12px14px16px18px

Çində möhtəşəm 10 gün

Hüseynbala MİRƏLƏMOV
02:03 / 25.01.2012
(Çin Xalq Respublikası barədə düşüncələr)


(Əvvəli ötən saylarımızda)

DÖRDÜNCÜ GÜN

Noyabın 11-ci günü daha bir maraqlı görüşlə yadda qaldı. Milli İnkişaf və İslahat Komitəsində mütəxəssislərlə söhbətdən sonra Yasaq şəhərə (Ququn imperator sarayına) ekskursiya etdik.

UNİKAL ABİDƏ ŞƏHƏR

Qeyd edim ki, orta əsrlər dövrünün ən nəhəng memarlıq abidəsi olan Ququn şəhəri hər gün saysız-hesabsız qonaq qəbul edir. Bura həm də dünyada ən iri yaxşı saxlanılmış saray ansamblı hesab edilir.
Qədimdə “Yasaq şəhər” adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başlamışdır və bu tikinti 14 il davam etmişdir. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Mənbələrdə bildirilir ki, qədim zamanlarda qapalı şəhər hər şeydən əvvəl Çin hökmdarlarının, onların arvadlarının və kənizlərinin yaşamasına, habelə mühüm dövlət mərasimlərinin keçirilməsinə xidmət edirmiş. Rəsmi saray mərasimləri: imperatorların toyları, imperatriçaların tacqoyma mərasimləri, dövlət imtahanları, yeni il, qışın başlanması günü burada keçirilir, imperatorun ad günü burada təntənə ilə bayram edilirdi.
Ququn – çox diqqətlə oxunmalı maraqlı bir kitabdır. Gələn qonaqlar saatlarla qalereyaları və saray zallarını dolaşır, onun memarlıq ahəngindən həzz alırlar. Ququn – orta əsrlər Çininin çox böyük incəsənət və sənətkarlıq əsərləri toplumudur. Mahir memarlar öz istedad və əməklərini sərf edib bütün bu nəhəng tikililəri planlaşdırmış və yaratmışlar. Divar qapıları və həyətlər çox gözəl ahəng təşkil edir. Ququnun pavilyonları möhtəşəmdir. Sarayın divar və damlarındakı bütün bəzək və dekorasiyalar öz zərifliyi və fikir dəqiqliyi ilə valeh edir, Ququnun memarlıq ahəngləri – sanki uvertüra, variasiya və çox gözəl finalı özündə birləşdirən vahid simfonik əsərdir. Ququn öz dəyəri ilə unikaldır. Ququnun kolleksiyasına əlvan keramikanın ən qədim nümunələri, nefrit məmulatları, gümüş məmulatlar, imperator Tsin Şixuan dövrü əsgər və atlarının qəbirüstü heykəlləri, xəttatlıq, əlyazma əsərləri, bambuk, ağac, fil sümüyü üzərində oymalar, həmçinin çini qablar, naxış tikmə, dəftərxana ləvazimatları və digər tətbiqi sənət məmulatları daxildir. Onlardan 10 minə qədəri dövlət əhəmiyyətlidir. Bu zərif kolleksiyalar qədim Çin incəsənətinə dərin heyranlıq doğurur. Ququnun nəhəng memarlıq abidələri və nadir sərvətləri Çinin parlaq mədəniyyətinin simvoluna çevrilmişdir.
Saray kompleksi həm də müxtəlif hədiyyələrin, nadir əşyaların saxlanması üçün dövlət xəzinəsi rolunu oynayırdı. Çin kommunistləri və generalissimuz Çan Kayşı arasında vətəndaş müharibəsi qurtarana yaxın sarayın 650 min qiymətli eksponatı Tayvana aparılmışdır və indi də Taybey saray muzeyində saxlanılır. Çində xalq hakimiyyəti dövründə Ququn muzeyinin itirilmiş sərvətləri şəxsi kollesiyaçıların əlinə keçmişdir. Yaxın 10-15 il müddətində Ququn muzeyinin sərvətinin 500 cilddə tam kataloqunun nəşri nəzərdə tutulur.
...Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz. Ququn – ağac memarlıq abidəsidir. Onun bir çox pavilyon və məbədləri yanğın nəticəsində dağılmış və onları yenidən tikmişdilər, ümumilikdə isə saray öz ilkin şəklini saxlamışdır. Hazırda burada 9000-dən artıq tikili vardır lakin tarixi yazılardan bəllidir ki, bu tikintiyə yüz min usta və milyonlarla fəhlə cəlb edilmişdir. Yalnız hüdudsuz ərazisi və həddən çox əhalisi olan qüdrətli imperiyada belə bir saray tikilə bilərdi. İri Qapalı şəhər iki əsas hissədən ibarətdir: xarici pavilyonlar və daxili iqamətgahlar. İmperiya sarayının planlaşdırılması dini tədbirlərin, siyasi və feodal rejimi əxlaqının tələblərinə bütünlüklə cavab verirdi. Bu nə vaxtsa həyatdan ayrılmış və bir neçə yüzillik mövcud olan bütöv bir dünya idi, varlı, təmtəraqlı və ciddi nizama salınmış bir dünya. Ququnun memarlıq konstruksiyası, ölçüləri, onun planlaşdırılmasının əzəməti və mükəmməlliyi – ən yüksək imperator hüququnun təzahürü və Çin memarlığının ənənəvi formalarının saxlanmasının əlamətləridir.
Qapalı şəhərin ərazisi imperator şəhəri adlandırılırdı. Qapalı şəhərin dörd tərəfdən simmetrik tikilmiş alaqapılar vardır.
Şəhərin cənubunda, daxili şəhərlə bilavasitə qonşuluqda şəhərin xarici hissəsi yerləşirdi. Şəhərin bu hissəsinin qədim planlaşdırılması bu günə qədər qorunmuşdur. Qapalı şəhərin ətrafında tarla ləkini xatırladan səliqəli məhəllələr yerləşir, küçələrin hər iki tərəfində dükanlar və yaşayış evləri vardır.

BEŞİNCİ GÜN

...Çin sivilizasiyasının qüdrət və qədimiliyinin ən başlıca simvolu mənim fikrimcə, məşhur Çin səddidir.
Noyabrin 12 –də nümayəndə heyətimiz Böyük Çin səddinə ekskursiya etdi.
Çinlilər bu səddə Vanli Çançen deyirlər.
Böyük Çin səddi ölkənin şimalında şərqdən qərbə doğru uzanır və sıldırım dağlardan, düzənliklərdən və səhralardan keçir.
Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır.
Bura dünyanın dördbir güşəsindən turistlərin gəldiyi və ən sevdikləri məkandir. Sədd paytaxt Pekindən 80 km uzaqlıqda yerləşir.Getdikcə yüksələn və pilləkənlərin köməyi ilə çıxılan dünyanın ən uzun və görkəmli qala divarında hər 200 metrdən bir gözətçi qalası inşa olunub.
Çin Səddinə tamaşa edən hər bir insan sanki qeyri-ixtiyarı bu yüksəklikdən uzaq keçmişə boylanır.
Qərinələrin soyuq rəqəmlərdə ifadə olunan hər mərhələsi zamanın aşrımlarından, insanların taleyindən soraq verir.
“Dağlara çıxmayan, uzaqları görə bilməz!” Bu bir çin məsələdir..
Dünyanın 7 möcüzəsindən biri sayılan Çin Səddi – insan əli ilə düzəldilmiş yeganə tikilidir ki, kosmosdan görünür. Çin dövlət mətbuatının məlumatına görə, Çin mədəni miraslar idarəsi ilə dövlət xəritəçəkmə bürosu iki il davam edən ortaq araşdırmaların nəticələrinə görə Böyük Çin Səddinin dəqiq uzunluğunu müəyyən ediblər. Bu rəqəm 8 min 851 kilometr və 800 metrə bərabərdir. Dünyanın ən böyük fortifikasiya qurğusu olan Böyük Çin Səddi 10 əyalətin 150 qəzasından keçir və onun yalnız 6260 kilometrlik hissəsi insanlar tərəfindən kərpicdən inşa edilib. Tarixi mənbələrdə bildirilir ki, Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər. Səddin tikintisi ayrı-ayrı hissələrə bölünmüşdü və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tikirdi. İmperator Çin-Şi-Xuandi tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırmışdı. Men-Tyan isə tikintini vaxtında, yəni on il müddətinə tikib başa çatdırmaq üçün 350 min əsgəri və yüz minlərlə mülki adamı işə cəlb etmişdi. Mülki adamların içərisində şəhərli ustalar, əkinçi kəndlilər və on minlərlə həbsxana məhkumları vardı.
Çin səddi fəlsəfi anlamda bir həqiqəti də təsdiq edir ki, qədimdən çinlilər təcavüzə nifrət edir, sülhü sevirlər.
2450 kilometrlik səddin tikintisi cəmi on ilə – e.ə.230-cu ildə başa çatdırıldı. Bu şərəfə imperator Çin-Şi-Xuandi Men-Tyanı böyük mükafatlarla təltif elədi. Amma imperator bilmədi ki, bu nəhəng səddi tikib qurtarana qədər qarda, şaxtada, səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdu. Məhz buna görə də həmin dövrdən Çində belə bir xalq misalı yaranıb. “Hər kərpicin sayı qədər insan udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır”. Bu deyimdə böyük həqiqət vardı. Çünki ölən adamlar Men-Tyanın əmri ilə qala divarlarına hörülürdü.
Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilmişdir. Lakin o, yeni eranın VI əsrindən başlayaraq qüdrətli türk imperiyalarının güclü ordularının önünü saxlaya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk imperatorları Bilgə Xaqan, Mete, Çingiz Xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yerimişdilər.
Min sülalə imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha Çin xalqını vahid məqsəd – Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxlamışdır.
Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrindən biri olmaqla, Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən qiymətli incisi hesab edilir.
1987-ci ildə BMT-nin dünya siyahısına alınmış Çin səddi YUNESKO tərəfindən mühafizə altındadır.
Mən Çin səddində xəyalən yaxın keçmişi xatırladım; 1993-cü ildə Çin Xalq Respublikasına ilk səfəri zamanı müdrik ağsaqqal, Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə buradan hazırlanan reportajı xatırladım. Nümayəndə heyətində mərhum şair Əhməd Elbrusun böyük Çin səddində oxuduğu, ulu öndərə ithaf etdiyi “Heydər marşı” şeirini Azərbaycan Dövlət Televiziyası vasitəsilə dinləyəndə o vaxt bir tamaşaçı kimi keçirdiyim hissləri təkrarən yaşadım...
Bəlkə o zaman dünyanın yeddi möcüzəsindən birini görəcəyimi heç düşünmürdüm də. Amma indi Çin səddinin yüksəkliyindən bir daha Ulu öndərimizin, dahi İNSANIN fəth etdiyi zirvəyə boylanıb həyəcanqarışıq sevinc və qürur hissi də keçirirdim... “Heydər marşı” qulaqlarımda bir daha möhtəşəm himn kimi səsləndi.
Nümayəndə heyətimizə təqdim olunan məşhur Çin səddi haqqında məlumat xarakterli foto-albomda bir atalar sözü diqqətimi cəlb etdi: “ Kim Böyük Çin divarlarına qalxmayıbsa, o, dəliqanlı deyil”

ALTINCI GÜN

Elə həmin gün ekskursiyadan qayıdan kimi Çinin ən iri sənaye və turizm mərkəzlərindən olan Dalyan şəhərinə səfər etdik. Bizi gətirən təyyarə şəhərə şənbə günü günorta vədəsi çatdı.
Dalyan şəhəri Çinin şimal-şərqində yerləşir. Yaponiyaya yaxın olan bu şəhərdə hazırda 8 milyon əhali yaşayır.
Bu gün Çin ictimaiyyəti, xüsusilə Dalyan şəhərinin sakinləri Azərbaycan Respublikasına böyük maraq göstərir.
Nümayəndə heyətimiz burada “Nikko” mehmanxanasında yerləşəndən sonra şəhərin rəhbərləri ilə görüş keçirdi.
Həmən gün şəhərin görməli yerlərində, İctimai İncəsənət Sarayında olduq. Xatırladım ki, 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Çin Xalq Respublikasıyla 1992-ci ilin aprelində diplomatik əlaqələr yarandı. 1992-2005-ci illər ərzində Azərbaycan-Çin arasında mədəni əlaqələrin müştərək əməkdaşlıq məqsədi ilə kinematoqrafiya, radio verilişləri və televiziya, turizm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər imzalanmışdır.
Müstəqilliyin ilk illərində Çinlə mədəni əlaqələrin demokratik prinsiplər əsasında yenidən qurulmasında 1994-cü ilin sentyabrında Ümumçin Xalq Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin dəvətilə “Azərbaycan dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinin Prezidenti Nəbi Xəzri başda olmaqla ziyalılardan ibarət bir qrup ÇXR-da səfərdə olmuş, ölkələr arasında dostluğun davam etdirilməsi məqsədi ilə mədəniyyət və turizm sahəsində əməkdaşlığın tezliklə bəyan edilməsi, qarşılıqlı surətdə mədəniyyət ongünlüklərinin keçirilməsi, mübadilə səfərlərinin təşkili haqqında razılıq əldə edildi.
(Ardı var)

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı





Bu yazı ( 203 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar