyə köçürülmüşdür. Məqsəd isə Türkiyə ərazisində şiə mənsublu sadiq qüvvələr yerləşdirmək, gələcək savaşlarda Sultan Səlimə arxadan zərbələr vurmaq idi. Bu məqsədlə Naxçıvan ərazisindən və Makı ətrafından 20-dən çox kəndin əhalisi yarıya bölünərək Türkiyədə yerləşdirilmişdi. Onlar həqiqətən də məşhur Çaldıran döyüşündə Şah İsmayılın tərəfini saxlamışdılar. Sultan Səlim isə müharibədən geri dönərkən minlərlə şiə əhalisini qılıncdan keçirmişdi. Ona görə də Naxçıvandan və Makı ətrafından köçürülənlər bu ərazilərdə döyüşlər keçirildiyi üçün geri qayıda bilməyib, Gürcüstan ərazisinə, yaxud Qazax bölgəsinə getməli olmuşdular. Əlixanın mənsub olduğu nəsil də Qazaxda məskunlaşıb. XVIII əsrin ortalarında Qazax-Gürcüstan bölgəsindəki toqquşmalar zamanı M.P.Vaqif Qarabağa, M.V.Vidadi Şəmkirə köçməyə məcbur olduğu illərdə Əlixan da qan yaddaşının izi ilə Naxçıvana qayıtmış, Əlixan məhəlləsini salıb ailəsi ilə burada yaşamışdır. Bir müddətdən sonra o, Kalbalı xanla danışıq apararaq Naxçıvan şəhərindəki mülklərini ona bağışlamaq şərtilə yenidən Şərurdakı ata-baba yurduna-Danyeri (Danzik) kəndinə dönmüşdür. Burada o, Danyeri (Danzik), Civə, Aşağı və Yuxarı Yaycı, Axura və Bulaqbaşı, habelə Dəvəölən kəndlərinin hakimi təyin olunmuşdur. Beləliklə, tarixi ənənələrə malik olan Naxçıvan Vəkilovları yenidən formalaşmışdır. Bu Vəkilovlar qədimdən Kəngərlilərlə bağlıdır. Akademik İsa Həbibbəyli də həmin nəslin nümayəndəsidir. Naxçıvan Vəkilovları qədim Kəngərli tayfasının Kərim Sultan qoluna aiddirlər. Vəkilovlar mənşə etibarilə naxçıvanlıdırlar. Bu gün müxtəlif bölgələrdə yaşayan İran Vəkilovları, Qazax Vəkilovları, Gürcüstan Vəkilovları da bu nəslə aid olub, müxtəlif səbəblərdən Naxçıvandan köçüb gedənlərdir. Artıq onların hər biri müstəqil tayfa kimi formalaşıblar.
Başqa bir tarixi qaynaq əsl həqiqəti üzə çıxarır. Onu olduğu kimi yazırıq: “Şah Abbas zamanında Mustafa xan, Teymur Sultan, Əli bəy və Maqsud Sultanın Kəngərli obasından çıxmasını bilirik. Bunlardan Xorasan şəhərlərindən olan Tebsin valisi Mustafa Sultan 1003/1594-cü ildə özbəklərlə savaşda öldürüldü və həmin obadan (yəni Kəngərli elindən-müəllif) olan Teymur Sultan onun yerinə seçildi. Maqsud Sultan da Naxçıvanın valisi imiş. O, elçi (yəni, diplomat-müəllif) sifəti ilə İstanbula getmişdir. 1046/1636-37. O, habelə Kirit adasının fatehlərindən olan və məşhur Gatiyayini 4-cü Sultan Murada ithaf edən Dəli Hüseynin yüksəlməsinə səbəb olub. Maqsud Sultan, eyni zamanda, Xəlifəül-xüləfa (xəlifələr xəlifəsi) məqamını da üzərinə götürmüşdür və 1051/1641-42-ci ildə elçi sifəti ilə İstanbula göndərildi. Bu gün də Diyarbəkir mahalında biri mərkəzə, o birisi isə Bismil qəsəbəsinə bağlı olan Kəngərli adlı 2 kənd vardır. Əlavə olunmalıdır ki, Məhəmməd xan Ustaclı ilə qardaşı Qara xan bu məntəqələrdə vali idilər”. (Bax: Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri” beynəlxalq simpoziumun materialları, 2006, səh. 169).
Rus diplomatı Qriqoryevin birbaşa hökm etdiyi məsələ ki, Kəngərlilər Naxçıvana Diyarbəkirdən gəlmişlər fikri doğru deyil. Çünki yuxarıdakı tarixi fakt çox həqiqətdir. Və biz ona üstünlük veririk. Uzun illərdir ki, tarixi (Kəngərlilərə məxsus) sənədləri araşdırırıq və bu faktı təsdiqləyirik. Çünki həmin faktın özü elə yazılan illərə aid xronikadan götürülüb.
Naxçıvana yaxın Əliabad kəndi xanlıq dövründə Əlixanlı kimi sənədlərə düşüb. Qazaxdan, yaxud Diyarbəkirdən gəlmə adamlara Naxçıvan xanları, xüsusən I Kalbalı xan bu imkanı verməzdi. Bir də “Xan” titulu unudulmaz tarixçi alim Əli Əliyevin (onun özü də bu Vəkilovlardandır) yazdığı kimi: “Çünki Türkiyə dövlətində xan rütbəsi olmayıb. Orada bəy, paşa, sultan rütbələri vardır”. Buradaca bir haşiyə çıxmaq istərdik: “Kərim Sultanın varislərindən olan Sənubər Kərimova (Kəngərli) nəql edir ki, Tofiq Vəkilovla ailə quranda onun atası Balabəy Vəkilov (1875-ci ildə doğulub) şükür-səna ilə dedi: “Allaha şükür ki, ulu babam Kərim Sultanın varislərinin toyunu gördüm”.
Belə faktlardan çoxunu misal gətirmək olar. Maraqlı haldır ki, Naxçıvandan Dərələyəz İstisuyuna qədər kəndlərin hamısı, əsasən Naxçıvan-İrəvan yolunun sağındakılar, soldakı bir neçə kəndi çıxmaqla Kəngərlilərə məxsus olub. Bunlar həm də təhlükəsizlik məqsədi daşıyırdı. Culfa və Ordubad tərəfdə də belədir. Tapılan yeni arxiv sənədlərinə və bəy komissiyasının XIX yüzillikdə təsdiqlədiyi qərara görə Vəkilovlar Naxçıvan Kəngərliləridir. Naxçıvan tarixində çox qədimlərdən şöhrət tapan Vəkilov-Kəngərlilər, yeni Naxçıvan tarixində də bu soyadı fəxrlə daşıyırlar, doğma yurdumuzun tərəqqisi naminə ürəklə çalışırlar.
Musa QULİYEV, AMEA Naxçıvan Bölməsi, Tarix,  Etnoqrafiya və Arxeologiya  İnstitutunun əməkdaşı




Bu yazı ( 746 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar