12px14px16px18px

Behbud ağa Şahtaxtinski haqqında bəzi qeydlər və yeni məlumatlar

Musa QULİYEV
01:07 / 14.10.2011
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 21 fevral tarixli sərəncamı dövlətimizin tariximizdə xüsusi yeri və böyük xidmətləri olan Şahtaxtinskilərə göstərdiyi qayğının bariz nümunəsidir. Həm də bu ilin oktyabr ayında beynəlxalq Qars müqaviləsinin 90 illiyi tamam olur. Bu beynəlxalq müqavilənin imzalanmasında, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana muxtariyyət statusunun verilməsində Behbud ağa Şahtaxtinskinin çox böyük rolu olmuşdur.
Behbud ağa Şahtaxtinskinin həyatı və fəaliyyəti haqqında hələ Sovet hakimiyyəti illərində məqalələr yazılmış və zahirən təqdir edilmişdir. Amma diqqətlə baxanda onun haqqında tədqiqat dərindən aparılmamışdır. Hətta o illərdə çap edilən akademik nəşrlərdə tərcümeyi-halı yazılarkən Qars müqaviləsinin adı belə xatırlanmamışdır.
Bizcə, belə bir bacarıqlı diplomatın həyatının bütün mərhələləri haqqında gənc nəsillərin bilməsi vacibdir. Yəni o, harada doğulub, valideynləri kim olub, necə təhsil alıb, birinci rus inqilabından əvvəl, eləcə də Birinci Dünya müharibəsində harada olub, hansı yolla Rusiyaya gedib, nə üçün həbs edilib və sair belə suallar oxucularımızı çox düşündürür. Çünki bu mətin diplomatın həyatının çox az mərhələləri tədqiqat əsərlərinə cəlb edilmişdir. Behbud ağanın mənsub olduğu Şahtaxtinskilər və onların nəsil şəcərəsi üzərində axtarışlarımızı və işimizi davam etdirdiyimizdən xeyli yeni arxiv sənədləri və fotoşəkillər də əldə etmişik. Bu haqda bir az sonra məlumat verəcəyik. Qeyd edək ki, Behbud ağanın atası Əli ağa (yaxud bəy) I İsa Sultanın oğul nəvəsidir. Əli ağanın atası Məmmədqulu Sultan öz dövrünün hərbçilərindən olmuşdur. O da öz doğmaları kimi, Şahtaxtıya qayıtmış və burada həmyerliləri ilə birlikdə ömür sürmüşdür.
1859-cu ildə çar hökumətinin apardığı kameral siyahıya əsasən, Şahtaxtinskilər haqqında komissiyanın belə bir qərarı vardır: “1859-cu ildə aparılan siyahıyaalmağa görə, onlar bəy kimi qeyd olunmuşlar. Komissiyanın üzvləri hamısı bir səslə hələ onların ulu babalarının da zadəgan olduğunu təsdiqləmişlər. Şahtaxtinskilərin Qazaxlar tayfasına mənsubluğunu və ulu babalarının Ağacir ağanın varisləri olduqlarını qeyd etmişlər. Bu nəsildən indiyədək heç kim bəylik hüququndan məhrum edilməmişdir”.
Axırda komissiyanın qərarı vardır: “İrsi bəylikləri təsdiq edilsin”. Mətləbə keçməzdən əvvəl deyək ki, “Qazaxlar” adına rast gələn yazarlar tələsib “Qazaxlar”ın Qazax rayonundan gəlmələrini yazmasınlar. Belə hallara təəssüf ki, bəzi kitablarda təsadüf olunur. Müxtəlif arxivlərdən tapdığımız sənədlər Qazaxlar tayfasının qədimlərdən Araz çayı vadisində yaşadığını bildirir. Bu haqda əvvəlki yazılarımızda ətraflı bəhs etmişik.
Aparılan araşdırmalar göstərir ki, Şahtaxtinskilər həm də Cümşüdlü tirəsinə mənsub olmuşlar. Daha doğrusu, bu haqda 1859-cu ilə aid sənəd də vardır. Cümşüdlü tirəsi isə Kəngərli tayfasının bir qoludur. Deməli, Şahtaxtinsilər də Naxçıvan Kəngərliləridir.
Behbud ağanın atası Əli ağanın da Şahtaxtında və digər ətraf kəndlərdə torpaq sahələri vardı. Deməli, o, elə də yoxsul ola bilməzdi. Sovet hökuməti qurulanda hamı yazırdı ki, mənim atam “yoxsul” olub. O cümlədən Behbud ağa da. Son vaxtlarda bir daha aparılan axtarışlar nəticəsində ortaya çıxmışdır ki, Əli ağanın Behbud ağa, Əhməd ağa, Məmməd ağa, Mustafa bəy adlı oğulları, Maral, Fatma, Mələk adlı qızları olmuşdur.
Oğlanlardan böyüyü Behbud ağadır (1881-ci il). Behbud ağanın yazılan bioqrafiyası məlum olduğundan, çalışacağıq ki, təkrarçılığa yol verməyək. Onun həyatının, fəaliyyətinin bəzi məqamlarından danışmaq və bu böyük şəxsiyyətin ailəsi haqqında tapılan yeni məlumatları oxucularımızla bölüşmək istəyirik.
Çox təəssüf ki, hələlik onun 1918-ci ilin dekabrına kimi təhsili və fəaliyyəti haqda geniş məlumata malik deyilik. Naxçıvanın ən çətin günlərində Behbud ağa Şahtaxtinski Şahtaxtı rayonunun (həmin illərin arxiv sənədlərində belə qeyd olunub) müdafiəsində yaxından iştirak edib. Qeyd edək ki, Birinci Dünya müharibəsində Naxçıvan, Culfa və Şahtaxtı, bir növ, Rusiyanın hərbi sursat anbarına çevrilmişdi. Mərhum tarixçi alim Əli Əliyev “Naxçıvanda Sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsi uğrunda mübarizə” kitabında yazır: “Qars, Sarıqamış əməliyyatı zamanı minlərlə qırılan soldat və hərbi sursat daşıyanlar arasında yüzlərlə Naxçıvan və Şərur-Dərələyəz qəzasının əhalisi var idi”.
Arabaların hamısı Şahtaxtı gömrüyündən yola salınırmış. Behbud ağanın Qaçqınlar Komitəsinə başçılıq etməsi təbiidir. Çünki Naxçıvanda bu komitə, əsasən, diyarın ən varlı mülkədarı İbrahim ağa Şahtaxtinskinin vəsaiti ilə İrəvan qaçqınlarına yardım edirdi. Ona məxsus sənədlərdə bu haqda maraqlı məlumatlara rast gəlinir.
Əli Əliyev monoqrafiyasında daha sonra yazır: “Naxçıvanda imperialist müharibəsinə qarşı aparılan təbliğat işinə Naxçıvan “Hümmət” qrupu rəhbərlik edirdi”. Deməli, Behbud ağa da bu qrupla birgə 1918-1920-ci illərdə də fəaliyyət göstərmişdir.Yazılan kitablarda Naxçıvan “Hümmət”çilərinin arasında adı çəkilməsə də, tapılan bir arxiv sənədində naxçıvanlı demokratların əsas ideyavericisinin Behbud ağa olması haqda məlumat diqqətimizi çəkdi. Yazının sonunda bu məsələyə qayıdacağıq.
Əli ağanın ikinci oğlu Əhməd ağa (Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədlərində bəy kimi qeyd edilib) 1882-ci ildə Şahtaxtı kəndində anadan olub. İsveçdə mühəndis təhsili alan Əhməd ağa 1937-ci ilədək Əzizbəyov neftdə baş mühəndis işləmiş və Suraxanıda yaşamışdır. 1937-ci ildə həbs edilmişdir. Arxiv sənədindən məlum olur ki, o, həbs ediləndə həyat yoldaşı Rübabənin 47, oğlanları Ənvərin 25, Mənsurun 23, Adilin 21, Təyyarın 9, qızı Bədirin isə 14 yaşı varmış.
Əhməd ağanın və oğlanlarının həyatı əzab-əziyyətlər içində keçmişdir: Həbslər, təqiblər və sürgünlər. Əli ağanın üçüncü oğlu Məmməd ağa (1886) Şahtaxtıda doğulsa da, öz ömrünü qürbətdə – Fransada yaşamalı oldu.
O, məşhur diplomat Aleksis Şahtaxtinskinin ata babasıdır. Məmməd ağanın və onun varisləri haqqında da əvvəllər yazmışıq.
Əli ağanın dördüncü oğlu Mustafa bəy haqqında hələlik ətraflı məlumat əldə etmək mümkün olmayıb. Onun fotoşəklini tapdıq. Mustafa bəyin oğul varisləri Şərurda və Bakıda yaşayırlar.
1987-ci ildə Məmməd ağanın oğlu Cahangir ağa (Jan) Bakıya gəlib və İslam Mustafa bəy oğlu Şahtaxtinskinin (Ağayevin) qonağı olub. Birlikdə şəkil çəkdiriblər. Cahangir ağaya həmin ildə Naxçıvana gəlməyə icazə verməyiblər. Onun oğlu Ələsgərə (Aleksisə) Naxçıvana və Şahtaxtına gəlmək qismət oldu. Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvanda sovet hökuməti qurulandan sonra bioqrafik məlumatlara görə, Behbud ağa yüksək vəzifələrdə çalışıb.
1922-ci ilin avqust ayında Bakıya qayıdan Behbud ağa Şahtaxtinski bir sıra məsul vəzifələrdə işləmişdir. Sonralar niyəsə Tiflisə getmiş və orada Ali Arbitraj Komissiyasında çalışmışdır. Sənədlərə əsasən, o, 1924-cü il may ayının 30-da guya ki, intihar etmişdir. Doğrudanmı, hər şey Behbud ağanın həyatında belə adicə baş verib qurtarıb gedib, yoxsa bütün bunlar uydurmalardır?
Bu günlərdə baxdığımız bir arxiv sənədi bütün bunların uydurma olduğunu ortalığa çıxarır. Yerindəcə qeyd edək ki, onun Tiflisdə olan arxiv sənədləri öyrənilib araşdırılmadığından çoxlu məsələlər bu gün də açılmamış qalır. Gürcüstan Milli Arxivində “Zaqafqaziya Seymi”nin sənədləri xüsusi fondda saxlanılır və çox zəngindir. Həmişə vaxt azlığından həmin fondda axtarış apara bilməmişəm. Amma hiss etmişəm ki, orada bizim naxçıvanlılarla, o cümlədən Behbud ağa haqqında öyrənilməmiş səhifələr vardır. Qayıdaq mətləb üstünə.
Orijinalı Gürcüstanın keçmiş Partiya arxivində saxlanılan bir naxçıvanlının “xatirələri” yazılmış işin surəti Bakıda Siyasi Sənədlər Arxivinə verilib. Xatirələr 1929-cu ildə yazılıb. Obyektiv səbəbə görə müəllifin adını yazmırıq. Bu xatirə əslində Hamo Nazaretyana (yəqin ki, Tiflisdə yüksək vəzifə sahibi imiş) verilən dəqiq məlumatdır. Xatirənin adı belədir: “Naxçıvan ölkəsində gizli partiya işinin yaranması tarixindən” (rus dilindədir). Qeyd edək ki, xatirənin müəllifinin adı sovet dövründə “Azərbaycan tarixi” kitablarında çəkilib: mətin bolşevik kimi. 1905-ci ildə Naxçıvanda “Hümmət” partiyasının yaranması və gizli fəaliyyəti haqqında yazan müəllif hər bir işin Tiflisdəki Avlabardan (erməni məhəlləsindən) idarə olunduğunu göstərir. Hətta Tiflisdəki terror dəstəsinin başçısını da qeyd edir: Əşrəf Yüzbaşov (Yüzbaşyan). Yəqin ki, teatrşünaslar bu ada tez-tez teatr tamaşalarının müzakirəsinə aid sənədlərdə rast gəliblər. Amma onun terrorçu olduğunu heç ağıllarına da gətirməyiblər. Naxçıvanın 1920-ci ildən say-seçmə oğullarına divan tutan Əşrəf Yüzbaşov haqqında müəllif yazır: “...Ckrılsə tovarih Aşraf Özbaşev s druqimi terroristami i blaqodarə ix pomohi t.t. ne popali v ruku naxiçevanskoy poliüii” (yoldaş Əşrəf Yüzbaşov başqa terorçularla gizləndi və xoşbəxtlikdən Naxçıvan polisinin əlinə düşmədi).
Deməli, daşnak terror qrupunun başçısının və onun dəstəsinin Naxçıvanda olmasını yazan müəllif, nəhayət, əsl mətləbə keçir: Behbud ağa Şahtaxtinskidən yazır.
Öz xatirəsinin (bu, xatirədən çox qərəzli donosdur) 4 səhifəsini Behbud ağaya həsr edib. Kəskin nifrətlə yazılıb. Burada hər şey bir cümlədə ortalığa çıxır: “...za çto i poplatilsə svoey jiznğö” (bu ona həyatı bahasına başa gəldi). Aşkar görünür ki, Behbud ağanı öldürüblər, o, Naxçıvanda və Tiflisdə meydan sulayan daşnak terrorçuların qurbanı olub. Qərəzli xatirə müəllifinin yazdığı 30000 manat qızıl pula görə yox, elə beynəlxalq Qars müqaviləsinə görə. Bizcə, tədqiqat işi çox dərindən aparılsa, bu, ehtimal yox, həqiqət kimi görünəcək. Çünki o müqavilə ermənilərin arzusunu ürəyində qoyub, özü də əbədilik. Onlar bunu heç cür Behbud ağaya bağışlaya bilmirdilər. Yəqin ki, Tiflisə də ona görə işə dəyişdirirlər ki, terrorçular onu asanlıqla öldürə bilsinlər. Burada bir məsələ haqqında da demək yerinə düşərdi. Onun ikinci dəfə ailə qurduğu Əhmədbəyova (diş həkimi) ilə nikahı da çox müəmmalıdır. Arxiv sənədlərində həmin illərdə çekist Əhmədbəyov familiyası tez-tez nəzərə çarpır. Bütün bunlar söyləməyə əsas verir ki, Behbud ağanın intiharı uydurulmuş və qərəzli bir oyundur. Yəqin ki, Behbud ağanın tədqiqatçıları bu haqda öz sözlərini deyəcəklər.
Faidə xanım Şahtaxtinskaya uzun illərdi ki, ulu əcdadlarına məxsus sənədləri və foto-şəkilləri toplayır. Onun verdiyi məlumata görə iyirmi il bundan əvvəl Əhməd ağanın qızı Bədir xanımın dediyinə görə Behbud ağa Şahtaxtinski birinci dəfə özünün yaxın qohumu Həmid ağa Şahtaxtinskinin bacısı ilə ailə qurmuş və bu nikahdan Mahmud, Əsgər adlı oğlanları, Səfiyyə, Şəfiqə adlı qızları olmuşdur. Mahmudun oğlu Faiq erkən dünyasını dəyişmiş, digər oğlu Ələkbər isə Odessada yaşamışdır. Qohumlarının dediyinə görə, varisləri Odessada, yaxud Kiyevdə yaşayırlar. Biz bu istiqamətdə axtarışlarımızı davam etdiririk.

Musa QULİYEV,
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi



Bu yazı ( 240 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar