12px14px16px18px

Dağ əzəmətli söz ustadı ilə unudulmaz görüşlər

Musa QULİYEV
00:42 / 18.05.2010

 
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Taxt üstündən salan dünya
Xəstə Qasım
Xatirə ədəbiyyatını çox sevirəm. Çünki oxucunu yaşamadığı illərə belə, aparıb çıxara bilir. Necə deyərlər, adamı az qala o illərdə olan hadisələrin iştirakçısına çevirir.
Hələ yeniyetməlik illərindən yazıçılarla ünsiyyətim taleyimdən bir qırmızı xətt kimi keçir. Avtoqraflı kitablar, əlyazmalar, məktublar, xatirə əşyaları tez-tez nəhəng söz sənətkarlarını xatırladır mənə... Çox maraqlıdır ki, onların əksəriyyətinin yaradıcılığında Naxçıvan və naxçıvanlılar mövzusu əsas yer tutur.
Belə yazıçılardan biri qüdrətli söz sənətkarı, böyük romançı Süleyman Hüseyn oğlu Rəhimovdur. 1931-ci ildən 1983-cü ilədək Azərbaycan ədəbiyyatının ən nüfuzlu qələm sahiblərindən olan Süleyman Rəhimovun yaradıcılığı ilə bağlı rus, ingilis, fransız, alman və fars dillərində də xeyli monoqrafiyalar nəşr edilib. Buna əsas səbəb onun Azərbaycan ədəbiyyatının nəhəng romançılarından biri olmasıdır. Bu xatirə yazıda məqsədimiz onun yaradıcılığı haqqında yazmaq deyil. Çünki onun ədəbi yaradıcılığı o qədər zəngin və çoxşaxəlidir ki, bir yazıya sığmaz. Çox təəssüf ki, onu təkcə sovet dövrünün ustad yazıçısı hesab edənlər də var. Amma yox. O, bütün zamanların qələm sahibidir.
1970-ci ildə tələbələrlə yazıçı Süleyman Rəhimovun görüşü keçirilən zaman onun cazibədar səsini eşitmiş və ədəbiyyat haqqında çıxışına maraqla qulaq asmışdım. Bu görüşün təşəbbüskarı o vaxtlar V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının direktoru, cəsarətli tarixçi, S.Rəhimovla 1937-ci ildə Şərur rayonunda birlikdə işləmiş Əli Əliyev idi.
Şahbuza və Şərura səfər edən yazıçı Naxıçvanda C.Məmmədquluzadə adına Musiqili Dram Teatrında özünün 70 illiyinə həsr olunmuş gecədə Şahbuz səfərindən çox kövrək danışdı. Dedi ki, gedib yaşadığım evi tapdım. Çox cavankən itirdiyim oğlum Şamili (Şamonu) bu mənzil sanki qaytardı mənə... Yazıçının çox təsirlənməsi zalda qəribə bir kədər dalğası yaratdı...
Onun oğlu Şamo istedadlı alim və gözəl şair idi. MDU-nu bitirən və doğma Bakıya dönüb seysmoloq kimi çalışan Şamo nakam bir tale yaşamışdı. O, 40-dan artıq elmi işin və “Yerin strukturunun öyrənilməsi məsələləri” adlı monoqrafiyanın müəllifi olmaqla bərabər, həm də “Ayrılıq” adlı şeirlər toplusunu da çapa hazırlamışdı. Ancaq elmi irsi və “Ayrılıq” şeirlər toplusu Şamonun ölümündən 3 il sonra (o, 1965-ci ildə vəfat etmişdi), yəni, 1968-ci ildə işıq üzü görə bildi. Onun oğlunun elmi və poetik yaradıcılığı ilə bağlı yazıçıya bir neçə məktub yazmışdım. Bu məktublaşma bizi 1974-cü ildə Bakıda, yazıçının evində görüşdürmüşdü. Həmin yay günü indiki kimi gözlərimin önündədir.
O gündən başlayaraq yazıçı ilə aramızda olduqca səmimi bir dostluq ünsiyyəti yaranmışdı. Bu dostluğu yaşadığımız illərin xatirələri çoxdur. Onlardan bir yarpaq xatirəni sizinlə bölüşmək istərdim.
Yazıçı Naxçıvanı və naxçıvanlıları dərin bir məhəbbətlə sevirdi. Hətta, o, ustad yazıçı C.Məmmədquluzadənin 100 illiyi münasibətilə “Uğundu” adlı satirik hekayəsində də yuxarıda dediyimiz məsələyə çox orijinal yanaşıb. Yazıçı Şahbuzda və Şərurda (o vaxtlar Noraşen adlanırdı) işlədiyi vaxtları tez-tez xatırlayır və maraqlı söhbətlər edirdi. Onun Naxçıvanda işləməsi 1936-37-ci illərə təsadüf edir.
1924-cü ildən keçmiş SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təhlükəli ziyalı kimi nəzarətə götürülür. Başqa bir tərəfdən də onun bəy qızıyla evlənməsi xəfiyyəçiləri daha da həvəsləndirmişdi. Şərurda işləyərkən, yəni 1938-ci ilin əvvəllərində o, “xalq düşməni” adı ilə həbs edilib Bakıya aparılmışdı.
Süleyman müəllim nəql edirdi ki, məni Bayılda saxlayırdılar. Hətta, yazdığım bir əsərin əlyazmasını mənə dırnaqlarımla pozdururdular... Qəribə bir təsadüf məni xilas etdi. Əmim Kərbəlayı Allahverdi Qəhrəman oğlunun M.C.Bağırovla tanışlığı köməyimə çatdı və əmim məni xilas etdi.
Yazıçının məsləhəti ilə keçən yüzilliyin 80-ci illərində “S.Rəhimovun Şahbuz və Şərur rayonlarında fəaliyyəti” adlı sənədli xatirələr yazmışam. Əlyazmanın çapa hazır variantı onun şəxsi arxivində də var. Sənədli xatirələr onun verdiyi siyahıdakı şəxslərin dedikləri əsasında yazılmışdı.
Dəfələrlə Naxçıvana yaradıcılıq görüşlərinə gələn yazıçı bu qədim diyardan danışmaqdan doymazdı. Xatirimdədir. İlk dəfə o vaxtkı Yazıçılar İttifaqına məni aparan yazıçı İmran Qasımova dedi ki, bax, bu cavan oğlan da naxçıvanlıdır... Məşhur yazıçılara, şairlərə məni elə ürəkdən təqdim edirdi ki... sıxılırdım. Hətta gürcü şairi və tərcüməçi Leyla Eradze ilə də məni tanış etdi. Leyla xanım və Dilarə Əliyeva onun “Qafqaz qartalı” ikicildlik romanını gürcü dilinə tərcümə edirdilər.
1976-cı il martın 26-da Bakıdaydım. Dedi ki, axşam şair Süleyman Rüstəmin ad günü təntənəli qeyd ediləcək. Yazıçılar İttifaqından çıxanda isə dedi ki, ay oğul, dünyanın işini bilmək olmaz, gəl gedək bir şəkil aldıraq (elə-belə də dedi). Qoy bizdən yadigar qalsın. Mən hörmət əlaməti olaraq onun qolundan tutmaq istədim. Razı olmadı. Mən sənin qolundan tutacağam. Sən heç vaxt mənim nüfuzumdan istifadə etmədin. Qoy gələcəkdə baxsınlar ki, qocaman bir yazıçı cavan bir pedaqoqun qolundan ehtiramla tutub... Sonralar o, həmin fotoşəkli bir neçə muzeyə, o cümlədən Naxçıvandakı Ədəbiyyat Muzeyinə də göndərmişdi.
1960-cı ildə ilk dəfə Azərbaycanın xalq yazıçısı adına layiq görülən. Süleyman Rəhimova 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verildi. Süleyman müəllim hər dəfə “Qızıl Ulduz”a sevinclə baxırdı.
Yazıçılara böyük qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev Moskvadan görkəmli həkimləri, professorları Azərbaycana dəvət edirdi ki, xəstə yatan qələm sahiblərini müalicə etsinlər. Süleyman müəllim 1977-ci ilin iyununda Mərkəzi Komitənin xəstəxanasında müalicə olunurdu. Özünəməxsus zarafatla dedi ki, həkimim də naxçıvanlı Qədimovlardan birinin qızı, məşhur rejissor Həsən Seyidbəylinin həyat yoldaşıdır. Elə həmin gün ümummilli liderimiz Heydər Əliyev yazıçıya zəng etdi. Xeyli danışdılar.
Çox qəribədir, 1987-ci ildə Vəzirov bir iclasın stenoqrammasını mətbuatda çap etdirmişdi. Həmin yazını “Literaturnaya qazeta” (Moskva) dərc etmişdi. O iclasda Süleyman Rəhimovun dediyi bir cümləni çox çevirirdilər. Yazıçı həmin iclasda demişdi: “Heydər Əliyevi Allah bizə bəxş edib!”.
Buna görə Süleyman Rəhimovun 37-ci ilə aid işlərini yoxlayırdılar ki, ona ləkə yaxsınlar. Amma arxivlərdə onun kimsəyə yamanlıq etməsi haqda heç nə tapa bilmirdilər. Bu vaxtlar çox təəssüflənirdim ki, Süleyman Rəhimov sağ deyil. O, Vəzirovun dərsini verərdi. Mən ondakı cürətə yaxşı bələd idim.
Süleyman Rəhimovu görkəmli dövlət xadimləri Əziz Əliyevlə və Həsən Əliyevlə qırılmaz dostluq telləri bağlayırdı. Oğlunun ölümündən sonra dərin kədər içində yazıb-yaradan yazıçı nakam övladı Şamonun məzarı üstündə gözəl bir abidə qoydurmuşdu. Memar və heykəltəraş Ömər Eldarovun yaratdığı abidə, elə bil ki, canlı idi.
Süleyman Rəhimov xalq yaradıcılığından, əsatirlərdən bəhrələnsə də, yaratdığı əsərlər reallıqla daha çox bağlıdır. Buna görə də yazıçının cəsarətinin və cürətinin paxıllığını çəkənlər tapılırdı. Amma bu qüvvələr Süleyman Rəhimovun dağ cürətinin önündə davam gətirə bilmirdilər. Çünki onun əsərlərindəki hadisələrin mayası real həyat idi. Yazıçının işlətdiyi ifadələr tutumlu və sərrast idi. Hər dəfə görüşüb ayrılarkən deyirdi ki, hökmən mənimlə son görüşə gələrsən.
Çox təəssüf ki, 1983-cü ilin sentyabrında Süleyman Rəhimovla vida gəlib çatdı. Mən də M.Maqomayev adına filarmoniyada yazıçının son görüşündə oldum. Böyük yazıçı Fəxri Xiyabanın girəcəyində torpağa tapşırıldı. Axşamçağı saat 17-də vida mərasimi başa çatdı. Mən inana bilmirdim ki, elə təkcə “Kəsilməyən kişnərti” əfsanəsi ilə müdriklik səlahiyyətini qazanan yazıçı ilə bir daha görüşməyəcəyəm. Ancaq əmin oldum ki, onun xeyirxahlığı, insanlığı, saflığı və azadlıq mübarizəsini öyrədən cild-cild əsərləri bütün yüzilliklərdə hər nəslin yaşıdı olacaq.
Musa QULİYEV, AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi




Bu yazı ( 494 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar