12px14px16px18px

Bir Azərbaycan sevdalısı – polkovnik Yusif bəy Tahirov

Musa QULİYEV
02:13 / 18.03.2010
 
 
 
 
1918-ci ildə daşnak Andronik Ozanyanın başçılığı ilə erməni quldur dəstələri Naxçıvan və Şərur-Dərələyəz qəzalarında qanlı qırğınlara başladı. Bu azğın quduzların qarşısını almaq və torpaqlarımızı müdafiə etmək üçün həmin ilin noyabr ayının sonunda naxçıvanlılar Qafqazda altıncı müstəqil qurum olan Araz-Türk Respublikasını elan etdilər. Bu respublikanın paytaxtı Naxçıvan şəhəri olmaqla, ərazisinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Kəmərli, Mehri və digər bölgələr daxil idi.
Araz-Türk Respublikası tariximizin ən çətin və ziddiyyətli dövründə yaranıb. Buna görə də keçən yüzillikdə aparılan tədqiqat işlərində birtərəfli araşdırma açıq-aşkar hiss edilməkdədir. Bu araşdırmalarda öz həyatlarını Naxçıvanın müstəqilliyi uğrunda fəda etməyə hazır olan, erməni daşnaklarına qarşı mərdliklə vuruşan neçə-neçə eloğlumuzun adları belə çəkilməyib, çəkilsə də, sinfi nöqteyi-nəzərindən yanaşılıb. Amma arxiv sənədləri, şəxsi gündəliklər və digər mənbələr bunun əksini sübut edir. Buna görə də bütün bu qaranlıq məsələləri incələmək üçün Qars və Araz-Türk Respublikasının tarixinin çox ciddi, düzgün tədqiqinə ehtiyac var.
İstər Qars, istərsə də Araz-Türk Respublikasına aid mənbələrdə Yusif bəy Tahirovun da adı çəkilir. Amma təəssüflər olsun ki, XX yüzilliyin mahir hərbçisi və xeyriyyəçisi olan, var-dövlətini xalqın maariflənməsi yolunda xərcləyən Yusif bəy haqqında bildiklərimiz azdır.
Çar Rusiyasının polkovniki olmuş Yusif bəy Məmmədağa oğlu Tahirov Naxçıvan şəhərində doğulub. Onun mənsub olduğu Tahirovlar nəslinin ulu babaları Naxçıvan xanlığının vəziri olub. 1723-cü ilə aid bir sənəddə Naxçıvan ölkəsinin vəziri Mirzə Məhəmməd Tahirin adı çəkilir. Onun haqqında belə yazılıb: “Naxçıvanın sabiq vəziri Ağası bəyin oğlu, Naxçıvan ölkəsinin vəziri olan böyük oğlu-alihəzrət pak nəsilli, ali rütbəli şərəf sahibləri yanında xatiri sayılan, izzətli, zəxavətcə nəcib və əzəmətli Mirzə Məhəmməd Tahirdir”. Buradaca bir məsələni aydınlaşdırmaq yerinə düşər.
Rus tədqiqatçısı və şərqşünası N.K.Smirnov Tahirovların Kəngərli tayfasının bir qolu olduğunu qeyd edir. Bunu hələ keçən əsrin 80-ci illərində Naxçıvanın qocaman ziyalıları da söyləyirdilər. Əslində əldə olunan sənədlər də bunu təsdiqləyir. Əlbəttə, bu ayrıca bir yazının mövzusudur və gələcəkdə bu haqda söhbət açmaq fikrindəyik.
Hələlikdə Yusif bəyin atası Məmmədağanın iki oğlu və qızı olduğunu müəyyənləşdirmişik. O, Naxçıvanın mötəbər şəxslərindən biri olub və övladlarına yaxşı təhsil verib.
Yusif bəy hərbi təhsil alıb və Tiflisdə hərbi qulluqda olub. Onun Tiflisdə yaraşıqlı bir mülkü də var imiş. O, hərbçi olmaqla bərabər, həm də teatr və mədəniyyətimizin tərəqqisində əvəzsiz xidmətlər göstərib.
1911-ci ildə “Səda” qəzeti (13 fevral) yazırdı: “Yanvarın 30-da ...dram cəmiyyətini idarə etmək üçün 8 nəfərdən ibarət Nadir bəy Qayıbov, Eynəli bəy Sultanov, Yusif bəy Tahirov, Mirrövşən bəy Əfəndizadə və Əlimirzə bəy Nərimanov və digərləri seçildilər”. Və o, Tiflisdə ilk teatr binasını təşkil etmişdir. Gürcü əyanlar teatrında yerləşən cəmiyyətin 5 nəfərdən ibarət bürosu və 40 nəfərdən artıq üzvü var idi.
Teatr cəmiyyətinin ilk sədri Yusif bəy Tahirov idi və əslində bu cəmiyyətə əsaslı maddi köməyi də o edirdi.
Xatirələrdə oxuyuruq ki, 1912-ci ildə aprelin 1-də, gündüz saat 12.00-da Tiflisdə Azərbaycan Xalq Evi-Auditoriyası açıldı və Yusif bəyin sevincinin həddi-hüdudu yox idi. Hələ 1907-1908-ci illərdə Tiflisdə olan Həmidə xanım Məmmədquluzadə (Cavanşir) öz xatirələrində yazır: “Hər hansı bir tədbirin keçirilməsi üçün hökumət idarələrindən icazə almalı idik. Rəislərdən icazə alınmasında Gövhər xanıma mərhum Yusif bəy Tahirov kömək edirdi”.
Görünür Həmidə xanım Yusif bəyi yaxşı tanıyırmış. Sovet hakimiyyəti illərində xatirələrini yazanda onun adını (yasaq olsa da!) hörmətlə çəkib, yada salıb...
Naxçıvanın ən çətin günlərində vətənə dönən Yusif bəy silaha sarılıb düşmənlərə qarşı mərdliklə döyüşür. Saralmış arxiv sənədləri də bunu təsdiqləyir. 1918-20-ci illərdə onun ermənilərə aman verməməyi hər birimizdə qürur doğurur. Məsələn, Azərbaycan Parlamentinin 1919-cu il yanvarın 8-də çağrılan 7-ci iclasında Həsən bəy Ağayev İrəvan quberniyası əhalisinin nümayəndələrinin ərizəsini oxuyur. Bu ərizəni imzalayanlardan biri Araz-Türk Respublikasının üzvü Yusif bəy Tahirov idi.
1920-ci ildən sonra Yusif bəy Tahirovun taleyinin necə olduğundan xəbərsizik.
Qohumlarından öyrənirik ki, onun iki qızı, bir oğlu varmış: Sofiya, Xurşid və Məmməd.
Qızı Sofiya yazıçı Nağı Nağıyevin həyat yoldaşı olub. Məmməd Tahirov isə Moskvada təhsil alıb və Böyük Vətən müharibəsində iştirak edib. O, 40 ildən artıq Azərbaycan MEA-da işləyib.
Yusif bəy Tahirovun bacısı Nazlı xanım Tahirova da dövrünün ziyalı qadınlarından olub. O, əvvəlcə milyonçu H.Z.Tağıyevin qız məktəbində oxuyub, sonra Tiflisdə təhsilini davam etdirib. Ona bu işdə qardaşı Yusif bəy maddi və mənəvi yardımçı olub. Nazlı xanım Naxçıvanda və İrəvanda müəllimlik edib, maarifçilik ideyalarını yaydığı üçün dəfələrlə ölümlə hədələnib. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə də çox hörmət etdiyi Nazlı xanımın pedaqoji fəaliyyəti haqqında çox yazıb. Onu da deyək ki, o, şair Əliqulu Qəmküsarın əmisi oğlu, məşhur səttarxançı və bacarıqlı diplomat Nəcəfqulu Nəcəfovun həyat yoldaşı olub. Stalin dövründə sürgün həyatı yaşayıb. Neçə-neçə doğmalarını güllələyiblər. Özünü isə Tahirovların qızı, Nəcəfovların isə gəlini olduğuna görə uzun illər təqib ediblər. Tahirovların digər nümayəndəsi Abbasqulu bəy Cəfər ağa oğlu Tahirovdur. O, 1881-ci ildə Naxçıvanda doğulub. Atası Cəfər ağa Naxçıvanın varlı və ziyalı adamlarından olub.
Abbasqulu bəy Naxçıvanda “Qalabəyi” adı ilə tanınıb. Hətta qohumları da onu bu adla tanıyıblar. Çünki o, uzun illər Ordubadda və Naxçıvanda pristav və komendant (qalabəyi) işləyib.
1918-1920-ci illərdə isə müsəlman milli komitəsinin üzvü və sədrlərindən biri olub. Mirzə Bağır Əliyevin gündəliyində onun Vətən uğrunda ermənilərlə apardığı döyüşlərdən maraqlı qeydlər var. O da 1937-ci ildə həbs edilib, Dağıstana siyasi sürgünə göndərilib.
Naxçıvanda və Qoridə təhsil alan, Naxçıvanın tərəqqisi və qorunması üçün əvəzsiz xidmətləri olan Abbasqulu bəyə erməni çekistlər olmazın əzablar veriblər. Dərbənddə o, 1943-cü ilədək – ölənə kimi meşəbəyi işləyib. Və yeganə qızı Xanımı, sədaqətli həyat yoldaşı Mahusarəni bir daha görmək ona qismət olmayıb. Onu da qeyd edək ki, Abbasqulu bəy Yusif bəy Tahirovun dayısı oğludur. Deməli, Yusif bəyin anası məşhur hərbçi Novruz ağanın qızı, polkovnik İsmayıl ağanın bacısı olub. Bir az da dərinə getsək tam süvari generalı İsmayıl xanın həyat yoldaşı Xanımcan xanım Yusif bəyin xalası, Abbasqulu bəyin isə bibisidir. Belə soy-kökə malik olanları isə çətin ki, erməni çekistləri sərbəst buraxardılar. Sənədlərdən öyrənirik ki, Yunis xan, həyat yoldaşı Ləli xanım (Abbasqulu Tahirovun baldızı), övladları Ziyad, Bəhman, Xanım, Mələk, Papıl Dərbənddə sürgündə yaşayırmışlar. Yunis xan general İsmayıl xanın oğul nəvəsidir.
Abbasqulu bəyin qızının övladları Naxçıvanın ən ləyaqətli ziyalılarından olublar. Onlardan biri – gözəl jurnalist, “Şərq qapısı” qəzetinin keçmiş əməkdaşı mərhum Cəfər Kərimov idi. Tahirovlarla bağlı xeyli sənədlər və məlumatlar toplamışıq. Məqsədimiz onları öyrənmək, doğru-dürüst yazmaq və bugünkü gənc nəslə çatdırmaqdır. Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın uğrunda öz həyatlarını əsirgəməyən nəsillərin və şəxsiyyətlərin buna mənəvi haqqı çatır.
 Musa QULİYEV, AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi



Bu yazı ( 598 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar